M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva “RİA-Novosti” agentliyinə müsahibə vermişdir.
Nərgiz Paşayeva bir sıra dövlət və hökumət mükafatlarına, o cümlədən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına və rus incəsənətinin xaricdə təbliğinə böyük töhfəsinə görə Rusiyanın “Dostluq” ordeninə layiq görülmüşdür. Bu günlərdə ona Avropa Ticarət Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” Qızıl ordeni təqdim edilmişdir. MDU rəhbərliyinin fikrincə, Bakı filialı qısa müddətdə regionun ən yaxşı ali təhsil müəssisələrindən birinə çevrilmişdir.
Filialın fəaliyyət göstərdiyi illərdə Azərbaycana 1100-dən çox moskvalı müəllimin gəldiyini qeyd edən Nərgiz Paşayeva demişdir: “Əlbəttə, burada universitet həyatı ilə yanaşı, rusiyalı tərəfdaşlarımızın dostlar, ünsiyyət və maraqlardan ibarət öz çevrəsi formalaşır. Artıq Bakı onlar üçün təkcə peşə maraqları sahəsini təmsil etmir, bu şəhər onlar üçün getdikcə daha yaxın və doğma olur və onlar hər dəfə buraya gəlməyə can atırlar. Zənnimcə, MDU-nun Bakı filialı bəşəri münasibətlərin, elmlərarası, millətlərarası və əlbəttə, dövlətlərarası əlaqələrin inkişafı baxımından yüksək missiya yerinə yetirir. Bu istiqamətdə aparılan iş böyük maarifçilərin, ictimai xadimlərin, xalqın mütərəqqi qüvvələrinin hələ ötən əsrlərdə Azərbaycanda əsasını qoyduqları şanlı tarixi ənənələrin davamıdır və ali məktəbimizi məhz bu baxımdan qiymətləndirmək lazımdır”.
Azərbaycan regionun tolerant ölkəsi və inkişaf etmiş dövləti bu gün olmamışdır. Bu, həqiqətən uzun sürən tarixi prosesdir. Hələ XII əsrdə dahi Nizami Gəncəvi Azərbaycanda xalqlar dostluğunu, bütün irqlərdən olan insanların birliyini tərənnüm edirdi. Heç nə bünövrəsi və ənənələri olmadan birdən-birə baş vermir.
Nərgiz Paşayeva müasir Azərbaycanda rus dilinin rolundan danışarkən demişdir: “Rus dilinin əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, istənilən digər postsovet respublikası üçün aşkardır. Rus dilini təkcə ona görə bilmək vacib deyildir ki, bu dil uzun zaman kəsiyində tərkibində olduğumuz böyük dövlətin dilidir. Rus dilini bilmədən biz özümüzü bütövlükdə dünyanın tərəqqisi, elmin və təhsilin nailiyyətləri, habelə dünyanın ictimai həyatı və mədəniyyəti barədə hərtərəfli informasiya almaq imkanından məhrum edirik”.
Müsahibədə filialın fəaliyyətindən, ali məktəbdə tətbiq edilən yeniliklərdən söz açan rektor demişdir: “Hazırda ali məktəbdə 5 fakültə - riyaziyyat, filologiya, kimya, yeri gəlmişkən, respublikada yeganə olan psixologiya, habelə iqtisadiyyat fakültələri fəaliyyət göstərir. Universitetin potensialı, demək olar, hər il genişlənir. Son misal: bu yaxınlarda universitetimizdə olan MDU-nun iqtisadiyyat fakültəsinin dekanı iki qrup təşkil etmək üçün daxil olan tələbələrin sayını artıraraq 25 nəfərdən 50 nəfərə çatdırmağı təklif etmişdir. Artıq bu il biz iqtisadiyyat fakültəsində yerlərin sayını artırmağı planlaşdırırıq. Bu yaxınlarda müzakirə etdiyimiz daha bir yenilik dördillik tədrisin başa çatmasını və bakalavr diplomlarının alınmasını gözləmədən filialın bazasında iqtisadiyyat fakültəsinin ikiillik magistraturasını açmaqdır. Bu, onunla bağlıdır ki, universitetimizin hazırladığı ”iqtisadçı-menecer" ixtisasının peşə spektri kifayət qədər genişdir. Riyaziyyat üzrə bakalavr dərəcəsi olan, habelə başqa ali məktəblərin bazasında təhsil almış, müəyyən ixtisası olan, lakin öz təhsilini tamamlayıb MDU-nun diplomunu almaq istəyən tələbələr indi magistraturaya ərizə verə bilərlər. Hesab edirəm ki, bu, Azərbaycan sakinləri üçün böyük imkandır, çünki MDU-nun iqtisadiyyat fakültəsinin magistraturasının diplomu kifayət qədər sanballı və lazımlı kateqoriyadır".
Nərgiz Paşayeva “RİA-Novosti”yə müsahibəsində təkcə Azərbaycanın deyil, eləcə də Rusiyanın teatr mühitində tanınan, yaradıcısı və rəhbəri olduğu “ÜNS” Yaradıcılıq Səhnəsi, habelə qızı Aidə Mahmudovanın təsis etdiyi “YARAT!” Yaradıcılıq Məkanı barədə suallara da cavab vermişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.