Moskvada MDBMİ məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumuna həsr edilmiş mətbuat konfransı olmuşdur

 

 

Aprelin 4-də İTAR-TASS-da Moskva  Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının aprelin 11-dən 13-dək Bakıda keçiriləcək I Ümumdünya Forumuna həsr edilmiş mətbuat konfransı olmuşdur. Mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDBMİ(U)-nin rektoru Anatoli Torkunov iştirak etmişlər.

A.Torkunov öz çıxışında forumun əsas ideyasından, onun məqsəd və vəzifələrindən danışmışdır. O demişdir: “Forumun əsas ideyası bundan ibarətdir ki, müxtəlif nəsilləri və müxtəlif ölkələri təmsil edən məzunlar bizim hamımızın təhsil aldığımız doğma ocağı, Moskvanı yad etmək, gənclik illərindən və əlbəttə, işlərdən, gələcəyə doğru necə birgə addımlamağımızdan danışmaq üçün toplaşsınlar. Forumumuzun şüarı da məhz belədir: ”Birlikdə gələcəyə doğru”.

MDBMİ-nin rektoru qeyd etmişdir ki, forum MDBMİ-ni bitirmiş dövlət qulluğu və biznes nümayəndələrini sıx birləşdirəcək, məzunların beynəlmiləl birliyi daxilində qarşılıqlı əlaqələri qaydaya salacaqdır. Forumda dəyərli istiqamətlərin əsası kimi təhsil, qlobal iqtisadiyyatda sabit inkişaf yolunda enerji və ekoloji ölçü məsələləri, habelə beynəlxalq problemlərin həllində vətəndaş təsisatlarının, ən əvvəl media birliyinin və biznesin rolu ilə əlaqədar məsələlər müzakirə olunacaqdır. Forumu iki ildən bir MDBMİ məzunları assosiasiyalarının olduğu müxtəlif ölkələrdə keçirmək ideyası irəli sürülmüşdür. Növbəti forumu Moskvada keçirmək və onu MDBMİ-nin 70 illik yubileyinə həsr etmək planlaşdırılır. A.Torkunov demişdir: “Bu ali məktəbi bitirənlər Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasının təklifinə çox fəal qoşulmuşlar. Forumda 25 ölkədən, o cümlədən Rusiya, Macarıstan, Çexiya, Bolqarıstan, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan və s. ölkələrdən nüfuzlu qrup iştirak edəcəkdir. Ümumiyyətlə, forumda 400 nəfərdən çox adam, həmçinin Azərbaycanda, eləcə də xaricdə yaşayıb çalışan azərbaycanlı məzunlar iştirak edəcəklər. Forum çərçivəsində işgüzar görüşlərdən əlavə, Bakı ilə tanışlıq nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, Bakıda baxmalı yerlər çoxdur”.

 

MDBMİ-nin rektoru Bakıda forum keçirilməsi təşəbbüsünə və onun təşkilinə görə Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasına,  şəxsən MDBMİ-nin Azərbaycan klubunun sədri Leyla Əliyevaya və   klubun sədrinin müavini Natiq Əliyevə minnətdarlığını bildirmişdir.         

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mətbuat konfransında demişdir: “Azərbaycan tərəfi çox məmnundur ki, assosiasiyalar Bakıda belə forum keçirmək təklifini qəbul etmişlər. Təkcə Rusiya üçün deyil, həmçinin Sovet İttifaqının tərkibində olmuş və hazırda suveren dövlətlər olan bütün ölkələr üçün xüsusi əhəmiyyət daşıyan MDBMİ kimi ali məktəbin məzunlarının görüşü mühüm hadisədir. Bu ali məktəbdə bir çox gənclərimiz təhsil alır. Mən hər il diplomların təqdim olunması mərasimində iştirak edirəm. Demək olar ki, hər il Azərbaycanın nümayəndələri MDBMİ-nin diplomlarını alırlar və mən buna çox sevinirəm. Çünki peşəkar diplomatlara, bu sahəni bilən və mütəxəssis olan insanlara tələbat çox böyükdür”. Səfir qeyd etmişdir ki, son vaxtlar Bakıda bir çox yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir. P.Bülbüloğlu demişdir: “Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-nin məzunudur və bu ali məktəbin müəllimi olmuşdur. Bu fakt ilk forumun Azərbaycanda keçirilməsinə xüsusi məna verir. Ölkəmizi bu ali məktəblə çoxillik mehriban münasibətlər birləşdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev MDBMİ-nin fəxri doktoru olmuşdur, Azərbaycan Prezidenti İlham Əliyev Universitetin fəxri professorudur”. Azərbaycan səfiri MDBMİ məzunlarının Bakıda keçiriləcək görüşünə uğurlar arzulamışdır.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında