Bakıda məktəblilərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadası (“İnepo-Euroasia”) qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, aprelin 6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən mükafatlandırma mərasimində müvafiq hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz ulu öndər Heydər Əliyevin ekologiyanın, ətraf mühitin mühafizəsinə daim böyük önəm verdiyini, dahi şəxsiyyətin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Beynəlxalq olimpiada barədə məlumat verən M.Kurnaz qeyd etmişdir ki, Azərbaycanın Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Euroasia” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 45 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan və s.) 500-dək məktəbli qatılmışdır.
Xarici ölkələrdən təqdim olunan layihələrdən 52-si, Azərbaycandan təqdim olunan layihələrdən isə 78-i seçilmişdir.
Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, ekoloji bilikləri inkişaf etdirməkdir.
İştirakçıların təqdim etdikləri layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmişdir.
Yekun nəticəyə əsasən, I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallara layiq görülmüşlər.
Sonra qaliblərə mükafatlar təqdim olunmuşdur.
Medalçılar arasında azərbaycanlı və türkiyəli məktəblilər çoxluq təşkil etmişlər.
Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulamış, ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmış, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır.
Nazir məktəblilərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının uğurla keçirildiyini söyləmiş, təşkilatçılara təşəkkürünü bildirmişdir.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun
ölkəsi ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərindən bəhs etmişdir. Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan səfir, eyni zamanda, beynəlxalq tədbir barədə fikirlərini bildirmişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərdiyini xatırlatmış, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışmışlar.
Təbiətin, ətraf mühitin mühafizəsinin əhəmiyyətini vurğulayan natiqlər Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu məsələlərə daim böyük diqqət və qayğı göstərdiklərini söyləmiş, eyni zamanda, olimpiadanın təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.