Azərbaycanlı alim Aşqabadda beynəlxalq konfransda çıxış etmişdir

 

 

Türkmənistanın ev sahibliyi etdiyi Beynəlxalq şərqşünaslıq konfransı müxtəlif ölkələrdən 60-a yaxın tanınmış alimi mühüm bir problemin müzakirələrinə toplamışdı. Aşqabadda keçirilən elmi məclis “Əlyazmalar milli irsin öyrənilməsinin ilkin mənbəyi kimi” adlanırdı. Martın 13-14-də baş tutan müzakirələrdə bu qiymətli mənəvi sərvətin qorunması, araşdırılması və nəşr edilməsi məsələləri ətrafında geniş fikir mübadilələri aparılmışdır.

Bölmələri Türkmənistan Elmlər Akademiyasının Əlyazmaları, Tarix, Arxeologiya və Etnoqrafiya institutlarında davam edən beynəlxalq konfransın ilk plenar iclası Türkmənistan Dövlət Mədəniyyət İnstitutunun konfrans zalında olmuşdur. Konfransın açılış mərasimində Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov “Yaxın və Orta Şərq xalqlarının müqayisəli poetikasının yaradılmasında əlyazmaların rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Elmi məruzəsini təqdim etməzdən öncə azərbaycanlı alim beynəlxalq konfransa dünyanın 38 ölkəsindən gəlmiş tədqiqatçılara müraciət etmişdir. Bu qəbil elmi məclislərin mahiyyət etibarilə həm də vacib siyasi vəzifəni, birləşdiricilik vəzifəsini yerinə yetirdiyini xüsusi vurğulayan professor Rafael Hüseynov demişdir: “Gözəl Aşqabad - eşq şəhəri Aşqabad növbəti dəfə adına və mahiyyətinə uyğun olan məhəbbət missiyasını yerinə yetirir. Yenə dünyanın bir çox ölkəsinin təmsilçisi, elm, düşüncə adamları Türkmənistana sözün işığına toplaşıblar. Bu gün yenə söz körpüsü ilə burada dünyanın dörd qitəsi qovuşur. Parçalamaq, dağıtmaq, ayrı salmaq, körpüləri uçurmaq və yandırmaq həmişə daha asandır. Qurmaq, yaratmaq, yaxınlaşdırmaq, birləşdirmək həmişə daha çətindir, amma əlbəttə ki, daha şərəflidir. Bizim hamımızın əslində balaca olan bir evimiz var. Ortaq yuvamız - Yer kürəsi. Dörd bucağında yüz cür problem yaşanan, müharibələr, münaqişələr, fəlakətlər cərəyan edən, milyonlarla insanın sabaha narahat baxdığı bu dünyanı, müştərək evimizi daha gözəl, daha yaşamalı, daha ümidli, daha rahat, daha xoşbəxt etmək ən ali insanlıq vəzifəsidir. Aşqabadda işə başlayan bu konfrans bir elmi məclisdir, alimlərin toplanaraq elmin əbədi suallarına yeni cavablar axtarmasıdır. Lakin siyasətdən uzaq olan bu məclis həm də, ilk növbədə, böyük bir siyasətə xidmət edir. Humanist siyasətə! Xalqlarımızı, ölkələrimizi, dövlətlərimizi bir-birinə daha yaxın, daha mehriban etmək siyasətinə, əl-ələ, ürək-ürəyə olmaq, ortaq amallar uğrunda birgə çalışmaq siyasətinə. Bu konfransın elmi nəticələri bütün məruzələr dinlənəndən, müzakirələr yekunlaşandan sonra məlum olacaqdır. Lakin bu beynəlxalq elmi məclisin ali məqsədi, başlıca fəlsəfəsi hələ heç konfrans işinə başlamamışdan bəhrəsini vermişdir: biz bir yerdəyik, bizləri dostluq, qardaşlıq, əməkdaşlıq kimi nəcib niyyətlər bir yerə toplayıb. Biz hamımız bir-birimizə dünən olduğundan daha yaxınıq”.

Azərbaycanlı alimin çıxışı və onun vaxtilə, sovetlər dövründə Moskvada nəşr olunan “Yazılı Şərq mənbələri” seriyasının artıq müstəqil dövlətlərdə yaşayan tədqiqatçılar tərəfindən bərpa edilərək ortaq səylərlə davam etdirilməsi təklifi maraqla qarşılanmış, təqdir edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında