“Yaxın Şərqdə yarım əsr” kitabının təqdimat mərasimi keçirilmişdir

 

 

Martın 11-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali təhsil ocağının və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə Elman Araslının “Yaxın Şərqdə yarım əsr” kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev görkəmli diplomat, alim, ictimai xadim E.Araslının fəaliyyətinin gənc Azərbaycan diplomatları üçün örnək olduğunu bildirmişdir.

Hafiz Paşayev qeyd etmişdir ki, öz fəaliyyətinə alim kimi başlayan E.Araslının zəngin həyat yolu keçərək ərəb ölkələrində müstəqil Azərbaycanın diplomatik nümayəndəliklərinin açılmasında, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunmasında mühüm rolu olmuşdur.

ADA-nın rektoru müəllifin ərəb mədəniyyəti və tarixi haqqında zəngin məlumata sahib olduğunu vurğulamışdır. Bildirmişdir ki, ömrünün 35 ilini ölkədən kənarda, Misir, İraq, İordaniya, Yəmən və Səudiyyə Ərəbistanında səfir və İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə qismində çalışmış E.Araslı diplomatik fəaliyyəti dövründə yüksək nümunələr göstərmişdir.

Kitabı qiymətli əsər kimi dəyərləndirən AYB-in sədri, xalq yazıçısı Anar bildirmişdir ki, əsər gələcək diplomatlarımız üçün nümunə olacaqdır. Onun sözlərinə görə, maraqlı həyat yolu keçən E.Araslı xidməti ezamiyyətləri zamanı Yaxın və Orta Şərq bölgələrinin demək olar ki, bütün dövlətlərində olmuş, öz vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə E.Araslının islam ölkələri arasında əlaqələrin genişlənməsində rolunu yüksək qiymətləndirmişdir.  

İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh ərəb dövlətləri ilə ölkəmiz arasında münasibətlərin qurulmasında, dostluq əlaqələrinin möhkəmləndirilməsində E.Araslının mühüm rolu olduğunu qeyd etmişdir.

İordaniyalı diplomat E.Araslının dövlət nümayəndələri ilə yanaşı, adi vətəndaşlarla da ünsiyyət qurmaqda mahir olduğunu vurğulamışdır. Səfir müəllifin həyat yoldaşı Elvira Araslının İordaniyada böyük hörmət qazandığını, Azərbaycan xanımını müvəffəqiyyətlə ərəb dünyasına tanıtdığını xüsusilə qeyd etmişdir.

 Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva, Yaxın Şərq bölgəsi dövlətlərinin Azərbaycandakı diplomatik nümayəndələri E.Araslı və onun kitabı barədə fikirlərini bölüşmüş, müəllifin əsərini yüksək qiymətləndirmişlər.

Tədbirdə Azərbaycanın ərəbşünaslıq məktəbinin dünyada seçilən, dəyərli istiqamətlərdən biri olduğu qeyd edilmiş, bu yöndə müəllifin atası Həmid Araslının xüsusi rolu olduğu vurğulanmışdır. Bildirilmişdir ki, Həmid Araslının yolunu layiqincə davam etdirən diplomat inkişaf ilə demokratiya arasında əlaqələri müvəffəqiyyətlə izah etmişdir.

Tədbir iştirakçıları ərəb sivilizasiyasının məskəni olan Yaxın Şərqin qısa müddət ərzində inkişaf yoluna qədəm qoyacağına dair ümidlərini nəzərə çatdırmışlar.

Kitabında əsas yeri səfir işlədiyi ərəb ölkələrində hadisələr, siyasi proseslərin təhlilinə ayıran E.Araslı elmlər namizədi, ərəb ölkələrinin tarixi, iqtisadiyyatı və ədəbiyyatına dair rus və ərəb dillərində çoxsaylı elmi məqalə və monoqrafiyanın müəllifidir.

Müəllif kitabında bu ölkələrin inkişaf dinamikasını əks etdirmiş, hadisələrin cərəyanına həm tarixi, həm də hazırkı mərhələdə qiymət verməyə çalışaraq, bu ölkələr və onların ətrafında inkişaf dinamikasını əks etdirmişdir.

 Kitabda regional problemlərin təhlili, o cümlədən hazırkı mərhələdə Ərəb-İsrail münaqişəsi, İraq və Livan böhranları, ərəb dövlətlərinin bir-biri ilə münasibətlərinin müxtəlif aspektləri, İran və Türkiyə ilə əlaqələrə dair diplomatın rəyi və təhlilləri verilmişdir.

Əsərdə ərəb ölkələrinin qlobal iqtisadiyyat və beynəlxalq səhnədə yeri, aparıcı nüfuz mərkəzləri ilə münasibətləri araşdırılır. Müəllif ayrıca hissədə “Ərəb baharı” və ondan irəli gələn meyilləri nəzərdən keçirmişdir.

Kitabda, həmçinin Azərbaycanın müsəlman dünyasının ən vacib və nüfuzlu qurumu olan İƏT ilə münasibətlərindən ətraflı şəkildə söhbət açılmışdır.

Əsərdə Yaxın Şərqdə “erməni faktoru” mövzusu da diqqətdən kənarda saxlanılmamışdır.

Sonda çıxış edən E.Araslı kitabı 2008-ci ildə yazdığını bildirmişdir. Bu kitab haqqında danışmağın onun üçün  çətin olduğunu bildirən E.Araslı əsəri İordaniya Krallığına sonuncu xidməti ezamiyyəti vaxtı yazdığını diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında