Görkəmli alim Oqtay Əfəndiyev son mənzilə yola salınmışdır

 

 

Fevralın 28-də görkəmli tarixçi və şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, akademiyanın Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev son mənzilə yola salınmışdır.

Vida mərasimində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü. Salonda həzin matəm musiqisi səslənirdi.

Professor Oqtay Əfəndiyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Mərasimdə AMEA-nın  prezidenti vəzifəsini icra edən, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev, akademik Teymur Bünyadov və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli çıxış edərək O.Əfəndiyevin Azərbaycan tarix elminə verdiyi dəyərli töhfələrdən söz açmış, mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.

Bildirilmişdir ki, uzun illər Azərbaycanın dövlətçilik ənənələrini tədqiq etmiş Oqtay Əfəndiyev milli tariximizin mühüm əhəmiyyətə malik orta əsrlər dövrünün əsl tədqiqatçılarından biri kimi tanınmışdır. Səfəvilər dövlətinin sosial-iqtisadi, siyasi və mədəni tarixinə dair araşdırmaları alimə geniş şöhrət qazandırmışdır. Onun tədqiqatları elmi ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanmışdır.

Diqqətə çatdırılmışdır ki, geniş erudisiyaya sahib Oqtay Əfəndiyevin araşdırmalarının nəticələri 200-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. Alimin Azərbaycan tarixinə, xüsusən Qarabağ probleminin tarixi aspektinə həsr olunmuş mühazirələri ölkəmizdə və onun hüdudlarından kənarda diqqətlə izlənilmişdir.

Səmərəli elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən Oqtay Əfəndiyev gənc kadrların yetişməsində, püxtələşməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır, yetirmələri bu gün ölkəmizin tarixinin öyrənilməsi və tədqiqi istiqamətində uğurlu fəaliyyət həyata keçirilər.

 Vurğulanmışdır ki, əsl vətəndaş kimi daim Azərbaycanın haqq işinin müdafiəçilərindən biri olan Oqtay Əfəndiyev prinsipiallığı, vətəndaş mövqeyi, dərin zəkası ilə seçilmişdir.

Bildirilmişdir ki, alimin qoyub getdiyi zəngin elmi irs daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir. Onun tədqiqatları, dəyərli fikirləri tarixçilərimiz, şərqşünaslarımız üçün həmişə qiymətli mənbə olaraq qalacaqdır.

Mərhumun ailəsi adından çıxış edən xalq yazıçısı Anar alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında