Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pirşağıda yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında, Nəsimi rayonunda 268 nömrəli xüsusi məktəbdə Novruz şənliyində iştirak etmişdir

 

 

 

 

Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində fondun təşəbbüsü ilə yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.

Məktəblə tanışlıq zamanı bildirilmişdir ki, təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan olunduğu Azərbaycanda bu prosesə Heydər Əliyev Fondu xüsusi dəstək verir. Bu sahədə Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrası uğurla davam edir. Layihənin həyata keçirilməsinin ən vacib məqamlarından biri onun paytaxtla yanaşı, regionlarda icra  edilməsidir. Heydər Əliyev Fondunun bu layihəsi təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə, tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Təsadüfi deyildir ki, fondun təşəbbüsü ilə ölkədə inşa olunan və yenidən qurulan məktəblərin sayı artıq yüzlərlədir. Hazırda onların sırasına Bakının ən qədim kəndlərindən olan Pirşağıda istifadəyə verilən 112 nömrəli tam orta məktəb də daxil olur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan və bütün zəruri avadanlıqla təchiz edilən məktəb ölkəmizdə həyata keçirilən təhsil islahatlarının bariz nümunəsidir.

Qeyd edildi ki, 1934-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı uzun illər ərzində təmir olunmamışdı. Bir müddət əvvəl qəzalı vəziyyətə düşən məktəbdəki şərait tədris prosesində çox ciddi problemlər yaratmışdı. Heydər Əliyev Fondu məktəbin əsas tədris korpusunun inşası ilə bağlı təşəbbüs qaldırmışdı. 2011-ci ilin dekabrında başlanan tikinti işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq həyata keçirilmişdir. Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 38 min kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaqdır. Məktəbdə müxtəlif fənn kabinetləri vardır. Uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulmuşdur. Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hərbi hazırlıq kabineti yaradılmışdır. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə kompyuter sinfi yaradılmış və zəruri texniki avadanlıqla təchiz olunmuşdur. Buradakı kitabxana da yüksək səviyyəsi ilə diqqəti cəlb edir.

Məlumat verildi ki, məktəbdə 200 adda bədii ədəbiyyat və 13 min dərslik toplanmışdır. Bütün otaqlar dərs ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz olunmuşdur.

Fondun həyata keçirdiyi layihələrdən biri də “Təhsilə dəstək” layihəsidir. Bu layihə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına yönəlmişdir. Heydər Əliyev Fondu məktəbdə biologiya, fizika və kimya laboratoriyalarını şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün əyani vasitələrlə təmin etmişdir. Beləliklə, fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər artıq öz bəhrəsini verir.

Şagirdlərin çoxluğunu nəzərə alan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə bu təhsil ocağı üçün 240 yerlik yardımçı bina da tikilmişdi. Təbii ki, bu, mövcud tələbatı qismən ödəməyə imkan verirdi. İndi isə əsas korpus üçün yeni binanın inşası ilə bütün problemlər aradan qaldırıldı.

Diqqətə çatdırıldı ki, məktəbin ətrafında və ərazisində yenidənqurma işləri aparılmış, 3200 kvadratmetr sahədə abadlıq işləri görülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyeva məktəbin pedaqoji kollektivi ilə görüşdü, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik etdi.

Azərbaycanın birinci xanımı bildirdi ki, dövlətin həyata keçirdiyi siyasətə daim dəstək olan Heydər Əliyev Fondu ölkədə görülən işlərə hər zaman kömək göstərməyə hazırdır. Mehriban xanım Əliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi təbrik etdi.

Məktəbin müəllimi Qafar Bağırov görülən işlərə görə qəsəbə sakinləri adından Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

 * **

Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə gəldi.

Mehriban xanım Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldu. Yüzdən çox əl işinin nümayiş etdirildiyi sərgi uşaqların maraq dünyasını, arzu və istəklərini yetərincə əks etdirir. Daha sonra Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə məktəbdə keçirilən tədbirdə iştirak etdi.

Məktəbin özfəaliyyət dərnəyinin üzvlərinin rəqsləri tədbirə xüsusi ovqat gətirməklə yanaşı, onun daha maraqlı keçməsinə imkan yaratdı. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva 268 nömrəli xüsusi məktəbin müəllim və şagirdlərini bayram münasibətilə təbrik edərək dedi:

– Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan uşaqlar indi məktəbi bitirirlər, 9-10-cu sinfin şagirdləridirlər.

Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Azərbaycanın internat məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir olundu. Buna görə, mən hər il bu bayram ərəfəsində sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş duyğularla gəlirəm. Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edildi. Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da baxdı, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq tövsiyələrini verdi.

1927-ci ildə istifadəyə verilən məktəb 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yenidən qurulmuşdur. İkimərtəbəli bina bütün avadanlıqla təchiz edilmişdir. Hazırda xüsusi məktəbdə təhsil alan 920 şagirdin təlim-tərbiyəsi ilə 250 pedaqoq məşğul olur. Bu şagirdlərin 140-ı məktəblə daimi təmasdadır, digərləri isə təhsillərini ev şəraitində davam etdirirlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında