Bakıda məktəblilərin “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının açılış mərasimi olmuşdur

 

 

Aprelin 5-də Bakıda məktəblilərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının (“İnepo-Euroasia”) açılış mərasimi olmuşdur.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir.

AzərTAc xəbər verir ki, mərasim Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilmişdir. Azərbaycanın Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, İDEA kampaniyası, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Euroasia” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 45 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan, Tailand, Gürcüstan, Ukrayna, Türkmənistan, Rumıniyadan  500-dək məktəbli qatılmışdır. Xarici ölkələrdən təqdim olunan layihələrdən  52-si, Azərbaycandan təqdim olunan layihələrdən isə 78-i seçilmişdir.

Olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, şagirdlərdə ekoloji bilikləri inkişaf etdirməkdən, ekoloji məsələlər üzrə maarifləndirməni genişləndirməkdən ibarətdir.

Mərasimdə ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi yad olunmuş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Məktəblilərin “Ətraf mühitin mühafizəsi”  Beynəlxalq Layihə Olimpiadası Təşkilat Komitəsinin idarə heyəti Heydər Əliyev Fondunun vitse-prezidenti, beynəlxalq “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Baş əlaqələndiricisi, “Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq”- İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın müvafiq sahədə təşəbbüsünü və fəaliyyətini təqdirəlayiq hesab edərək onu “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir. 

Mükafat Leyla xanım Əliyevaya təqdim olunmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə “Planetimizin ekoloji müasirliyi” mövzusunda çıxış etmişdir.

 

Leyla xanım Əliyevanın çıxışı

- Əziz dostlar.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Sizi Azərbaycanda salamlamaqdan çox şadam!

Gərgin əməklərinə və dəyərli töhfələrinə görə “Ətraf mühitin mühafizəsi”  Beynəlxalq Layihə Olimpiadasının təşkilatçılarına təşəkkür etmək istəyirəm.

Bu tədbirin Avropa, Asiya və yaxın Şərqin kəsişmə nöqtəsi kimi strateji bir məkanda, o cümlədən zəngin təbii ehtiyatlara malik nadir bir ölkədə keçirilməsi xüsusilə təqdirəlayiqdir.

 Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə deyil, həm də Şərq müdrikliyini və Qərb inkişafını özündə birləşdirən zəngin tarixi və mədəniyyəti ilə tanınır.

Bu gün ölkəmiz bir sıra təşəbbüsləri həyata keçirməklə həm özünün ekoloji vəziyyətini yaxşılaşdırmış, həm də qonşu ölkələrə bu sahədə əlindən gələn köməyi əsirgəməmişdir.

Biz regionun lider ölkəsiyik və bizim ekoloji siyasətimiz birbaşa olaraq təbii ehtiyatların səmərəli istifadəsi, istehsalı və istehlakına yönəlmişdir.

Əziz dostlar, qısa bir müddət bundan əvvəl biz yeni əsrə sosial pərakəndəlik, zorakılığın artması, tarazlığın pozulması və istismarın güclənməsi kimi ciddi problemlərlə qədəm qoyduq.

Qəbul etmək istəmədiyimiz həqiqət göstərir ki, çoxlarımız bizdən sonrakı nəsilləri deyil, yalnız özümüz barədə düşünürük. Bəzən elə hərəkət edirik ki, sanki təbiətin bir hissəsi deyilik. Təbiətdə məskunlaşdığımızı və onun bir parçası olduğumuzu fikirləşməkdənsə, biz təbiətin mərkəzində oturub onu idarə etdiyimizi düşünürük.  Bu yanaşma ilə gələcəkdə qlobal faciələrin yaşanacağını demək o qədər də çətin deyildir.

Buna görə də bu gün gələcəklə bağlı mübarizəmiz məktəblərdə və ali təhsil müəssisələrində ekoloji təhsilin əsaslarına söykənməlidir. Ölkələrimizin gələcəyinin asılı olduğu gənclər indi daha savadlı, mədəni və peşəkardırlar.

Xanımlar və cənablar, 11 iqlim qurşağından 9-nun mövcud olduğu  Azərbaycan heyrətamiz təbiətə və zəngin bioçeşidliyə malik bir ölkədir. İnanırıq ki, indiki nəslin təbiəti gələcək nəsillər üçün qorumaq vaxtı gəlib çatmışdır.

Artıq iki ildir ki, biz İDEA (Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə  Beynəlxalq Dialoq) beynəlxalq ictimai maarifləndirmə kampaniyasını başlatmışıq.  Bu kampaniya həm ətraf mühitin mühafizəsi, həm də gənclər siyasəti sahələrində bir sıra işlər həyata keçirmişdir. Kampaniyamızın devizi olan “Qlobal ətraf mühitin tarazlığını yaratmaq üçün gənclərin qüvvəsinin səfərbər edilməsi” bizə səylərimizi gənclərə yönəltməyə və onları ətraf mühitə olan münasibəti dəyişməkdə əsas vasitə kimi görməyə imkan verir.

Ötən il İDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Resurs Mərkəzi açılmışdır. Bu mərkəz yaratmaq, qorumaq və maarifləndirmək istəyənlərin evinə çevrilmişdir. Biz İDEA Resurs Mərkəzinin innovasiya, rəhbərlik və fəal tədbirlər vasitəsilə yaratdığı fərqin şahidi olmuşuq. İlk dəfə olaraq İDEA Kampaniyası BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə ölkəmizin paytaxtında “Yaşıl həftə” təşkil etmişdir.

Kampaniyamızın yarandığı ilk gündən biz “Böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü - ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini müəyyən etmişik.

Təkcə Azərbaycanda deyil, bütün dünyada gənclər arasında dialoq, maarifləndirmə, liderlik və əməkdaşlığı gücləndirmək üçün dünyanın müxtəlif yerlərindən olan ətraf mühitin gənc müdafiəçiləri ilə əməkdaşlıq qurmuşuq. Məsələn, İDEA kampaniyası Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalamışdır. Bu da bizə Qafqaz bizonunu IDEA-nın nəsli tükənməkdə olan heyvanlar siyahısına əlavə etmək imkanı vermişdir. Hazırda Türkiyənin eyni adlı təşkilatı ilə belə bir sənəd imzalamaq üzərində iş aparılır.

Qeyd etmək istəyirəm ki, son 10 il ərzində ölkəmiz Qafqaz bəbirinin mühafizəsi istiqamətində xeyli iş görmüşdür. Regionun faunasının ən nadir növlərindən biri olan bu heyvan Azərbaycanın iki milli parkında görünmüşdür. Halbuki uzun illər onlar heç yerdə müşahidə edilməmişdir. Bu gün bu nadir və nəsli tükənməkdə olan bir heyvanın Azərbaycanda görünməsindən sonra bizim əsas vəzifəmiz bu və digər nadir canlıların müdafiəsini və təhlükəsiz yaşayışını təmin etməkdir.

Biz regionun, xüsusilə də Azərbaycanın ekoloji mühitinin qorunmasına yönələn maarifləndirmə layihələrində bir çox uğurlar qazanmışıq. Bizim “İDEA Yaşıl Azərbaycan Naminə” təhsil və təlim layihəsi ekoloji məsələlərdə maarifləndirməni artırmış və nəzəri və praktiki biliyi möhkəmləndirmişdir. Təlimatçılarımız Azərbaycanın 20-dən artıq şəhərində səkkiz min orta məktəb şagirdi arasında ətraf mühitə dost münasibətlə bağlı təlimlər keçmişdir. Fəxrlə deyə bilərəm ki, kampaniyamızın təşəbbüsü ilə növbəti tədris ilində ölkəmizin orta məktəblərində ətraf mühitlə bağlı dərslər kurrikuluma salınmışdır.

Bizim fəaliyyətimiz təkcə maarifləndirmə proqramları ilə məhdudlaşmır. Bu yaz bizim Litva, Rusiya, Böyük Britaniya, İtaliya və Qırğızıstandan olan tərəfdaşlarımız ölkələrinin paytaxtlarındakı parklarda quş yuvaları yerləşdirəcəklər. Bu layihə təbiətin qorunması və müdafiəsi naminə olan birliyi bir daha nümayiş etdirəcəkdir.

Əziz dostlar, biz hamıya aydın olan bir faktı - insanın hökmranlıq etdiyi bir planetdə yaşadığımızı qəbul etməliyik. Əhalinin sayının artması və təbii ehtiyatlardan istifadənin artımı Yer kürəsini geriyə dönməz bir şəkildə dəyişdirir. Kənd təsərrüfatı, balıqçılıq, sənaye, turizm və beynəlxalq ticarət vasitəsilə insanlar planetimizi təsəvvüredilməz bir şəkildə dəyişdirmişlər.

Təbii ehtiyatların dəyəri pul ilə ölçülə bildiyi halda, təmiz havanın, təbii landşaftın və pozulmamış ekoloji sistemin dəyəri heç bir pul vahidi ilə ölçülə bilməz. Onlar dəyərsizdirlər.

Mən gələcəklə bağlı ümidliyəm. Təbiət və onun mühafizəsi ilə bağlı biliklərə yiyələnən hazırkı nəsil gələcək nəsil üçün yarana biləcək təhlükələrin qarşısını almağa qadirdir.

Bu məsələdə hamımız əlimizdən gələni əsirgəməməliyik. Planetimizin təhlükəsizliyi, xoşbəxtliyi və gələcəyi Olimpiadada nümayiş etdirilən layihələrin icrasından asılıdır. Planetimizin bütün seqmentlərini - təmiz hava, içməli su, təhlükəsiz qida məhsulları və s. kimi subyektləri, bir sözlə övladlarımıza  ötürəcəyimiz dünyanı müdafiə etmək üçün qüvvələrimizi birləşdirməliyik.

Bütün iştirakçılara uğurlar arzu edirəm və onların gərgin fəaliyyətlərini dəstəklədiyimi bildirirəm.

Çox sağ olun.

* * *

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, artıq VII dəfədir ki, ölkəmizin paytaxtı “Ətraf Mühitin Mühafizəsi” Beynəlxalq  Layihə Olimpiadasına ev sahibliyi edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş builki olimpiada çərçivəsində müxtəlif ölkələrdən yüzlərlə məktəbli bir araya gələrək öz maraqlı layihələri ilə son zamanlar bütün bəşəriyyəti narahat edən və prioritet sahələrdən birinə çevrilən ətraf mühitin qorunmasına töhfələrini verir.

Qeyd olunmuşdur ki, son illər Azərbaycanda ətraf mühitin qorunması sahəsində yaxşı nəticələr əldə edilmişdir. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısı tərəfindən 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması bunun bariz nümunəsidir.

ARDNŞ-in ekologiya və ətraf mühitin qorunması sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən R.Abdullayev xatırlatmışdır ki, rəhbərlik etdiyi qurum bu sahədə uğurlarına görə müxtəlif mükafatlara layiq görülmüşdür.

R. Abdullayev diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” təşəbbüsünə birincilər sırasında qoşulan Dövlət Neft Şirkəti tərəfindən müasir inkişafın tələblərinə uyğun yeni nəslin formalaşdırılması, beynəlxalq səviyyəli mütəxəssislərin yetişdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hər il azərbaycanlı məktəblilər qurumun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalarda və bilik yarışmalarında iştirak edir, yüksək nəticələr qazanırlar. Ətraf mühitə diqqət və qayğı, yaşından asılı olmayaraq hər bir insanın həyat amalı olmalıdır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müasir dünyada və Azərbaycanda mövcud ekoloji problemlərdən, onların həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışmışdır. Ətraf mühitin qorunmasının vacibliyini vurğulayan nazir ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin bu sahəyə xüsusi önəm verdiyini xatırlatmışdır.

Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edən H. Bağırov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ekologiya və ətraf mühitin qorunması məsələsinə daim böyük əhəmiyyət verdiklərini vurğulamışdır.

Beynəlxalq Olimpiada barədə fikirlərini bildirən nazir, gənclərdə, məktəblilərdə ekoloji biliklərin inkişaf etdirilməsinin vacibliyini söyləmişdir.

Təhsil naziri Misir Mərdanov ulu öndər, müasir və müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışmış, dahi rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.  

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ekologiya və ətraf mühitin qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. 

“Ətraf mühitin mühafizəsi” Beynəlxalq Layihə Olimpiadasının hər il keçirildiyini qeyd edən nazir olimpiadada iştirak edən ölkələrin və məktəblilərin sayının ilbəil artdığını söyləmişdir. O, qeyd etmişdir ki, bu il keçirilən olimpiadada dünyanın 45 ölkəsindən 500-dək məktəbli iştirak edir. Olimpiadaya Azərbaycan məktəbliləri 78 layihə təqdim etmişlər.

Nazir olimpiadada azərbaycanlı şagirdlərin də uğur qazanacaqlarına əminliyini vurğulamışdır. 

M. Mərdanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanı təltif olunduğu mükafat münasibətilə təbrik etmişdir.

Nazir, eyni zamanda, beynəlxalq tədbirin təşkilatçılarına təşəkkürünü bildirmiş, iştirakçılara uğurlar arzulamışdır.

Sonra Heydər Əliyev adına İdman-Konsert Kompleksinin foyesində təşkil edilmiş sərgi ilə tanışlıq olmuşdur.

Olimpiadaya təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər aprelin 6-da keçiriləcək mərasimdə  mükafatlandırılacaqlar.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında