“Arzularımın ünvanı - Bakı Biznes Universiteti”

 

 

 

İnsan həyatının əsas qayəsi arzularını germəkləşdirmək uğrunda mübarizədədir. Bu mübarizə olmasa, həyat olduqca maraqsız olar. Baxın, həyatımızın müxtəlif yaş mərhələlərində arzularımız bu mərhələlərə uyğun olaraq müxtəlif olur.

Orta məktəb illərində ən böyük arzu, şübhəsiz, məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil olmaqdır. Çünki bu yaşlarda bizə verilən “böyüyəndə kim olmaq, hansı sənətə sahib olmaq istəyirsən?” sualı bir andaca xəyalən bizi ali məktəb auditoriyalarına, gələcək tələbəlik illərinə aparır. Orta və ali məktəb illərinin əsas “mübarizəsi” isə oxumaq, biliklərə yiyələnmək, valideyn və müəllimlərin etimadını doğrultmaqdır.

Hamı kimi mən də ali məktəbə qəbul imtahanlarını verəndə bələdlədiyim  gələcək hədəfə doğru seçim etdim. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkəmizdə menecerlərə, idarəedənlərə daha çox ehtiyac olduğunu gündəlik mətbu orqanlardan, televiziyalarda mütəxəssis çıxışlarından az eşitməmişdim.. Məndə də öz bilik və bacarığıma arxalanaraq “idarəedənlərin” cərgəsinə qoşulmaq arzusu baş qaldırdı. Bakı Biznes Universitetinə qəbul olundum və bununla arzuma çatmaq yolunda ilk əhəmiyyətli mərhələni uğurla keçdim.

Qəbul imtahanlarında yüksək bal topladıqdan sonra ixtisas seçimi mərhələsində çox düşünmədən “menecment” ixtisası üzərində dayandım. İndi əsas vəzifəmi bu ali təhsil ocağını yüksək qiymətlərlə başa vurmaq, cəmiyyətimiz üçün gərəkli, layiqli mütəxəssis kimi yetişməkdə görürəm.

Artıq tələbəsi olduğum və  fəaliyyətə başlamasının 20 ili tamam olan Bakı Biznes Universitetinin öz elmi potensialı və tədris prosesi elə ilk gündən seçdiyim ixtisasa böyük məhəbbət oyatdı. Bu ali təhsil ocağında qısa müddətdə oxumağıma baxmayaraq, bura mənim üçün doğma elm məbədinə çevrildi. Belə  fikirdə olan isə təkcə mən deyiləm. Qrup yoldaşlarım, ünsiyyətdə olduğum tələbə dostlarım da oxuduğumuz ali məktəbə eynən bu münasibətdədirlər.

Çünki ilk gündən hiss etdik ki, müəllimlərimizin tələbkarlığı ilə yanaşı qayğıkeşliyi, bizə hər hansı məsələdə düzgün yol seçməkdə kömək etmələri, aldığımız biliklər bizim gələcəkdə əsl mütəxəssis kimi yetişməyimizə öz töhfəsini verəcəkdir. Oxuduğumuz müddətdə müşahidələrimiz, təhsilin səviyyəsi və  universitetin həyatında baş verən yeniliklər bir daha, ali təhsil ocağı kimi Bakı Biznes Universitetini seçməkdə yanılmadığımızı təsdiqləyirdi. Çünki burada yeni dövrün kadr hazırlığı prosesi həyata keçirilir.

Əslində universitetimizi müstəqilliyimizin övladı saymaq daha doğru olardı. Çünki 1993-cü ildə fəaliyyətə başlayan Bakı Biznes Universiteti yenicə müstəqillik qazanmış ölkəmizin bazar iqtisadiyyatına keçidi şəraitində respublikamızda yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlamaq missiyasını üzərinə götürən ilk ali təhsil müəssisələrindəndir. Həmin ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi iqtisadi, hüquqi, sosial islahatlar nəticəsində bazar iqtisadiyyatı yolu ilə inkişaf edən respublikamızda yeni təfəkkürlü yüksək ixtisaslı mütəxəssislərə, o cümlədən, beynəlxalq iqtisadi münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaranmışdı.

Universitetimizin yaradıcıları məhz belə bir dövrdə  iqtisadiyyat və sosial həyatın müxtəlif sahələrində fayda verə biləcək müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığına başlamışlar. İndi bu ixtisaslar üzrə tədris prosesi bakalavr və magistr hazırlığı üzrə həyata keçirilir. Universitetdə iqtisadiyyat, beynəlxalq hüquq, biznes və menecment sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün tədris prosesinə respublikamızın tanınmış alim və mütəxəssisləri cəlb olunmuşlar. Tədris prosesində dərin nəzəri biliklərlə yanaşı, praktik məşğələlər, müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan geniş  istifadə edilir.

Bakı Biznes Universitetinin zəngin kitabxanasında müasir elmi-nəzəri fikirlər və təcrübələr əsasında yazılmış dərsliklər, elmi-praktik vəsaitlər, dövri nəşrlər, audiovizual və kompyuter məlumatları toplanır. Müasir kompyuter mərkəzi, linqafon kabinetləri, audio-video və digər müasir texnika ilə təchiz olunmuş ixtisas laboratoriyaları, idman kompleksi və akt zalı professor-müəllim heyətinin və tələbələrin istifadəsindədir.

Tələbələrin elmi fəaliyyətini təşkil etmək üçün BBU-da Tələbə Elmi Cəmiyyəti, iqtisadi və sosial araşdırmalar aparmaq üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir. Universitetdə müasir dövrün biznes aləmi üçün faydalı olan bir çox mühüm mövzularda konfranslar, simpoziumlar, elmi seminarlar və mühazirələr təşkil edilir.

BBU-nun tələbələri respublikamızın idman həyatında da fəal iştirak edirlər. Universitetimizin tələbələri idmanın karate, şaolin-sanda növü üzrə Türkiyədə, Gürcüstanda, uşu-sanda növü üzrə Çində keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış etmiş, ölkəmizin idman şərəfini layiqincə qorumuşlar.

Fəaliyyətinin 20 illiyi ərəfəsində BBU-da bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki, bunlardan da ən əlamətdar olanı universitetdə ulu öndər Heydər Əliyevin büstünün açılışı olacaqdır. Universitetin tarixini əks etdirən muzeyin yaradılması üçün də müvafiq yer ayrılmış və təşkilati-hazırlıq  işləri aparılır. Bu ərəfədə universitetin elektron kitabxanası üçün ən müasir avadanlıq və texniki vəsait alınmış və hazırda onların quraşdırılması işləri başa çatdırılmışdır. Yüksək texnologiyalı elektron kitabxanadan istifadə etməklə universitetin professor-müəllim heyəti və tələbələri həm ölkədaxili, həm də dünyanın bir sıra qabaqcıl universitetlərinin kitabxanaları ilə qarşılıqlı əlaqələr yarada biləcək, lazımi elmi ədəbiyyatın əldə olunması üçün geniş imkanlar qazanacaqlar.

20 illik fəaliyyəti dövründə universitetimizdə yaradılmış maddi-texniki baza, tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti tədrisin səviyyəsini daim qaldırmağa, dünya standartlarına yaxınlaşdırmağa yönəlmişdir. Bu da biz tələbələrin yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradır. Bizim üzərimizə isə yaradılmış şəraitdən lazımınca bəhrələnmək, insan həyatının ən maraqlı və məhsuldar dövrü olan tələbəlik illərində gələcək həyatımız üçün gərəkli bilikləri əldə etmək vəzifəsi düşür.

İndiyədək universitetmizin məzunlarının respublikamızın dövlət və özəl qurumlarında layiqli mütəxəssis kimi çalışmaları, uğurlu karyera qurmaları bir daha onu göstərir ki, BBU-da tədris prosesi həqiqətən yüksək səviyyədə qurulmuşdur. Bunu gündəlik həyatda yaxından görən biz tələbələr əminliklə deyə bilərik ki,  bu ali təhsil ocağından yüksək hazırlıqlı mütəxəssis kimi həyata vəsiqə alacağıq. Mənim də ümdə arzum  təhsili uğurla başa vurub respublikamız üçün layiqli kadr kimi yetişmək, aldığım ixtisasla Vətənimizə xidmət etmək, onun iqtisadi tərəqqisinə öz töhfəmi verməkdir.

Məhəmməd  MƏMMƏDZADƏ,
Bakı Biznes Universitetinin “Biznes və menecment” fakültəsinin I kurs tələbəsi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında