MDBMİ-nin rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının Fəxri doktoru adına layiq görülmüşdür

 

 

Aprelin 11-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, akademik Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının (ADA)    birinci Fəxri doktoru adına layiq görülmüşdür.

ADA-nın rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev demişdir: “Biz ADA ilə MDBMİ arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk. Ali məktəblərimiz arasında tələbə-müəllim mübadiləsinə dair əməkdaşlıq mövcuddur. Belə əməkdaşlıq  Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir”.

Bu günlər Bakıda MDBMİ məzunlarının I ümumdünya forumunun keçirildiyini bildirən H.Paşayev demişdir: “Hesab edirəm ki, birinci forumun keçirilməsi yeri kimi Bakı təsadüfən seçilməmişdir. Ona görə ki, MDBMİ-nin çoxlu sayda məşhur məzunları arasında məhz Azərbaycan Prezidenti İlham Əliyev xüsusi yer tutur. O, MDBMİ-nin dövlət başçısı olan yeganə məzunudur. Prezidentimiz bu institutda oxumuşdur. O, ömrünün təxminən 15 ilini bu ali məktəbə həsr etmişdir.

ADA-nın rektoru demişdir ki, bu gün həm də ona görə əlamətdardır ki, ADA-nın Elmi Şurasının qərarı ilə A.Torkunova  akademiyanın Fəxri doktoru adı verilmişdir. H.Paşayev bildirmişdir ki, A.Torkunov da MDBMİ-nin məzunudur. O, həmin ali məktəbin  beynəlxalq münasibətlər fakültəsini bitirmiş, müəllimlikdən MDBMİ-nin rektorunadək yüksəlmişdir. A.Torkunov siyasi elmlər doktoru,  çoxsaylı məqalə və kitabların müəllifidir. MDBMİ-nin rektorunun zəngin diplomatik  fəaliyyət təcrübəsi də vardır. O, SSRİ-nin KXDR və ABŞ-dakı diplomatik nümayəndəliklərində işləmişdir.

Sonra H.Paşayev ADA-nın Fəxri doktoru diplomunu Anatoli Torkunova təqdim etmişdir. A.Torkunov bu ada ADA Elmi Şurasının  qərarı ilə elmin və təhsilin inkişafında xidmətlərinə, Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə töhfəsinə görə layiq görülmüşdür.

MDBMİ-nin rektoru demişdir: “ADA-nın birinci fəxri doktoru şərəfinə layiq görülməyim məni çox mütəəssir etdi”. Belə bir universitetin yaradılmasının böyük nailiyyət olduğunu vurğulayan A.Torkunov demişdir: “Biz əməkdaşlıq haqqında Memorandum imzalayanda əvvəlcə tələbə-müəllim mübadiləsi səviyyəsində əməkdaşlıq aparmışıq. Lakin hazırda birgə tədris proqramları, ilk növbədə, magistr proqramları yaratmaq üçün hər cür şərait vardır.  Bu, magistrlərimizə həm ADA-nın, həm də MDBMİ-nin diplomlarını almaq imkanı verəcəkdir”.

MDBMİ-nin rektoru  ADA-nın tələbələri qarşısında “Böhrandan sonra dünyada beynəlxalq münasibətlər: Moskvadan baxış” mövzusunda  mühazirə ilə çıxış etmişdir. A.Torkunov Rusiya-Azərbaycan əlaqələrindən danışarkən vurğulamışdır ki, bu əlaqələr  möhkəm zəmin üzərində qurulmuşdur. Onun fikrincə, həmin münasibətlərin ən mühüm amili sabit humanitar əlaqələr, fəal iqtisadi əməkdaşlıqdır. O demişdir: “Rusiya ilə Azərbaycan öz mənafelərinə sadiqliyi qoruyub saxlayır, beynəlxalq məsələlərdə kompromis əldə etmək sahəsində qonşu ölkələrə nümunə göstərirlər”.

A.Torkunovun fikrincə, dünya böhranı bir sıra meyil və proseslərin  inkişafında müəyyən sərhəd rolunu oynamışdır. O demişdir: “Böhran zamanı  bir sıra ölkələr, o cümlədən  Rusiya, zənnimcə, Azərbaycan üçün ”təhlükəsizlik balışı" energetikadan gələn gəlirlər olmuşdur". MDBMİ-nin rektoru hazırda Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı fikirlərini də bölüşmüşdür.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında