Neft Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi

 

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi. Tədbirdə çıxış edən ADNA rektoru, akademik Siyavuş Qarayev əvvəlcə həmin faciəli hadisələr zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi. 

1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş Xocalı soyqırımının iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu, tarixdə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmi kimi faciələrlə eyni səviyyədə dayandığını bildirən akademik Siyavuş Qarayev əlavə etdi ki, bu faciəni törətməklə erməni şovinist-millətçiləri və ideoloqlarının məqsədi Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq olub. Cinayətkar erməni hərbi birləşmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə vəhşicəsinə həyata keçirdiyi soyqırım nəticəsində dinc Xocalı sakinlərindən 613 nəfəri şəhid, 487 nəfəri şikəst olub, 1275 nəfəri, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirə məruz qalıb. Şəhid olanlardan 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq olub. Hadisədən 20 il keçməsinə baxmayaraq 150 nəfərin taleyi hələ də məlum deyil. Qanlı terror nəticəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirib.

Rektorun sözlərinə görə, günahsız Xocalı sakinlərindən 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, dəriləri soyulub, körpə uşaqların gözləri çıxarılıb, sürgü ilə hamilə qadınların qarınları yarılıb. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilib.

Siyavuş Qarayev onu da xüsusilə qeyd etdi ki, faciənin törədilməsində Rusiyanın 366-cı alayının şəxsi heyəti də yaxından iştirak edib və ən müasir hərbi texnikalarından istifadə olunub. Hücum zamanı dinc əhaliyə qarşı qadağan olmuş döyüş sursatları və kimyəvi silahlar tətbiq edilib. Nəticədə 10 min nəfər əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib. “Təəssüf ki, Azərbaycanın o zamankı rəhbərləri Xocalı soyqırımını tərəqqipərvər bəşəriyyətə çatdırmaq üçün özündə cəsarət tapmadı, faciəyə siyasi-hüquqi qiymət verilməsinə səy göstərmədi. Yalnız ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi. Prezident İlham Əliyev isə bu qanlı faciəni törədənlərin cəzalarına çatacaqlarına əminliyini ifadə edərək demişdir: “Mən əminəm ki, gün gələcək, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər”. Biz isə bu faciənin gənc nəslin yaddaşında yaşaması üçün hər şeyi etməliyik”, - deyə akademik Siyavuş Qarayev bildirdi.

Akademiyanın ictimai fənlər kafedrasının professoru Camal Mustafayev Xocalı faciəsinin ermənilərin mifik “Böyük Ermənistan” ideyasından və Azərbaycana qarşı ərazi iddialarından doğduğunu, bu ideyanın həyata keçirilməsi istiqamətində Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli soyqırım aktlarından ən faciəlisi olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaqda Rusiya imperiyası ermənilərə hərtərəfli dəstək verib. Bu məqsədlə iki əsrdən artıq bir müddətdə böyük siyasi iş aparılıb. Ermənilər zaman-zaman İran və Osmanlı torpaqlarından Azərbaycan ərazilərinə, eləcə də Qarabağa köçürülüb. Təkcə 1828-1830-cu illərdə Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlıdan isə 90 min erməni yerləşdirilib. Rus qafqazşünası N.Şavrov 1911-ci ildə yazıb ki, hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonunu Rusiya hökuməti köçürüb.     Professor qeyd etdi ki, strateji əhəmiyyətli mövqedə - Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolunun üstündə yerləşən Xocalının işğalında ermənilərin hərbi birləşmələri ilə birgə 366-cı alay da fəal iştirak edib, şəhər 4 saat ərzində yer üzündən silinib, dinc insanlara qarşı görünməmiş cəza tədbirləri həyata keçirilib, faciə nəticəsində itkin düşənlərlə birgə ümumilikdə 2500 nəfər məhv edilib, tarixi abidə, mədəniyyət və digər obyektlər dağıdılıb. Natiq vurğuladı ki, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl surətdə həyata keçirdiyi siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir, ictimaiyyətimiz dünya ölkələrinə və beynəlxalq təşkilatlara müraciətlər göndərir. Artıq bir çox ölkələr, İslam Konfransı Təşkilatı kimi böyük beynəlxalq qurum Xocalı hadisəsini soyqırım kimi tanıyıb. Natiq ümid etdiyini bildirdi ki, gələcəkdə Azərbaycan rəhbərliyinin səyləri nəticəsində Xocalı soyqırımı daha çox dövlət tərəfindən tanınacaq, haqq-ədalət öz yerini tutacaq.

Tədbir “Xocalı qətliamı” adlı sənədli filmin nümayişi ilə başa çatdı. 

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında