Musa Əliyev haqqında ilk dəfə 100 illiyində (2008, fevral) yazmışdım. Bundan sonra AMEA-nın Rəyasət Heyətində akademikin 100 illiyinə həsr olunmuş elmi konfransda (2009, noyabr) məruzə ilə çıxış etdim. Doğrusu, Azərbaycan elm tarixində silinməz izlər qoyan, milli kadrların yetişdirilməsində danılmaz xidmətləri olan bir ziyalımızı yeni nəslə tanıtmağı, bir daha gündəmə gətirməyi qələm adamı kimi özümə borc bildim. Musa Əliyev haqqında yaşlı nəsil alimlər - ziyalılar böyük hörmət və məhəbbətlə söz açır, danışmaqla söz-söhbətləri qurtarmır. Akademik haqqında söhbət açarkən ani olaraq onların üz-gözlərinə dolan nur, xoş təbəssüm nəzərdən qaçmır. Amma nisbətən orta nəsil, xüsusən də gənc nəslin az məlumata malik olmaları yeni bir məqalənin yazılmasına məndə stimul yaratdı. Elm yolunun nə qədər ağır, nə qədər məsuliyyətli və zəhmət dolu bir həyat olduğunu bildiyimdən, mənəvi borc bilərək təqdim etdiyim bu yazının oxucuların marağını qazanacağına inanıram.
Musa Əliyevin xatirələrindən bir yarpaq: Mənim də anam şuşalıdır. Ailəmiz hər il yayı orada dincələrdi. 1918-ci ildə yenə Şuşada idik. O vaxt 9-10 yaşım olardı. Ermənilərin azğınlaşmış vaxtı idi. Onların törətdikləri vəhşiliklərin şahidi olmuşam. Çar ordusunun köməyi ilə güclü silahlanmış ermənilər silahsız azərbaycanlıları şəhərin təzə məhəlləsinə və cıdır düzünə sıxışdırmışdılar. Onlar olmazın vəhşiliklər edirdilər. Uşaqları, qadınları və yaşlı kişiləri kütləvi surətdə məhv edirdilər. Hətta yadımdadır, deyirdilər ki, qadınlarımıza işgəncə verdikdən sonra kürəklərinə qaynayan samovarları bağlayıb qaçmağa məcbur edirdilər. Vəziyyət çox acınacaqlı idi. Yadımdadır, anamın qohumlarından bir nəfər gəlib qadınları və uşaqları sakit etdi ki, ətraf rayonlardan böyük kömək gəlir. Bu vaxt silahlı gənc bir qız (o zaman onlarla qız erməni vəhşiliklərinə qarşı döyüşürdü) gəlib sevinə-sevinə dedi ki, ermənilər general Səməd bəy Mehmandarovun atlı dəstəsinin Əsgəran qalasına daxil olmasını eşidib şəhərdə nələri varsa atıb, kütləvi halda vahimə içində qaçırlar. Bir gün keçdikdən sonra mən general Səməd bəy Mehmandarovun öz atlıları ilə şəhərə daxil olduğunun şahidi olmuşam. Bütün bunları mən ona görə danışıram ki, siz gənclər həmişə ayıq olasınız. Onlar pis əməllərini həyata keçirməyə həmişə hazırdırlar. Burada - Moskva şəhərində mən onu həmişə hiss edirəm.
Soy-kökündən bəzi sətirlər: Musa Əliyevlə həyat yoldaşı Sona xanım əmioğlu-əmiqızı olublar. Musa Əliyevin atası Mirzə Mahmud və Sona xanımın atası Məmməd Tağı Əliyev doğma qardaş idilər. Məmməd Tağı Əliyev Sankt-Peterburqda yüksək ali təhsil alıb. Alman, fransız, ərəb, fars və rus dillərini gözəl bilən Məmməd Tağı Almaniyada, Finlandiyada yaşayıb. O, I Dövlət Dumasının deputatı olub. Duma dağıldıqdan sonra isə doğma Şamaxıya qayıdıb və şəhərin ictimai-siyasi həyatındakı fəallardan birinə çevrilib. Az keçməmiş daşnak ermənilər yenidən qırğın-qiyamətə başlayıb. Bu qırğınların bir ucu da Şamaxıdan başlamışdı. Daşnaklar qabaqlarına çıxan kəndləri, qəsəbələri yandırırdılar, evbəev hər kəsi qırıb-çatırdılar. Öz zəngin kitabxanasının gözünün qabağında yanıb kül olmasına dözməyən Məmməd Tağı da həmin hadisədə erməni quldurlar tərəfindən öldürülür.Bəli, həyat bəzən insanı usandırır. Təbii fəlakətdən baş götürüb Aşqabada yol alan ailə doğulduğu yurda dönərkən daşnak vəhşilikləri ilə üz-üzə qalır. Şamaxı zəlzələsindən sonra Aşqabada köç edən və gözəl bir şuşalı qızla ailə quran Mirzə Mahmud isə böyük ailə yükünə qatıldığından yüksək təhsil almaq imkanına malik olmayıb. Ticarətlə məşğul olub. Ermənilərin belə azğınlaşmış dövründə Aşqabadda yaşayan Mirzə Mahmud qardaşının ailəsinə sahib çıxır, onları da Aşqabada köçürüb aparır. İnqilabdan sonrakı illərdə iki qardaşın böyük ailəsinə sahiblik edən Mirzə Mahmud geriyə - Vətənə qayıdır. Bakıda məskunlaşırlar. Şamaxıdan Aşqabada, Aşqabaddan Bakıya dönən ailə artıq qaçqınlıq həyatından yorulur. Mirzə Mahmud çox mömin, dərin dünyagörüşlü, hörmətli, nüfuzu olan bir şəxs, həyat yoldaşı Nabat xanım çox gözəl bir Şuşa qızı olub.
Musa Mirzə oğlu Əliyev 1908-ci il aprel ayının 11-də Şamaxıda anadan olmuşdur. Valideynləri Şamaxı zəlzələsindən sonra Türkmənistana köçdüklərindən Musa Əliyev ilk təhsilini - Aşqabad şəhərindəki Nekrasov adına fizika-riyaziyyat təmayüllü orta məktəbdə alır, tələbəlik həyatına isə Bakıda qədəm qoyur.
Təhsil illərinin uğurlu nəticələri: İlk ali təhsilini Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dağ-mədən fakültəsində almışdır. Professor V.V.Boqaçov məktəbindən bəhrələnən Musa Əliyev ömrünün sonuna kimi elmi yaradıcılığını paleontologiya və stratiqrafiya elmləri ilə bağlayır. Məlumdur ki, geoloq kadrların professional hazırlanmasının əsası 20-ci illərin başlanğıcında Azərbaycan Politexnik, sonralar isə Azərbaycan Neft elmi-tədqiqat və layihə institutlarında qoyulmuşdur. 20-ci illərdə Azərbaycana dəvət olunmuş V.V.Boqaçov, S.A.Kovalevski, V.E.Livental və başqalarının rəhbərliyi altında ilk azərbaycanlı paleontoloqlar - Q.Ə.Əlizadə, M.M.Əliyev, D.Ə.Ağalarova, C.M.Xəlilov, C.İ.Cəfərov və b. paleontologiya elminə yiyələnərək ixtisaslaşırlar. Hələ tələbəlik illərindən pedaqoji fəaliyyətlə (1930-33-cü illərdə Balaxanıda Sənaye texnikumunda müxtəlif fənlərdən dərs deyirdi) məşğul olan M.Əliyevin ömrü boyu bu peşəyə sevgisi tükənmədi. Ali məktəbi bitirən il təhsil aldığı institutda dərs demək hüququ qazanan M.Əliyev cəmi 6 il sonra Sənaye İnstitutunun neft fakültəsinə dekan (1937), iki il sonra isə institutun direktoru vəzifəsinə (1939-41) təyin edilir. Həmin zaman o, 30 yaşını yenicə ötmüşdü. 1941-42-ci illərdə M. Əliyev iki il Moskva Neft İnstitutunda “Paleontologiya və tarixi geologiya” kafedrasında dosent vəzifəsində çalışır, eyni zamanda Moskvada SSRİ Neft Sənayesi Xalq Komissarlığı Tədris Müəssisələrinin Baş idarəsinə təyin olunur. Lakin 1943-cü ildə Bağırovun təkidli tələbi ilə Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətini davam etdirir. Elmi və ictimai fəaliyyətdə özünü erkən yaşlarında təsdiq edən M.Əliyev 40 yaşında Nazirlər Sovetinin sədr müavini və Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilir (1948-49), SSRİ Ali Sovetinin II çağırış deputatı seçilir, davamlı olaraq III və IV çağırışlarda da seçilir.
Azərbaycan Milli Elmlər Akademiyasının III prezidenti: 42 yaşlı akademik Musa Əliyev AMEA-nın prezidenti vəzifəsinə iki dəfə - 1950 - 1958-ci illərdə seçilmişdir. O, bu vəzifəyə gəlincə, təbii ki, xeyli gərgin, zəhmət dolu bir həyat keçmişdir. Təhsil və elm yollarındakı uğurlarını yuxarıda sadaladıqca onun arxasında dayanan çətinlikləri dilə gətirməməyimiz heç də hər şeyə asanca nail olması demək deyil. Hər halda, tərcümeyi-halındakı acınacaqlı tale yolları çox mətləbləri anladır. Fitrətən fazillik elm qapılarının açarıdır, eləcə də gecəli-gündüzlü zəhmət məqsədə doğru mükəmməl və etibarlı yoldur. M.Əliyev məhz belə bir yolun sarvanı olmuşdur. Onun ziyalılığı yüksək insani keyfiyyətləri ilə də diqqəti cəlb edir. Çalışdığı bütün vəzifələrdə sadə insanların arxadaşı olmaq sanki hobbisi olmuşdur. Taleyin onun üzünə açdığı qapıları arxasınca bağlamayaraq çox insanların uğruna səbəb olmuşdur. M.Əliyev haqqında düşüncələri oxuduqca, onun haqqında deyilənlərə qulaq asdıqca bunun gerçəkliyi ilə üzləşirik. İnstitut direktorluğu illərində olduğu kimi, Akademiyanın prezidentliyi zamanında da gəncliyə, gənc kadrlara qayğısı, diqqəti daim nəzərində olmuşdur.
Əlcəzair kəşfləri. Musa Əliyevin tədqiqat dairəsi Zaqafqaziyadan başlayaraq Qərbi Sibir, Volqa - Ural və Orta Asiyanın neftli-qazlı sahələrini əhatə edirdi. Bunların içərisində Əlcəzair ölkəsindəki kompleks tədqiqatları həyatında xüsusi iz buraxmışdır. 1969-71-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik etmək akademik M. Əliyevə nəsib olur. İşlərinin yekunu olaraq akademik elmi heyəti ilə birgə hazırladıqları ikicildlik “Əlcəzair Saxarasının geologiyası və neftqazlılığı” və “Əlcəzair Atlaslarının geologiyası və neftqazlılığı” adlı monoqrafiyaları 4 dildə (fransız, rus, ingilis və ərəb) nəşr etdirdi. İşinin öhdəsindən layiqincə gələn akademik nəticədə ən yüksək mükafata (“Fəxri neftçi”) layiq görüldü.
Kitabları, əsərləri. Akademik M.Əliyev təkcə Azərbaycanda, keçmiş SSRİ məkanında yox, bir çox xarici ölkələrdə də tanınır, əsərlərinə ciddi yanaşırdılar. Dəfələrlə Meksika, Danimarka, Hindistan, Misir, Livan və b. ölkələrdə keçirilən beynəlxalq elmi simpozium və konfranslarda məruzələri maraqla dinlənilmişdir. Elmi əsərləri Mexikoda, İskəndəriyyədə, Beyrutda, Qahirədə, Dehlidə çap olunmuş və onun şöhrətli həyatına işıq salmışdı. M.Əliyevin yüksək elmli alim olması əsərlərinin sübutudur. İlk əsərini 1939-cu ildə dərc etdirən müəllif ömrünün axır vaxtlarına qədər çap olunmuşdur. Hətta vəfatından sonra iki fundamental əsəri Moskvanın “Nauka” nəşriyyatında nəşr olunmuşdur. Ümumiyyətlə, akademik 350-yə qədər elmi əsərin müəllifi, 50-yə qədər gənc alimə elmi rəhbər və ya məsləhətçi olmuşdur, haqqında müxtəlif mətbuat orqanlarında sanballı məqalələr dərc edilmişdir.
Təltifləri. M.Əliyev SSRİ dövlətinin ən yüksək mükafatlarına layiq görülmüşdür: “Qırmızı Əmək Bayrağı” (1940), “Lenin” (1945) və “Şərəf nişanı” (1955) ordenlərinə, “Əməkdə rəşadətinə görə” (1943), “Böyük Vətən müharibəsində (1941-1945) “Rəşadətli əməyə görə” və “Qafqazın müdafiəsinə görə” (1946), “Rəşadətli əməyə görə” (1970), “Böyük Vətən müharibəsi (1941-1945) qələbəsinin 30 illiyi” yubiley (1975) medallarına və “Fəxri neftçi” (1969) adına layiq görülmüşdür. Ən böyük təltifi isə ölkə ziyalılarının məhəbbəti, hörməti idi.
Ailə səadəti hər şeydən ucadadır. Musa Əliyev Sona xanımla 1930-cu ildə qurduğu ailə həyatının acılı-şirinli günlərini bölüşərək 55 il birgə yaşayıblar. Bağırov dövrünün istənilən ziyalının başı üzərində hər an asılan “Domokl qılıncı”nın M.Əliyevin də başı üstdə görünmək ehtimalı gündəmdən heç düşməyib. Hətta bu stresslərin nəticəsi idi ki, saçları bir gecənin içində ağappaq olmuşdu. Sibirin ölüm düşərgəsi olan “Solovki” yollarının tez-tez yada salınması təbii ki, insana mənəvi terrordan başqa bir şey deyildi. Bütün bu ağır günləri birgə bölüşən ailədə iki oğlan və bir qız dünyaya göz açmışdır. Rəna xanım Paşayeva: Atam hər şeyə öz zəhməti ilə nail olmuşdu. Odur ki, uşaqlarını sənət-peşə seçimində sərbəst buraxdı. Son dərəcə əliaçıq, xeyirxah, böyük ürək sahibi olan atamız həm də tələbkar idi. Biz - övladları onu çox sevmişik, onunla həmişə öyünmüşük, çalışmışıq ki, bütün həyatımız boyu onun adına layiq olaq. Nəvələri onun kim olduğunun dərkini gözəl anlayırlar.
Vaxtilə M. Əliyevdən dərs alan, qayğı görən, bir sözlə, Musa Əliyev məktəbindən keçərək akademikliyə qədər yüksələn dəyərli alimlərimizin ustadları haqqında dediklərini - xatirə yarpaqlarını vərəqləyək:
Akademik İsmayıl İbrahimov: İndiki Azərbaycan Neft Akademiyası 1920-ci ildə yaranandan 1934-cü ilədək direktor sifəti ilə başqa millətin nümayəndələri rəhbərlik etmişdilər. İnstitut yarandıqdan 14 il sonra birinci dəfə ona azərbaycanlı alim Məmməd İsmayıl Axundzadə direktor təyin olunur. Lakin cəmi il sonra repressiya qurbanı olan M.İ.Axundzadənin yerinə Moskvadakı Mərkəzi Təşkilatlar Moskvada texnikum direktoru vəzifəsində çalışan erməni Arşavir Arababovu göndərirlər. Bu isə o demək idi ki, milli kadrların yetişdirilməsi üçün tam mənada sədd çəkilir. 1939-cu ildə yeni rəhbər - Musa Əliyev rektor təyin ediləndə artıq məsələlər əksinə inkişaf yoluna keçir. Milli kadrların yetişdiriliməsi üçün ciddi işlərə başlanır. İlk əvvəl, institutun 20 illik yubileyi ərəfəsində işçilərin cəmi 20-30 faizini təşkil edən azərbaycanlıların əksəriyyəti orden və medallara təqdim olunur. Bu isə institut üzrə 70 faiz demək idi. Bəli, işlədiyi qısa müddətdə neft sənayesi üzrə milli kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasında atılan ilk addımlar məhz Musa Əliyevin adı ilə bağlıdır. Akademiya prezidentliyi dövründə imkanlarından istifadə edərək nəhəng “Akademiya şəhərciyi”nin tikilməsində xidmətləri misilsizdir.
Akademik Budaq Budaqov: Musa Əliyev zahirən nurani görkəmə malik idi. Onun daxili dünyası çox zəngin və şəxsi mədəniyyəti yüksək idi. Musa Mirzə oğlu ilə kim ünsiyyətdə olurdusa, ondan ayrılmaq istəmirdi. Sözübütöv, dediyini edən, verdiyi sözü inadla həyata keçirən bir şəxs idi. Musa Mirzə oğlu göründüyü kimi olan və olduğu kimi görünən alim idi. O, özünün yüksək təşkilati qabiliyyəti, uzaqgörənliyi və əvəzsiz qayğıkeşliyi ilə insanı valeh etməklə, çox asanlıqla qəlbinə daxil olurdu.
AMEA-nın prezident əvəzi, akademik Akif Əlizadə: Akademik Musa Əliyev həqiqətən elm sahəsində bir novator olmuşdur... Onun Azərbaycan elminin inkişafındakı ölçüyəgəlməz xidmətlərini sadalamaqla başa gəlməz. Azərbaycanda bütün elmlərin inkişafı tarixində akademik M.Əliyevin adının xüsusi yeri vardır - məhz onun istedadı və qayğısı sayəsində Azərbaycan Elmlər Akademiyasında fizika, kimya, riyaziyyat, astronomiya, iqtisadiyyat və s. fundamental elmlər planlı şəkildə inkişaf etməyə başladı. Böyük enerjiyə malik olan Musa müəllim alim kollektivlərini düzgün yönəltmək bacarığı ilə seçilib. M.Əliyev onunla birlikdə və yanında işləmiş alim-həmkarları və tələbələri arasında böyük nüfuza malik olub. Mən düşünürəm ki, bu sözlər M.Əliyevin həyatı və fəaliyyəti üçün səciyyəvidir: “Ustad, şagird yetişdir ki, sonralar öyrədən olsun”. Bəli, bu gün o, neçə-neçə elm adamının fəxrlə özünü “Musa Əliyev məktəbi”nin yetirməsi olduğunu dilə gətirməsinin səbəbkarıdır.
AMEA-nın müxbir üzvü Ə.V.Məmmədovun qeydlərindən: Əliyev Musa xeyirxah, vətənpərvər bir insan, nəhayət, dünyaşöhrətli bir geoloq - alim idi. Həyatımın ən ağır günündə, taleyimin həll olunduğu bir vaxtda mənə kömək əlini uzadıb, əslində məni elm aləminə gətirən də o olub.
Böyük insan və alim, görkəmli elm təşkilatçısı və dövlət xadimi akademik Musa Əliyevin AMEA-nın prezidenti olduğu illərdə yaradılan möhtəşəm elmi kadr potensialının təməli bu gün müstəqillik yoluna qədəm qoymuş Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdədir.
Almaz ÜLVİ,
filologiya elmləri doktoru,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.