Naxçıvanda uşaq musiqi məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş kitab giriş və iki fəsildən ibarətdir. Nəşrin redaktoru və rəyçisi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovdur. Monoqrafiyada Naxçıvan mədəniyyətinin yaranma tarixinin Gəmiqaya qayaüstü rəsmlərindən başladığı qeyd edilmiş, bu diyarın mədəniyyət və incəsənətinin tarixi “Kitabi-Dədə Qorqud” boylarında, folklor və muğam yaradıcılığında, aşıq və xalq dastanlarında, nənələrimizin toxuduğu xalçalarda,miniatür sənətində, memarlıq abidələrində, rəssamlarımızın tablolarında və digər tarixi sənət əsərlərində öz əksini tapmışdır. Müəllif göstərir ki, intibah dövründən başlayaraq Naxçıvanda yaşayıb yaradan mütəfəkkirlərin əksəriyyəti “Naxçıvani” təxəllüsü ilə fəaliyyət göstərmişlər. Onlardan-memarlar: Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsr), Əhməd İbn Əyyub əl-Hafiz Naxçıvani ( XIV əsr), görkəmli dövlət xadimi Cahan Pəhləvanın qızı, Qızıl Arslanın qardaşı qızı Cəlaliyyə Naxçıvani (XII əsrin sonu-XIII əsrin əvvəli); alim, filosof, dövlət xadimi Nəsrəddin Naxçıvani, Qutluqşah ibn Səncər ibn Abdullah əs-Sahibi ən-Naxçıvani (XIII əsr) və başqa görkəmli mütəfəkkirləri göstərmək olar.İntibah dövründə mədəniyyət sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri də muğam sənətinin Azərbaycanda və bir sıra başqa ölkələrdə inkişafı, zirvəyə ucalması və bu sənətin mükəmməl ustadlarının yetişməsi ilə bağlıdır. Söz yox ki, muğam sənətinin beşiyi sayılan Azərbaycanda və onun bölgələrində, o cümlədən Naxçıvanda muğam sənəti sürətlə inkişaf etmiş və xalq tərəfindən böyük hörmət, ehtiramla qarşılanaraq həvəslə öyrənilmişdir. Belə ki, 1146-cı ildə əmir Şəmsəddin Eldəgiz tərəfindən Atabəylər dövlətinin paytaxtının Naxçıvana köçürülməsi bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də güclü inkişafa səbəb olmuşdur.
“Naxçıvan musiqi mədəniyyəti haqqında” fəsildən aydın olur ki, Naxçıvanda aşıq sənəti öz inkişaf zirvəsinə XVIII əsrdə Ağ Aşığın (Allahverdi Qara Osmanoğlu) yaradıcılığı ilə yüksəlmişdir. Aşıq Alı kimi sənətkarın (Aşıq Ələsgərin ustadı) Ağ Aşıqdan uzun müddət dərs alması onun necə böyük ustad olmasından xəbər verir.Ağ Aşıqdan sonra Naxçıvanda və digər bölgələrdə onun çoxlu davamçıları fəaliyyət göstərmiş, aşıq sənətinin inkişafı yolunda davamlı iş aparmışlar. Naxçıvan aşıq məktəbi haqqında tam təsəvvür yaratmaq üçün Aşıq Nabat xanımın yaradıcılığını xüsusilə qeyd etmək lazımdır.
Yeni nəşrdə göstərilir ki, aşıq sənəti ilə yanaşı, Naxçıvanda xanəndəlik, instrumental ifaçılıq və digər musiqi sənətkarlarının fəaliyyəti musiqi mədəniyyətimizin tərəqqisinə müsbət təsir göstərmişdir. XVIII əsrdə Türkiyə sultanı IV Muradın sarayında çalğıçı kimi fəaliyyət göstərən Muradağa Naxçıvanlı, XIX əsrin birinci yarısında bir müddət Naxçıvanda yaşamış xanəndə Səttar, şairə Qonçabəyim, xanəndə Cəfər, qarmonçalan Səlminaz, kamança ifaçısı Firuz, XIX əsrin sonu və XX əsrin birinci yarısında fəaliyyət göstərən xanəndə və müğənnilərdən Mandi Mələk, Gülanoğlu, Məşədi Əsəd, Məşədi Həsən, Məşədi Əbil, Məşədi İsmayıl, Həsən-qulu, Sarı Heydər, İdris Nağıyev, Kərbəlayi Baxşəli və başqalarının yaradıcılığı xüsusilə qeyd olunmalıdır.
Kitabın “Məclis və cəmiyyətlərin Naxçıvan musiqi mədəniyyətinin inkişfında rolu” bölməsində oxuyuruq ki, XIX əsrin 30-40-cı illərində Naxçıvanda Ehsan xan Kəngərlinin qızı Qönçəbəyimin şərəfinə adlanan “Qönçeyi-ülfət”ədəbi məclisi ilə görkəmli ədiblər A.A. Bakıxanov, N. Barataşvili əlaqə saxlamış və onun ayrı-ayrı məşğələlərində iştirak etmişlər.Ordubadda “Əncümani-şüəra” məclisinin ətrafına dövrün qabaqcıl ziyalıları – Məmməd Səid Ordubadinin atası Fəqir Ordubadi, Məmməd Tağı Sidqi, Əhməd Ağa Şəmi, Aşıq Abbas Dəhri və başqaları toplaşaraq ədəbiyyat və incəsənətimizin inkişafında müstəsna rol oynamışlar.
1882-ci ildə Naxçıvanda “Ziyalılar Cəmiyyəti”, “Müsəlman İncəsənəti və Dram Cəmiyyəti” yaradılır. 1883-cü ilin may ayında naxçıvanlı ziyalılar, xüsusilə Eynalı bəy Sultanov və Cəlil Məmmədquluzadənin başçılığı ilə M. F. Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri tamaşaya qoyulmuş və bununla da Naxçıvan teatrının yaranma tarixi rəsmiləşdirilmişdir.
Görkəmli bəstəkar Zülfüqar Hacıbəyov 1911-1912 və 1917-ci illərdə Naxçıvanda Üzeyir Hacıbəyovun “ O olmasın, bu olsun”, “Ər və arvad”, müəllifi olduğu “ 50 yaşında cavan” əsərlərini hazırlayıb tamaşaya qoymuşdur. Z. Hacıbəyovun dirijorluğu ilə tamaşalar oynanılmış və bəstəkar “Evliykən subay” operettasını tamamlamışdır. Naxçıvanda yaşayıb çalışdığı müddət ərzində Z. Hacıbəyov öz yaradıcılığı ilə ətrafına instrumental ifaçıları toplayaraq teatrda ilk professional ifaçı qrupu yaratmışdır.
Kitabın “Naxçıvanda musiqi təhsili” bölməsindən məlum olur ki,1937-ci ildə Naxçıvanda musiqi məktəbinin yaradılması isə təhsilin və mədəniyyətimizin güclü inkişafına təkan verilmişdir. Müəllifin apardığı araşdırmalar və sənətə olan böyük məhəbbəti nəticəsində əldə etdiyi faktlardan göründüyü kimi, dahi bəstəkar Üzeyir Hacıbəyovun Naxçıvan musiqi məktəbinin açılmasında müstəsna xidmətləri olmuşdur.
Kitabın maraqlı məziyyətlərindən biri də Naxçıvan Musiqi Məktəbinə şagird qəbulu, şagird kontingentinin muxtar respublikanın rayonlar üzrə bölgüsü, məktəbə rəhbərlik edənlər, müəllim kollektivi, 1937-1938-ci tədris ilində məktəbə qəbul olunan şagirdlərin adlı siyahısı, ilk müdavimlər barədə verilən ətraflı məlumatlardır. Bu arxiv materialları, tarixi sənədlər və fotoşəkillər böyük maraq doğurur. Məktəbi bitirmiş şagirdlər və müəllimlər sırasında hazırda Azərbaycanda tanınmış bəstəkar, nəzəriyyəçi, musiqi müəllimi və ifaçıların adlarına rast gəlirik.
Kitab indiki və gələcək tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır. Dərs vəsaiti kimi musiqi məktəblərində və kolleclərdə musiqi ədəbiyyatı dərslərində istifadə edilə bilər.
Xor dirijoru, tarzən, Naxçıvan MR əməkdar incəsənət xadimi Rəfail Kərimovun ərsəyə gətirdiyi kitabı Azərbaycan musiqi mədəniyyəti tarixində dəyərli sənət əsərlərindən biri adlandırmaq olar.Qədim mədəniyyət tariximizin araşdırılmasında böyük yaradıcılıq zəhməti çəkmiş müəllifə gələcək tədqiqatlarında, incəsənətimizin və mədəniyyətimizin tarixinin araşdırılmasında yeni uğurlar arzulayırıq.
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.