Xocalı soyqırımının ildönümü ilə bağlı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti birgə tədbir keçirmişlər

 

 

Ankaradakı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti Qazaxıstanın Əhməd Yasəvi və Qırğızıstanın Manas universitetlərinin də iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı telekörpü vasitəsilə “Xocalı qətliamı: Böyük cinayət” adlı birgə tədbir keçirmişlər. Tədbir “TRT Avaz” və İctimai Televiziya ilə yayımlanmışdır.

Qazi Universitetinin qarşısında Xocalıda həlak olmuş 613 dinc insanın xatirəsinə ehtiram əlaməti olaraq ağaclarda Türkiyə və Azərbaycan bayraqlarının təsviri olan 613 palıd yarpağı asılmışdır. Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Konfransda Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberber, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov,  Qazaxıstanın Əhməd Yasəvi Universiteti rektorunun müavini, professor Salih Aynural, Qırğızıstanın Manas Universitetinin rektoru Səbahaddin Balçı və  tələbələr XX əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımının bütün türk dünyasının faciəsi olduğunu vurğulamışlar.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bu əlamətdar tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ali təhsil ocaqlarının nümayəndələri birlikdə bütün dünyada Xocalı soyqırımının tanıdılması üçün mühüm çağırış səsləndirmişlər.

Azərbaycan dövlətinin Xocalı soyqırımının tanıdılması sahəsində gördüyü işlərdən bəhs edən Ə.Həsənov demişdir ki, fevralın 25-də Çexiya parlamenti də Xocalı soyqırımını tanımışdır. Bundan başqa, əvvəllər 3 ölkənin  - Kolumbiya, Meksika və Pakistanın parlamentləri, habelə ABŞ-ın 7 ştatı Xocalı soyqırımını tanımışdır. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün qardaş xalqlarımıza vəsiyyət etdikləri kimi, ölkələrimizin bir-birinə dəstəyi davam edir. Bu gün Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğanın diqqət və qayğısı ilə görülən işlər  bunun bariz nümunəsidir. Gənclərimiz sosial şəbəkələr, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə dünyanın müxtəlif ölkələrindəki həmyaşıdları arasında Xocalı soyqırımının tanıdılması üçün səylərini artırmalıdırlar. Biz, güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir dünya qurmalıyıq.

Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının tanıdılması, Türkiyə və Azərbaycan dövlətlərinin, qeyri-hökumət təşkilatlarının bu sahədə apardığı işlərdən bəhs etmişlər. Vurğulanmışdır ki, bu gün Azərbaycan qüdrətli iqtisadiyyata və güclü orduya malik olan, beynəlxalq nüfuzu getdikcə artan bir ölkədir.

Sonra tədbir iştirakçıları Qazi Universitetində incəsənət fakültəsinin dekanı, professor Alev Kurunun rəhbərliyi ilə hazırlanmış “Xocalı qətliamı: Böyük cinayət” sənədli filminə baxmışlar.

Tədbirin iştirakçıları Xocalı soyqırımını əks etdirən Funda İyice Tuncelin rəsm sərgisi ilə də tanış olmuşlar.

Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında