“Jurnalistika və müasir dövrün qlobal problemləri” Yeni dərsliklər

 

 

 

Müasir dövrün qlobal problemləri - terror aktları, ekoloji fəlakətlər, sosial ədalətsizliklər, dinlərarası təfriqələr, işsizlik və  yoxsulluq qayğıları və başqa  kəskin problemlər hazırda dünya mediasının əsas mövzulardır. Təbii ki, qlobal media ictimai rəyin forumu olaraq planetar düşüncədə dünyanı narahat edən problemlərə adekvat reaksiyanın olub-olmadığını əks etdirir. Lakin bir çox super güclərin - böyük dövlətlərin və transmilli korporasiyaların  maraqlarının aşkar və gizli toqquşması bu taleyüklü problemlərin həllini xeyli çətinləşdirir.

 Azad və demokratik medianın qlobal problemlərin həllində rolu nədən ibarət ola bilər? Qlobal media bu proseslərə obyektiv, qərəzsiz yanaşa bilirmi? Çağdaş dünya jurnalistika elmini narahat edən bu və başqa məsələlər Bakı Dövlət Universitetinin baş müəllimi İlham Mazanlının “Bakı Universiteti” nəşriyyatında bu yaxınlarda nəfis şəkildə  nəşr olunmuş  “Jurnalistika və müasir dövrün qlobal problemləri” dərs vəsaitində geniş əks olunmuşdur. Kitabda qlobal problemlərin dünyanın aparıcı mətbu orqanlarında işıqlandırılmasının  nəzəri və praktiki aspektləri  sistemli şəkildə araşdırılmış, bir çox aktual məsələlərlə bağlı geniş elmi şərhlər verilmiş, dəyərli elmi mülahizə və müddəalar yer almışdır.

Kitab jurnalistika və “pablik rileyşnz” ixtisasları üzrə təhsil alan tələbələrə, qəzet və jurnal redaksiyalarında, elektron KİV-də işləyən jurnalistlərə, sahə mütəxəssislərinə, eyni zamanda korporativ və geniş oxucu qruplarına ünvanlanmışdır. Əsərdə qlobal problemlərin mahiyyəti, yaranma səbəbləri, neqativliyi, müasir vəziyyətləri, onların həlli yollarının araşdırılması ilə yanaşı, bu sahədə KİV-in vəzifələri və real praktikası araşdırılmışdır.

 Qeyd edək ki, İ.Mazanlı Azərbaycanda müasir jurnalistika elminin inkişafında və milli jurnalist kadrlarının yetişdirilməsində böyük əməyi olan görkəmli alim-pedaqoqlarımızdandır. O, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, bu nüfuzlu təhsil ocağını fərqlənmə diplomu ilə bitirdikdən bir müddət sonra təhsilini Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının kütləvi informasiya vasitələri üzrə aspiranturasında davam etdirmişdir. 1991-ci ildə Moskvada “Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Hazırda BDU-nun Beynəlxalq jurnalistika kafedrasının baş müəllimidir.

 İ.Mazanlı müasir jurnalistika nəzəriyyəsinin bir sıra aktual sahələrində, o cümlədən söz azadığı, informasiya hüququ və informasiya təhlükəsizliyi istiqamətində sanballı elmi tədqiqatları ilə həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda tanınaraq elmi ictimaiyyətin diqqət və rəğbətini qazanmışdır. Jurnalistika elminin  aktual problemləri ilə bağlı çoxlu kitab və monoqrafiyanın, yüzlərlə elmi-nəzəri məqalənin müəllifidir. Xüsusi vurğulamaq istəyirəm ki, müəllifin “Jurnalistika və müasir dövrün qlobal problemləri” kitabı elmi sanbalına görə alimin yaradıcılığının zirvəsi hesab oluna bilər.   Kitab müasir dövrün qlobal problemlərini əsasən əhatə edən on iki əsas mövzunu əhatə edir. Bu mövzular müasir dövrün qlobal problemlərinin təsnifatına və  səbəb-nəticə bağlılığına uyğun olaraq, üç şərti bölmədə təqdim olunur. Bunlar “Siyasi və iqtisadi sahədə dövlətlərin qarşılıqlı fəaliyyət problemləri”, “Cəmiyyət və təbiət arasında qarışılıqlı fəaliyyət problemləri” və “İnsanlar və cəmiyyət arasında qarşılıqlı əlaqə problemləri” adlı bölmələrdən ibarətdir.

Təqdirəlayiq haldır ki, zəngin pedaqoji təcrübəyə malik olan müəllif tələbələrin fənni dərindən mənimsəmələri üçün kitabın əlavələr bölməsində qlobal problemlərə aid terminlərin izahlı lüğətini, tələbələrə təkilf olunan sərbəst işlərin siyahısını və tematikasını, praktik  məşğələlər üçün çalışma və tapşırıqları, eləcə də BMT-nin “Minilliyin İnkişaf Bəyannaməsi” və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və başqa metodiki və hüququ sənədləri oxuculara təqdim edir.   Kitabın üstün cəhətlərindən biri də burada haqqında söz açılan problemlərin  Azərbaycanla az və ya çox dərəcədə bağlılığını əks etdirən çeşidli fakt materiallarından geniş istifadə edilməsidir. İ.Mazanlı həm klassik Azəbaycan mətbuatında, həm də müasir KİV-də beynəlxalq mövzuların işıqlandırılması ənənələrinə də toxunmuş, bu sahədə əldə olunan uğurlarla yanaşı, çətinlik və problemləri göstərmiş, öz tövsiyələrini vermişdir.

Kitabın birinci səhifəsindən son səhifəsinədək belə bir fikir qırmızı xətlə keçir ki, bəşəriyyəti narahat edən, böhran səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərinin həlli üçün bütün ölkələrin və xalqların, beynəlxalq təşkilatların öz qüvvələrini birləşdirmələri vacibdir. Gələcək jurnalistlərin qlobal problemlərin mahiyyəti, onların yaranma səbəbləri, həlli  yolları, bu işdə jurnalistikanın yeri, rolu, əhəmiyyəti ilə dərindən və hərtərəfli tanış olmaları, təbii ki, müstəsna əhəmiyyətə   malikdir.

 Bir fakta diqqət yetirmək istərdik. BDU-da son onillər ərzində həm milli, həm də dünya jurnalistikası elminin nəzəri və təcrübi problemlərinin araşdırılması istiqamətində sanballı elmi məqalələr,  dərs vəaitləri, dərsliklər, mübaliğəsiz olaraq bir çox fundamental elmi əsərlər yazılaraq ortaya qoyulmuşdur.  Lakin maddi və başqa çətinliklər üzündən bu əsərlərin böyük bir qismi rus, ingilis və başqa dillərə tərcümə edilərək yayılmamışdır. Düşünürəm ki, İ.Mazanlının sözügedən kitabının dünyanın bir neçə aparıcı dillərinə tərcümə edilməsi haqqında düşünmək lazımdır. Bir çox nüfuzlu mütəxəssislərin yekdil qənaəti belədir ki, bu kitab bütün məziyyətləri ilə beynəlxalq elmi arenaya çıxmağa tam layiqdir.

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin fikrincə, kafedranın baş müəllimi İ.Mazanlının haqqında söhbət açılan kitabı təkcə milli jurnalistika elminin inkişafında deyil, bütövlükdə, dünya jurnalistikasının nəzəri problemlərinin araşdırılması istiqamətində çox dəyərli əsərdir. Kafedranın başqa bir professoru Nəsir Əhmədli kitabın yüksək elmi məziyyətləri ilə bərabər, alimin yüksək pedaqoji və şəxsi keyfiyyətlərə malik olduğunu, tələbələrin sevimlisinə çevrildiyini xüsusi vurğuladı.

Sonda bir daha qeyd etmək istərdim ki, alim-pedaqoq İlham Mazanlının “Jurnalistika və müasir dövrün qlobal problemləri” dərs vəsaiti dünya jurnalistika elminin tədqiqi istiqamətində qiymətli bir töhfədir. Şübhə etmirəm ki, bu dəyərli nəşr milli jurnalist kadrların ən yüksək beynəlxalq standartlar səviyyəsində yetişdirilməsində əvəzsiz rol oynayacaq.

M.HACIXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında