“DEMOKRATİYA - dünyanın getdiyi yol”

 

İqtisadiyyat üzrə fəlsəfə doktoru Arzuman Muradlının bu başlıq altında nəşr edilmiş kitabında (“Elm və təhsil” nəşriyyatı, 2012) “insanları demokratiyaya cəlb edən nədir, o, hansı dəyərlərə malikdir?” sualı ətrafında düşüncələrə əsas yer verilmişdir.

Bununla yanaşı, kitabda dünyanın tarixi şəxsiyyətləri ilə bir sırada dayanan ulu öndərimiz Heydər Əliyevin dövlətçilik  fəlsəfəsi və xilaskarlıq missiyasından müəyyən məqamlar yer almışdır. Müəllif, eyni zamanda, Azərbaycanda demokratiyanın təşəkkülündə, formalaşmasında, inkişafında, ölkəmizdə sosial-iqtisadi tərəqqiyə nail olunmasında  ümummilli liderimizin fədakar xidmətlərini  qələmə almışdır.

A. Muradlı kitabda Heydər Əliyevin dövlətçilik, vətənpərvərlik fəlsəfəsinin təməl prinsiplərindən söhbət açır və qeyd edir ki, imperiya rejiminin qadağaları dahi rəhbərin  Vətən sevgisinin önündə nə qədər sədlər çəksə də, bu, onun gördüyü əzəmətli işlərdə özünü qabarıq büruzə verirdi.

Məşhur yazıçı-filosof Viktor Hüqo yazırdı ki, həqiqi dövlət xadimlərinin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə dövlətin xeyrinə dəyişə bilsin. Heydər Əliyev rəhbərlik etdiyi bütün işlərdə bunu ən doğru şəkildə bacarmış və həyata keçirmişdir.

Müəllifin qənaətincə, ulu öndərimizin avtobioqrafiyasının elə bir səhifəsi yoxdur ki, orada gördüyü işlərin sadəcə vəzifə borcu deyil, daha böyük amallar naminə atılan addımlar olduğunu dərk etməyəsən. Dahi şəxsiyyət Heydər Əliyev harada olur-olsun əzmkarlığı, rasional düşüncəsi, soyuq məntiqi və polad iradəsi sayəsində illər uzunu gizli saxladığı arzularına doğru yol açırdı. “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında - iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikirdim. Moskvada məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır. Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Ulu öndərin artıq müstəqillik dönəmində dilə gətirdiyi bu etiraflar heç də bütün sovet rəhbərləri üçün anlaşılmayan sirr deyildi. Sadəcə onun, artıq bir ölkəyə sığmayan nüfuzu qarşısında çoxları susmağı üstün tuturdular. Haqlı olaraq filosoflar belə şəxsiyyətlər haqqında danışarkən deyirlər ki, “böyük xarakterə malik belə insanlar öz əməlləri, fəaliyyətlərilə böyük məqsədlərə çatır, obyektiv tələblərə uyğun, ağıllı şəkildə əsaslandırılmış və sosial əhəmiyyətli idealları əldə edir və başqaları üçün mayaka çevrilirlər”.

Bu siyasət nəhənginin ən ali məqsədi, böyük amalı, heç şübhəsiz müstəqil, azad və demokratik Azərbaycan qurmaq olmuşdur. Məhz bu məqsəd bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlər etməyə və son nəticədə qalib gəlməyə məcbur etmişdir.

A. Muradlı yazır ki, Heydər Əliyev şəxsiyyətini və siyasi fəaliyyətini, xarakterini bu gün dövlət atributu, simvol səviyyəsinə qaldıran, onu əbədi xalq sevgisinə çatdıran ulu öndərin vətənçilik təlimidir. Bu, onun mənalı həyat və fəaliyyətinin bütün mərhələlərində çox parlaq şəkildə nümayiş olunur. Onun siyasətçi kimi nüfuz dairəsi nə qədər artıbsa, Azərbaycan əmin-amanlıq və rifah içində yaşayıb. Bunu məkrli erməni ideoloqları da çox dürüst bilirdilər ki, yalnız bu böyük azərbaycanlını şərəfləndirdiyi vəzifədən salıb, sonra onun xalqına və Vətəninə faciə donu biçə bilərdilər.

“Demokratiya-dünyanın getdiyi yol” kitabında yuxarıda qeyd edilənlərlə yanaşı,  dünya demokratiya təcrübəsi, respublikamızda demokratik cəmiyyət quruculuğu prosesinin uğurları, ölkəmizdə iqtisadi inkişaf strategiyasının formalaşması və s. məsələlər iqtisadi təhlillərin əsas mövzusu olmuşdur.

A.Muradlının adı çəkilən kitabında verilmiş “Uğurların davamlı olması üçün bütün imkanlar, ən əsası möhkəm siyasi iradə var” məqaləsində “İnkişafın Azərbaycan modeli nədir?” sualına cavabı da diqqət çəkir. Müəllif yazır ki, inkişafın Azərbaycan modeli ölkənin kompleks və hərtərəfli inkişafı deməkdir. Yəni, biz, sadəcə, iqtisadiyyatı inkişaf etdirmirik, yaxud neft gəlirləri qarşısında özümüzü itirmirik. Azərbaycan neft gəlirlərinin verdiyi imkanlardan yararlanaraq iqtisadiyyatını inkişaf etdirir. İqtisadi inkişafa paralel olaraq insanların sosial rifahı yaxşılaşdırılır, təhsili inkişaf etdirməklə neft kapitalını “insan kapitalı”na çevirir, beləliklə, bu model insan inkişafına xidmət edir. Həmçinin iqtisadiyyatı inkişaf etdirməklə infrastruktur müasirləşdirilir, səhiyyəni inkişaf etdirməklə tibbi xidmətlərin səviyyəsi yüksəldilir, yeni idman qurğuları inşa etməklə insanların sağlam həyat tərzi təmin edilir...

“Demokratiya-dünyanın getdiyi yol” kitabında müəllif  regionların sosial-iqtisadi inkişafı ilə bağlı aparılan siyasətin  uğurlu nəticələrindən də söhbət açmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyev məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin müəllifi kimi çevik və operativ addımlar atmaqla insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Hazırda Azərbaycanda ümumi makroiqtisadi artım templəri əyani şəkildə istehsal müəssisələrinin rentabelli fəaliyyətini göstərir, eyni zamanda, insanların məşğulluğunun təmin olunduğunu şərtləndirir. Bu amillər isə son nəticədə işsizliyin səviyyəsinin aşağı düşdüyünü ifadə etmiş olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramının məzmunu birbaşa sosial xarakter daşıyır və sənədin məntiqi nəticəsi insan amilinə söykənir. Yəni, dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

Kitabda A. Muradlının toxunduğu məsələlərdən biri də xalqımızın başına gətirilən bəlalarla bağlıdır. Müəllif erməni vəhşiliyini, ermənilər tərəfindən törədilən soyqırımı dünyaya çatdırmağı vətəndaşlıq və insanlıq borcumuz sayır.

A.Muradlı Xocalı faciəsindən danışarkən vurğulayır ki, AXC-Müsavat iqtidarı dövründə dinc azərbaycanlıların Xocalı soyqırımına məruz qalması barədə çox danışılsa da, son nəticədə hər şeyin üstü örtüldü, faciənin günahkarlarının adlarının çəkilməsindən sükutla keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də azərbaycanlıların soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya A.Mütəllibovun rolundan heç də az deyildi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən-dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.

A.Muradlı yazır ki, erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan  Xocalı faciəsinə qiymət vermək yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında