“Heydər Əliyev və neft diplomatiyası” müsabiqəsinə start verildi

 

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı geniş tədbir keçirildi.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin də iştirak etdiyi  tədbiri giriş sözü ilə açan ADNA rektoru, akademik Siyavuş Qarayev qarşıdan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin gəldiyini, bu münasibətlə Neft Akademiyası, Sənaye və Energetika Nazirliyi və Diplomatiya Akademiyasının birgə müsabiqə təşkil etdiyini bildirdi. Rektor, eyni zamanda, nazir Natiq Əliyevin tərcümeyi-halı haqqında məlumat verərək qeyd etdi ki, O, Neft Akademiyasının məzunudur, ali təhslini başa vurduqdan sonra neft sənayesinin müxtəlif sahələrində çalışıb, dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb, 1993-cü ildən 2005-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində ulu öndərlə çiyin-çiyinə işləyib. 

Natiq Əliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunacağını bildirdi. Onun sözlərinə görə, artıq bu cür tədbirlərə başlanılıb. Azərbaycanda müasir diplomatik, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin qurulmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında, eləcə də ölkəmizin neft sənayesində neft amilindən məharətlə istifadə olunması nəticəsində iqtisadiyyatımızın inkişafında, beynəlxalq əlaqələrin, Avropa və dünya ölkələri ilə münasibətlərin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə əməkdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mümkün olub. Heydər Əliyevin beynəlxalq aləmdə apardığı bu siyasət nəticəsində müstəqil Azərbaycanın neft diplomatiyasının fəal mövqeyi formalaşıb. Bu mənada nazirliyin təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən müsabiqənin “Heydər Əliyev və neft diplomatiyası” adlandırılması da təsadüfi deyil.

Nazir Heydər Əliyevin neft diplomatiyasının mahiyyəti haqqında ətraflı məlumat verərək dedi ki, bu, 1993-cü ildə iqtisadiyyatı, sənayesi tamamilə dağılmış Azərbaycanın maraqlarının beyənlxalq aləmdə siyasi və iqtisadi cəhətdən qorunmasını təmin edən siyasət idi. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdarkən ölkə, demək olar ki, hərc-mərclik və anarxiya girdabına yuvarlanmış, iqtisadiyyat dağıdılmış, büdcə tamamilə boşaldılmışdı. Hərbi qruplaşmalar ölkədə özbaşınalıq edir, heç kəs heç kəsə tabe olmur, ermənilər ölkənin içərilərinə doğru irəliləyirdi. Rusiya ilə, keçmiş müttəfiq respublikalarla əlaqələr qırılmışdı. Azərbaycan, demək olar ki, siyasi, iqtisadi blokadada idi. Artıq Azərbaycanın gələcəyinə ümidlərini itirmiş ziyalılar ölkəni tərk edirdilər. Belə bir vaxtda 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş, SSRİ kimi nəhəng bir dövlətdə Nazirlər Soveti sədrinin birinci müavini olmuş, Siyasi Büronun üzvü kimi geniş siyasi fəaliyyət göstərmiş Heydər Əliyev kimi təcrübəli dövlət xadiminə ehtiyacı vardı.

Ulu öndər əvvəlcə ölkədə yaranmış böhran vəziyyətinin səbəblərini axtardı, mütəxəssislərlə məsləhətləşdi və doğru-düzgün çıxış yolu tapdı. Neft sənayesini inkişaf etdirmək, bu işə xarici şirkətləri cəlb etmək lazım idi. Eyni zamanda, xarici şirkətlər özlərinin texnologiyaları, istehsal avadanlıqları ilə gəlməli idilər. Çünki keçmişdəki avadanlıqlar müasir şəraitdə işə yaramırdı. Amma hələ siyasi, iqtisadi risklər qalmaqda idi. Hər qəpiyinin hesabını aparan xarici şirkətlər bu risklərə hazır idilərmi? Ölkədə qeyri-sabitlik vardı, müharibə davam edirdi, dövlət çevrilişinə cəhdlər olurdu. Neft müqaviləsi imzalandıqdan sonra bu risklər özünü göstərdi: sui-qəsd nəticəsində bir neçə dövlət adamı öldürüldü, mart hadisələri baş verdi, Heydər Əliyevə qarşı sui-qəsd cəhdləri oldu. Bununla belə, ulu öndərin qətiyyəti sayəsində ABŞ, Böyük Britaniya və Norveç şirkətləri cəlb edilməklə ilk müqavilə imzalandı. Sonradan Fransa, Türkiyə, Çin, Yaponiya və digər ölkələr də bu işə cəlb olundu. “Yadımdadır ki, Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteranı necə böyük qətiyyətlə inandırdı ki, Azərbaycan Avropa üçün çox gərəkli ölkədir və Fransa şirkətləri də bizim neft-qaz potensialımızın işlənməsində iştirak etməlidir”, - deyə Natiq Əliyev bildirdi.

Onun sözlərinə görə, Heydər Əliyev Rusiya ilə qırılmış əlaqələri də uğurla bərpa etdi, “LUKoyl” şirkəti yeni neft müqavilələrində iştirakçı oldu. Artıq Rusiya rəsmiləri yenidən Azərbaycana gəlib-getməyə, əlaqələri möhkəmləndirməyə başladılar. Bütün bunlar Heydər Əliyevin öz vətəni, öz xalqı qarşısında gördüyü çox böyük işlərin yalnız bir qismidir.

Sonra Natiq Əliyev təşkil edilən müsabiqənin şərtləri haqqında tələbələrə ətraflı məlumat verdi, onları müsabiqədə cəsarətlə iştirak etməyə çağırdı.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında