Martın 13-də Bakı Biznes Universitetində (BBU) bu ali təhsil müəssisəsinin yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları BBU-da ümummilli lider Heydər Əliyevin büstünün açılışında iştirak etmişlər. Daha sonra universitetin yeni kitabxanasının açılışı olmuşdur.
Universitetin foyesində BBU-nun son nəşrlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Yubiley mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, səfirlər, Türkiyə, ABŞ, Rusiya, Avropa və Asiya ölkələrindən qonaqlar iştirak etmişlər.
Universitetin konfrans zalında keçirilən tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanmışdır.
BBU-nun 20 illik fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film göstərilmişdir.
Tədbirdə BBU-nun rektoru, professor İbad Abbasovun universitetin 20 illik fəaliyyətinə dair hesabat məruzəsi dinlənilmişdir. Məruzədə cəmiyyətin və insanın formalaşmasında təhsilin rolundan, ölkəmizdə elm, təhsil sahələrinin inkişafına dövlət qayğısından, özəl ali təhsil müəssisələrinin təhsilimizə töhfələrindən danışılmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və onun özəl təhsilə birmənalı müsbət münasibəti bu prosesin inkişafına inamlı təkan vermişdir. Respublikamızın özəl təhsil sistemində Bakı Biznes Universitetinin xüsusi xidməti və yeri vardır. Universitet 1989-cu ildə aparılan elmi axtarışlar və tədqiqatlar əsasında 1993-cü ildə təsis edilmişdir. BBU bakalavr və magistr pillələrində kadr hazırlığı üzrə dövlət siyasətini böyük uğurla icra edir.
Hazırda universitetdə bakalavr pilləsində 10 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Ötən 20 ildə universitetin bakalavr hazırlığı üzrə 16, magistr hazırlığı üzrə doqquz buraxılışı olmuşdur. BBU-nun məzunlarından bir çoxu ölkəmizin ali icra orqanlarının müxtəlif strukturlarında, ictimai qurumlarda, qeyri-hökumət təşkilatlarında çalışır.
İ.Abbasov bildirmişdir ki, universitetdə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi fəaliyyət göstərir. Burada mütəmadi seminarlar keçirilir, tələbə gənclərlə milli vətənpərvərlik ruhunda tərbiyəvi işlər aparılır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, BBU-nun yaranması və onun 20 illik tarixi bütövlükdə Azərbaycanda təhsil sistemində, o cümlədən özəl təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsinin təzahürü və ifadəsidir. BBU 20 illik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Təhsil nazirinin müavini Qulu Novruzov qeyd etmişdir ki, hazırda ölkədə fəaliyyət göstərən 15 özəl ali təhsil müəssisəsi arasında BBU-nun xüsusi yeri vardır. Bunu universitetin 20 illik uğurlu fəaliyyəti, qazandığı nailiyyətlər bir daha sübut edir. Q.Novruzov bildirmişdir ki, yubiley münasibətilə universitetin əməkdaşlarından doqquz nəfəri Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” adına, doqquz nəfəri isə fəxri fərmana layiq görülmüşdür. Təhsil nazirinin müavini kollektivi yubiley münasibətilə təbrik etmiş, daha böyük uğurlar arzulamışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, BBU yarandığı vaxtdan ölkəmizdə biznes iqtisadiyyatı üçün yüksəkixtisaslı kadrların hazırlanması işini müvəffəqiyyətlə həyata keçirir. Azərbaycanda iqtisad elminin inkişafında bu ali təhsil müəssisəsinin böyük rolu vardır.
Tədbirdə Kazan Federal Universitetinin professoru Vitali İvaşkeviçə BBU-nun fəxri doktoru adı verilməsi haqqında universitet elmi şurasının qərarı oxunmuşdur. V.İvaşkeviçə fəxri doktor diplomu, mantiya və qiymətli hədiyyələr təqdim edilmişdir.
AMEA-nın, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış edərək BBU-nun keçdiyi 20 illik şərəfli yoldan, qazandığı uğurlardan danışmış, kollektivi təbrik etmişlər.
Tədbir bədii hissə ilə davam etmişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.