Bütün dövrlərdə hər bir cəmiyyəti, milləti, dövləti öz yüksək amalları və əməlləri ilə tarixdə yaşadan, onun mənəvi dəyərlərinə söykənərək gələcəyi naminə qurub yaradan, çalışıb vuruşan, çətinliklərə sinə gərərək irəliyə inamlı addımlar atan, tarixə yeni səhifələr yazan görkəmli şəxsiyyətlər olmuşdur. Onların sırasında şair də, yazıçı da, dövlət xadimi də, diplomat da, alim də, sənətkar da var. Müasir dövrümüz də bu qəbildən olan insanlardan xali deyil.
Onlardan biri də öz dəyərli elmi əsərləri, çıxışları, məruzələri, müsahibələri ilə həm ölkəmizdə, həm onun sərhədlərindən uzaqlarda, elektron informasiya mühitinin interaktiv kanallarında tarix yaddaşımızı, torpaqlarımız uğrunda haqq-ədalət savaşımızı dönə-dönə dünyanın gözü önünə qoyan Yaqub Mikayıl oğlu Mahmudovdur. Maraqlı elmi axtarışların və ciddi tədqiqatların müəllifi olan alimin respublikanın ictimai həyatındakı fəaliyyəti - onun insanpərvəliyi, qayğıkeşliyi, həqiqətin yorulmaz, təmənnasız müdafiəçisi olması, hər cür əyintilərə qarşı barışmazlığı ilə səciyyələnir. Yaqub müəllim xalqının layiqli oğlu, onun etibar etdiyi mandatı sinəsində gəzdirən Milli Məclisin deputatı, mötəbər bir elmi idarənin — A.Bakıxanov adına Tarix İnstitutunun – rəhbəridir. Alimin qeyri-ciddi elmi mülahizələr və tarixi saxtakarlıqlara, xalqının haqqını tapdalayanlara qarşı sərt çıxış və bəyanatlarının, elmi qənaətlərini ifadə edən fikirlərinin arxasında qaynar ürəyi, dərin təfəkkür və düşüncə tərzi dayanır. İctimai-sosial həyatda isə ona üz tutub yardımına ehtiyacı olanlara qarşı həssaslığı ilə seçilən bu insanın əlləri təmiz, əməlləri pakdır. Bu xüsusiyyətlərinə görə də o, cəmiyyətdə sevilən və daim hörmətlə qarşılanan şəxsiyyətdir.
Deməli, “Vətən üçün yaşayanlar yaşadırlar Vətəni! Seçdiyim ömür yolunun mənası, mayası budur”, – deyən vətəndaş-alımin əqidəsi, sözü və əməli düzmütənasibdir.
“Vətən tarixi”ni, “Ata yurdu”nu vərəqləyən məktəblidən tutmuş ən görkəmli şəxsiyyətlərə qədər insanların ürəyində özünə qarşı ehtiram hissi oyatmış Yaqub müəllimdən bəhs etmək istəyimiz təsadüfi deyil. Elmi yaradıcılıq fəaliyyətindəki uğurlara görə fəaliyyəti dövlət səviyyəsində dəfələrlə qiymətləndirilən tarixçi alim 1992-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 1999-cu ildə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə , 2009-cu ildə Azərbaycanda tarix elminin tədqiqi və tədrısində böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Tarixlə tarixşünaslığın, biblioqrafik fəaliyyətlə internet mühitinin qovuşduğu məcradan ötən onilliklər boyu alimin keçdiyi həyat yolu, elmi yaradıcılıq və təşkilatçılıq fəaliyyətinə nəzər saldıqda, onlarca monoqrafiya, yüzlərlə elmi məqalə, müsahibələr, ən yüksək kürsülərdən səslənən çıxışlar, məruzələr, haqqında yazılan külli miqdarda materillar diqqəti cəlb edir. Onların hər birində tarixçi alimin azərbaycançılıq düşüncəsinin işığını görürük:
– Atama “Qara Mikayıl”, – deyirdilər. 1918-20-ci illərdə Şəki bölgəsində daşnaklara qarşı mübarizədə xalq könüllülərinə başçılıq edən kişilərdən olub. O zaman Nuru Paşa kömək istəyib və atam Biləcəriyə qədər öz dəstəsi ilə gəlib. Sonradan onu dəfələrlə həbs ediblər. 30-cu il Göynük-Şəki üsyanının başçısı olub. Çox türkçü, qeyrətli kişi idi. Mən bütün addımlarımda özümü o dünya üçün hazırlayıram ki, ruhlarımız görüşən zaman başım aşağı olmasın...”
“Universiteti bitirəndə, 1966-cı ildə mənə birbaşa doktorluq adı verdilər. 24 yaşım var idi. Amma ertəsi gün dünya-aləm məndən ötrü dəyişdi... Altı ay tələb elədilər ki, doktorluqdan imtina edim... Amma həyat elə gətirdi ki, 1989-cu ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında doktorluğu müdafiə etdim...”
“Tarix olduğu kimi öyrənilməlidir. Biz tariximizdən əl çəkə bilmərik... . Mən belə hesab edirəm ki, biz İran tarixçiləri ilə fikir birliyi yaradaraq daha böyük tədqiqatlar apara bilərik. Tarixdə, elmdə qarşıdurma yaratmaq lazım deyil... ”.
“ Bizə bircə təsir var, o da Azərbaycançılıq, Vətənçilik, Türkçülük və İslam dünyasıdır, ümumbəşəri dəyərlər də bızim üçün doğmadır... . Tarix İnstitutunda xalqımızın mənşəyinin öyrənilməsinə diqqəti artırmışıq, itırilmiş torpaqlarımızın tarixinin öyrənilməsinə diqqəti yönəltmişik, Borçalının, Dərbəndin, İrəvan xanlığının, Naxçıvanın, Cənubi Azərbaycanın tarıxinə bu gün institutda böyük diqqət yetirilir. Elmi planlarımız da əsaslı şəkildə dəyişdirilib. Ölkəmizin gələcəyinə, azərbaycançılığa, türkçülüyə, İslam dəyərlərinə və ümumbəşəri dəyərlərə xidmət edirik”.
- Bizim Vətənimiz, Azərbaycanımız var, 60 milyonluq xalqımız var, bizim üçün bu xalqın mənafeyi, Türk dünyasının mənafeyi hər şeydən əzizdir və institut olaraq dünya dəyərlərindən də geri qalmayacağıq, onları öyrənməyə çalışırıq... . Tarixdə Azərbaycanı bütöv saxlayırıq, mənəviyyatımızda, düşüncəmizdə Azərbaycanı parçalamırıq!..”
“Qonşularımız Naxçıvana qarşı ərazi iddiaları irəli sürüb növbəti işğalçılıq planlarını həyata keçirməklə bütün dünyaya sübut etmək istəyirlər ki, guya bu torpaqlar onlara məxsusdur... . Qarabağda isə onlar alban mədəniyyətinə məxsus tarixi abidələri özününküləşdirməyə çalışaraq, burada olmayan erməni dövlətçiliyinin kökünü axtarırlar... . Azərbaycan alimləri hər zaman belə əsassız böhtan və yalanları ifşa ediblər və bundan sonra da bu işi davam etdirəcəklər. O ki qaldı düşmənlərimizin son iddialarına, biz Tarix İnstitutu olaraq işimizi yenıdən qurur, ermənilərə qarşı əks-zərbə hazırlayırıq... Artıq “İrəvan xanlığının tarixi”ni yazıb ortaya qoymuşuq”.
Xalqımızın tarixi və soykökünə qarşı yönəlmiş “elmi” iddialara qarşı cəsarətlə, faktlarla silahlanmış şəkildə çıxan Yaqub müəllim və onun səfərbər etdiyi tarixçi alimlər ordusu müsəlləh əsgər timsalında hər an cavab verməyə hazırdır və verir də. Bunu həm internet saytlarında gördüyümüz materiallar, həm də çap olunan əsərlər – “Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. 1639-1828” (4 cilddə), ”İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Azərbaycan xalçaları. Naxçıvan qrupu” və s. - yüzlərlə kitab təsdiq edir. Bunlardan hər biri hədəfə doğru açılan sərrast atəşdir. Çünki bütün araşdırmaların, fikirlərin əsasında həm Azərbaycanın, həm də dünya ölkələrinin ən mötəbər arxiv və muzeylərindən, kitabxanalarından, elmi mərkəzlərindən toplanmış, tədqiq edilmiş tarixi faktlar, elmi mənbələr durur.
Ötən il də görkəmli alimin rəhbərlik etdiyi institut kollektivinin uğurlu tədqiqatlarının layiq görüldüyü dövlət və beynəlxalq mükafatlarla yadda qaldı. 2012-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarından ibarət işçi qrupunun — Yaqub Mikayıl oğlu Mahmudov, Kərim Kərəm oğlu Şükürov, Tofiq Teyyub oğlu Mustafazadə, Süleyman Abbas oğlu Məmmədov, Güntəkin Cəmil qızı Nəcəfli, Nazim Yusif oğlu Mustafayev, Göhər Nağı qızı Məmmədova, Hacı Nuru oğlu Həsənov, İsrafil Süleyman oğlu Məmmədov, Vidadi Umud oğlu Umudlu, Səidə Müzəffər qızı Hacıyeva, İradə Malik qızı Məmmədova və Nigar Rövşən qızı Gözəlovanın Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatına layiq görülməsi haqqında sərəncam imzaladı.
Eyni zamanda, AMEA A.Bakıxanov adına Tarix İnstitutu Beynəlxalq Sokrat Komitəsi tərəfindən elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna layiq görüldü. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun öz fəaliyyəti sahəsində Cənubi Qafqazda ən aparıcı elmi müəssisələrdən biri olması faktını mükafatı təqdim edən Oksford sammiti də təsdiqlədi. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov isə böyük təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlığına, rəhbərlik istedadına və liderlik keyfiyyətinə görə ”Ən yaxşı baş menecer” fəxri adına layiq görüldü. Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent İdarəsi tərəfindən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudova marketinq məqsədləri üçün 5 illik lisenziya verildi.
Bu və digər uğurları ilə Yaqub Mahmudovun rəhbərlik etdiyi A.Bakıxanov adına Tarix İnstitutu öz tarixi salnaməsinə də yeni bir səhifə əlavə etmiş oldu. Bu səhifə yüzlərlə elmi əsər, kitab, məqalələr, müsahibə, konfraslar, səyyar seminarlar , müşavirələr, elmi sessiyalar və s. şəklində icra edilərək yaddaşlara həkk olundu.
Yaqub müəllimin tarixşünaslıq elminə böyük bir xidməti də sırf tarixşünaslıq biblioqrafiyasının inkişafına dəstək verməsidir. Bunun nəticəsi olaraq nəinki nəşr və dərc edilən heç bir material gözdən qaçmır, qeydə alınaraq informasiya bazalarına əlavə edilir, eyni zamanda, tarixi araşdırmalar üçün daim inkişafda olan, zənginləşən, yeni tədqiqat perspektivlərinə yol açan tarixşünaslıq biblioqrafiyası məktəbi yaranır.
İnternet saytlarını axtarış brauzerlərini hərəkətə gətirib, yenə bir biblioqraf gözü ilə materiallara diqqət yetirsək, ilk növbədə Yaqub müəllimin saysız-hesabsız çıxışları, müsahibələri, iştirak etdiyi, keçirdiyi tədbirlər, seminarlar, konfranslar, görüşlər və bu tədbirlərdə səslənən konkter və tutarlı, elmi yükü olan fikirlərinin anonsları diqqətimizi çəkər:
“Azərbaycan tarixi anlayışı böyük Azərbaycan səltənətini əks etdirməlidir”, “Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünyaya çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir”, “Azərbaycan xalqı 31 Martı yalnız bu gündə deyil, təqvimin bütün günlərində yada salmalıdır”, “Arazdan cənubda bizim qədim tariximiz, mədəniyyətimiz, elmımiz yatır”, “Xalqımızın saxtalaşdırılan tarixi 1918-20-ci illərdir”, “1918-ci ilə kimi Cənubi Qafqazın siyasi xəritəsində ermənilərin adı olmayıb... ”, “Biz tariximizə sahib çıxmalıyıq, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur”, “Ermənilər Asiya qitəsinə gəlmədir. Moskvada keçirilən konfransın elmə heç bir aidiyyatı yoxdur...”, “Xocalı soyqırımının dünyada tanıdılmasının çıxış yolu bütün Türk dünyasının ayağa qalxmasıdır”, “Quba məzarlığında yaranan təhlükə aradan qaldırılmalıdır... ”, “Dərbənd xanlığının, Tiflis əmirliyinin tarixi tam araşdırılmayıb” və s. sadaladıqca sadalamaq olar.
Bu da bir biblioqraf müşahidəsinin nəticəsidir ki, Yaqub müəllimdə vaxtını zərgər dəqiqiliyi ilə bölüşdürüb fəaliyyətinin bütün istiqamətlərinə paylaşdırmaq bacarığı var. Alim Ermənistan-Azərbaycan münaqişəsi başladığı ilk gündən erməni faşizmi ilə üz-üzədir. Heç nədən çəkinməyərək, cəsarətlə, elmi dəlillərə, tarixi faktlara əsaslanaraq xain qonşularımızın saxta “Böyük Ermənistan” xülyalarını ifşa edir, məruzə və çıxışlarında onların xain xislətini dünyaya tanıtmaq üçün böyük səy göstərməklə bərabər, başçılıq etdiyi kollektivi də bu işlərə səfərbər edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarix elminə göstərdiyi dövlət qayğısının, A.Bakıxanov adına Tarix İnstitutunun məhsuldar fəaliyyətinin, Yaqub Mahmudovun özünün tarixi saxtalaşdıranlara qarşı yönəlmiş, elmi faktlara əsaslanan çıxışlarının, yazdığı əsərlərin, verdiyi müsahibələrin, fikir və mülahizələrinin qəsbkar qonşularımızda doğurduğu rezonans da böyükdür. İnternet səhifələrində çox geniş miqyasda öz əksini tapan bu əks-sədanın babayanlarda, qriqoryanlarda, yegizaryanlarda, yerkanyanlarda, xanbabayanlarda, qazozyanlarda... oyatdığı ciddi narahatlığı, Azərbaycan informasiya mühitinin tarix elmi və Yaqub Mahmudovun adı ilə bağlı materiallarını gecə-gündüz, saatbasaat izləməyə məhkum olduqlarını aydın göstərir.
Görkəmli tarixçi alimimizin ünvanına təriflər, bayağı sözlər, mübaliğəli ifadələr söyləməkdən çox uzağıq. Biblioqraf gözü ilə baxsaq, bu qəbildən materialları heç internet saytlarında da, mətbuat səhifələrində də görmək mümkün deyil, çünki onlar yoxdur.
Yaqub müəllim riyazi təfəkkürə, işıqlı intellektə, çoxlarının həsəd apara biləcəyi yaddaşa malikdir. Bu cəhəti onun bədahətən verilən sualları cavablandırmasında, çıxışlarında, xüsusilə Azərbaycanın tarixi ilə bağlı məsələlərin müzakirələri zamanı söylədiyi fikirlərdə müşahidə etmək olar. Bütün bunlarla yanaşı, ciddi, bəzən yeri gəldikdə, sərt görünən bu insanın yazdığı tarixi əsərlərin sətirləri arxasından şairanə qəlbi də görünür. Gələcəyi nikbin baxışlarla qarşılayan alim yazılarının birində deyir: “Açılan hər sabahın dan şəfəqini qarşılayarkən daha bir günümüz arxada qalır, ümidlər, arzular isə yenidən baş qaldırır. Həyat davam edir, günlər günlərə qovuşur, açılan hər sabah dönüb bu gün olur, bu gün dünənə, dünən isə keçmişə çevrilir. Beləcə tərcümeyi-halımız yaranır... Zaman bu günü də, gələcəyi də tarixə çevirəcək, keçmişə qovuşduracaq. Amma keçmişlə bu gün arasındakı tarix körpüsü - dialektik əlaqə həmişə yaşayacaq. Bəşəri arzular, nurlu ideyalar çalışan-vuruşan insanları bu müqəddəs körpüdən keçirib gələcəyə aparacaq...”Budur Yaqub müəllimin tarixə elmi baxışlarının romantikası.
Yazıb-yaradan insanların müqəddəs tarix körpüsündən keçib əbədiyyətə qovuşacağı danılmaz həqiqətdir. Deməli, deyilmiş söz, yazılmış əsər, söylənilmiş qiymətli fikirlər də heç vaxt yox olmayacaq, yaşayacaq, gələcəyə yol göstərəcəkdir. Bu da tarixçi alimin həyat və yaradıcılıq yoluna, elmi fəaliyyətinə biblioqrafın kiçik bir baxışı idi.
Sonda isə görkəmli alimimizə cansağılığı, yeni-yeni nailiyyətlər arzusuyla deyirik: ürəyinə təpər, qələminə qüdrət, qoluna qüvvət, Yaqub müəllim!.
Əmin ƏFƏNDİYEV,
filologiya üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.