Bakıda “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir

 

 

Martın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, ulu öndərə həsr edilmiş guşənin önünə gül dəstələri düzmüşlər. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə və idmançılarımıza diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuşlar.

Tədbir akademiyanın akt zalında davam etdirilmişdir. Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən videokompozisiya nümayiş olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının, ali təhsil müəssisələrinin, İdman və Gənclər Nazirliyinin nümayəndələrinin, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbiri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev açmışdır. Rektor MTN-in keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etmişdir. Ağacan Əbiyev demişdir ki, bu gün müasir Azərbaycan gəncliyi müstəqil respublikamızın maraqlarının təmin edilməsinə, idmançılarımız isə beynəlxalq yarışlarda dövlətimizin bayrağının daim uca tutulmasına, himninin səsləndirilməsinə nail olmalıdırlar. Gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasından asılı olmayaraq müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar. 

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor qarşıdan gələn peşə bayramı münasibətilə MTN-in rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev çıxış edərək demişdir ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının milli təhsilimizdə öz yeri, mövqeyi vardır və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli tərəqqi yolunun ən vacib istiqamətlərindən birinə cavabdehdir.

Qeyd olunmuşdur ki, Azərbaycanda idmanın inkişafı da ümummilli liderin adı ilə bağlıdır. Fiziki və mənəvi sağlamlığı vəhdətdə götürən ulu öndər bədən tərbiyəsinin və idmanın inkişafını sağlam və intellektual nəsil yetişdirməyin vacib şərtlərindən hesab edirdi. İdmana qayğının dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi səyləri sonrakı illərdə bu sahənin tərəqqisinə nail olunması üçün möhkəm təməllərin yaradılması ilə nəticələndi. Xüsusilə 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmanda böyük uğurların qazanılmasına gətirib çıxardı. Hazırda inamla davam etdirilən bu kursun ürəkaçan nəticələri kifayət qədərdir. Bu gün ölkənin elə bir bölgəsi və iri şəhəri yoxdur ki, orada Olimpiya İdman Kompleksi fəaliyyət göstərməsin.

Nazir müavini Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını və Gənclər Fondunun yaradılmasını qeyd edərək  bunun ölkədə gənclərin bütün arzu və istəklərinə, qayğı və tələblərinə cavab verən ardıcıl dövlət siyasətinin həyata keçirilməsinin növbəti təsdiqi olduğunu vurğulamışdır.

Bildirilmişdir ki, strateji məqsədlərinə doğru inamla irəliləyən Azərbaycan regional siyasətin formalaşmasına təsir edən potensialını ildən-ilə möhkəmləndirir. Nüfuzlu beynəlxalq yarışlarda Azərbaycan Respublikasının bayrağının qaldırılması, dövlət himninin səsləndirilməsi hər birimizdə iftixar hissi doğurur. Son illər xüsusilə artan bu uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, öncül mövqe tutmasına şərait yaratmışdır. London Olimpiadasında Azərbaycanın 10 medalla dünya üzrə 30-cu yerə çıxması bunun əyani sübutudur. Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi etmək haqqını qazanması idman sahəsindəki uğurlarımızın beynəlxalq aləmdə bir daha təsdiqidir.

Gənclər ölkəmizin gələcəyinin, o cümlədən milli təhlükəsizliyinin perspektivinin təminatçısıdır, - deyən nazir müavini bildirmişdir ki, bu, böyük məsuliyyətdir. Siz  sabah milli maraqlarımızın bütün istiqamətlərdə etibarlı təmin olunmasında, milli təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirak edəcəksiniz. Milli təhlükəsizliyin təminatında iştirak etmək yalnız hər hansı dövlət strukturunda çalışaraq vəzifə tutmaq kimi başa düşülməməlidir. Milli təhlükəsizliyə töhfə ailədən və təhsil müəssisəsindən başlayır. Vətəndaşlıq məsuliyyətini dərk edərək müntəzəm çalışan gənc milli təhlükəsizliyə ən dəyərli töhfəsini vermiş olur. İntellektual səviyyə, yüksək dünyagörüş, xarici dil və müasir informasiya texnologiyalarını mənimsəmək hər bir gəncin bu gün akademiya auditoriyasında əldə edə biləcəyi ən mühüm keyfiyyətlərdir. Qeyd edim ki, bütün dövlət orqanlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində işə qəbulda da bunlar ən başlıca meyarlardır.

Sivil, qüdrətli dövlət qurmaq və onu inkişaf etdirmək üçün ilk növbədə sağlam ruha, hərtərəfli biliklərə malik vətənpərvər nəsillər yetişdirilməlidir. Çünki, bizim artan uğurlarımız, ölkənin sürətli inkişafı müsbət meyillərlə yanaşı, milli təhlükəsizliyimizə yeni təhdidlər də doğurmuşdur. Digər tərəfdən, Ermənistanın təcavüzkar ilhaqçılıq siyasəti milli təhlükəsizliyimiz üçün başlıca təhdid olaraq qalmaqdadır.

Nazir müavini son vaxtlar Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, erməni terrorunun ifşası sahəsində fəaliyyətdə uğurların əldə edildiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasının başlıca vəzifələrdən olduğunu bildirmişdir. Bu fəaliyyət, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olunması hansı sahədə çalışmasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə amalı və vəzifə borcudur.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışan nazir müavini bildirmişdir ki, ötən əsrin 50-60-cı illərində ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışması ilə bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi ilə xarakterizə edilən yeni dövr başlanmışdır. Bu orqanların müstəqil Azərbaycan Respublikasının maraqlarına xidmət edən bir struktur kimi yenidən formalaşması da bilavasitə ümummilli liderin adı ilə bağlıdır. 1993-cü ildən başlanan bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırkı dövrdə də uğurla davam edir. Müvafiq formalaşma və inkişaf prosesi nəticəsində hazırda Milli Təhlükəsizlik Nazirliyi - kəşfiyyat və əks-kəşfiyyat, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bir dövlət orqanı səviyyəsinə yüksəlmişdir.

Ötən il həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının suverenliyi və təhlükəsizliyinə qarşı casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən bir qrup şəxs ifşa olunmuşdur. Ölkəmizdə keçirilən “Eurovizion-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın bütün hüquq mühafizə orqanlarının xüsusi plan əsasında məqsədyönlü və əlaqəli şəkildə gördüyü tədbirlər bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısını alınmasına imkan vermişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan ticarəti, kiberterrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə hazırda milli təhlükəsizlik orqanlarının mühüm fəaliyyət istiqamətlərindəndir.

Son dövrlər dünyada cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarında vəziyyətin mürəkkəbliyini saxlaması, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, terrorçuluq, müxtəlif radikal meyllərlə üzləşmək təhlükəsi bizdən hərtərəfli diqqətli olmağı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa səfərbər etməlidir. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onlardan asılı olduğunu bir an belə unutmamalıdırlar. Yaddan çıxarmamalıyıq ki, inkişafımıza qısqanclıqla yanaşan, onun qarşısını almağa çalışan qüvvələr də vardır. Həm xaricdə, həm də daxildə olan belə qüvvələr gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq vətənpərvər gənclərimiz belə yad təsirlərdən uzaqdırlar. Onlar ölkənin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər. Əminik ki, gənclərimiz ulu öndərin zəngin irsini dərindən öyrənməklə, milli maraqlarımızın və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməklə onu əməli işə çevirəcəklər.

Tədbirdə çıxış edən Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi geniş quruculuq işləri xalqımızın firavanlığını təmin etmişdir. Cəmiyyətdə təhlükəsizlik orqanlarının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən A. Fərzəliyev, dövlətimizin başçısının rəhbərliyi ilə bu sahədə görülən işlər nəticəsində Azərbaycanın  dünyada ən sabit ölkələrdən olduğunu diqqətə çatdırmışdır.

Akademiyanın ictimai elmlər kafedrasının müdiri, dosent Fərhad Mehbalıyev və digər çıxışçılar milli təhlükəsizlik orqanlarının fəaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini, xalqımızın maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini, bütün vətənsevər azərbaycanlılar kimi Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında