Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Bakı Ali Neft Məktəbində olmuşdur

 

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini, dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payen Bakı Ali Neft Məktəbində (BANM) olmuşlar.

Qonaqları salamlayan rektor Elmar Qasımov bildirmişdir ki, bu ali məktəbin yaradılmasında əsas məqsəd dinamik sürətlə inkişaf edən  ölkənin sənaye müəssisələrində, habelə artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-ın istər Azərbaycanda, istərsə də respublikanın hüdudlarından kənarda reallaşdırdığı beynəlxalq  layihələrdə işləyə biləcək ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislərə  olan ehtiyacı ödəməkdir.

BANM-də tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor diqqətə çatdırmışdır ki, məktəb fəaliyyətə başlamasının ilk ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olmuşdur. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara 2 diplom veriləcəyini xatırlatmışdır. O, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbula başlayan BANM-də bu il 3-cü - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını demişdir.

Azərbaycan və Fransa arasında bir çox sahələrlə yanaşı, elm və təhsil  münasibətlərindən də danışan E.Qasımov Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-ın dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək “Fransız məktəbi”nin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir. Eyni zamanda Fransanın “Total E&P Azərbaycan” şirkəti və məşhur elm və təhsil müəssisələri ilə BANM arasında əməkdaşlığın qurulması, habelə inkişaf etdirilməsi sahəsində razılıq əldə olunmuşdur.

Səfir Paskal Mönye bildirmişdir ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilisdilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırmışdır. O, BANM ilə “Total E&P Azərbaycan” şirkəti arasında yaranan əməkdaşlıqdan məmnunluğunu  bildirərək, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış  “İFP School” (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün dəstək verməyə hazır olduğunu bildirmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında