Müqəddəs elm ocağı

 

 

 

 

AMEA-nın Geologiya İnstitutunun yaradılmasının 75 illiyi

Keçən əsrin ortalarında Azərbaycan Elmlər Akademiyası yarandıqdan sonra elmimizin bütün sahələrində, o cümlədən geologiya elmində sanki bir sıçrayış oldu. 1938-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının geoloji sektorunun əsasında AMEA-nın Geologiya İnstitutu yaradıldı. O vaxtdan artıq 75 il keçir.

Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisinin geoloji quruluşunun öyrənilməsi, onun mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsi üzrə fundamental və tətbiqi məsələlərin həyata keçirilməsində bu elm ocağı mühüm rol oynamışdır. Elmlər Akademiyası sistemində aparıcı elmi təşkilatlardan biri olan Geologiya İnstitutu keçmiş Sovet İttifaqının qabaqcıl elmi mərkəzləri ilə sıx əməkdaşlıq şəraitində böyük yol keçmiş, geologiya elminin inkişafına misilsiz töhfələr vermişdir. Azərbaycanda geologiya elminin inkişaf etməsində milli alim-geoloqlarımız müxtəlif istiqamətlərdə elmi məktəblər yaratmışlar. Onlardan akademiklər Mirəli Qaşqay, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, Musa Əliyev, Qambay Əlizadə, Şəfaət Mehdiyev, Sübhi Salayev, Əzəl Sultanov və Ədhəm Şixəlibəylinin böyük xidmətləri vardır. Qeyd etmək lazımdır ki, bu alimlərdən Ə.Əlizadə, Ş.Əzizbəyov və M.Qaşqay 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradıcıları olan 15 təsisçinin sırasında olmuşlar. Bu görkəmli alimlərin hər biri öz sahələrinə uyğun yüksək səviyyəli və çoxsaylı elmi mütəxəssislər yetişdirmişlər.

Akademik Mirəli Qaşqay Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparmış, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənmişdir. Xüsusən də Daşkəsən filiz rayonu və bu ərazidə yerləşən Zəylik alunit yatağı, habelə Kəlbəcər sahəsinin faydalı qazıntıları, o cümlədən İstisu mineral su yatağı sahəsində tədqiqatlar məhz akademik Mirəli Qaşqayın adı ilə bağlıdır. Onun bir çox əsərləri, o cümlədən “Dünya alunit yataqlarının tədqiqi”nə dair iki cildlik əsəri də elmi ictimaiyyətə yaxşı məlumdur.

Akademik Şamil Əzizbəyov isə Naxçıvanın və Talış zonasının geologiyasını geniş və hərtərəfli öyrənmişdir. Onun yetişdirmələri bu gün də həmin tədqiqatları davam etdirirlər. Akademiklər Musa Əliyev və Qambay Əlizadə Azərbaycanın paleontologiya və stratiqrafiya elmləri sahəsində əsaslı tədqiqat işləri aparmışlar. Bu sahədə onlar böyük məktəb yaratmışlar. Akademik Ələşrəf Əlizadə, Şəfaət Mehdiyev, Sübhi Salayev isə Azərbaycanın neft sənayesində böyük xidmətləri olan şöhrətli alimlərdir. Onu da qeyd edək ki, neftin dərinlik biogen mənşəli olması barədə Şəfaət Mehdiyevin nəzəriyyəsi bu gün də neft elmində önəmli sayılır. Akademik Əzəl Sultanov litologiya elmi sahəsində böyük xidmətlər göstərmiş dəyərli alimlərimizdəndir. Azərbaycanın tektonika elminin öyrənilməsində isə akademik Ədhəm Şixəlibəylinin xidmətləri danılmazdır. Adları qeyd olunan bu dünya şöhrətli alimlərin hər biri öz elmi istiqamətlərinə uyğun yeni məktəblər yaradaraq dünya elmində böyük tədqiqatçı alim kimi tanınıblar. Onlar nəinki Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna, eləcə də Azərbaycan geologiya elminə böyük töhfələr vermişlər.

Neft, qaz geologiyası və geokimyası institutumuzun mühüm elmi istiqamətlərindən biridir. Bu sahənin inkişafı akademiklər Ş.Mehdiyev, Ə.Əlizadə, S.Salayev, habelə müxtəlif nəsillərdən olan digər tanınmış tədqiqatçıların adları ilə bağlıdır. İnstitutda neft geologiyasının aktual problemlərindən neftin genezisi, sənaye əhəmiyyətli neft-qaz yığımlarının formalaşma və paylanma qanunauyğunluqlarının öyrənilməsi üzrə tədqiqatlar aparılmışdır. Xüsusi metodika ilə Azərbaycanda neft və qazın proqnoz ehtiyatları qiymətləndirilmiş, perspektivli stratiqrafik komplekslərə və rayonlara ayrılmış, kəşfiyyat işlərinin istiqamətinə dair tövsiyələr verilmişdir. Zəngin geoloji-geofiziki materialların yeni üsullarla təhlili nəticəsində Xəzər regionunun potensial ehtiyatlarının və seysmik təhlükənin qiymətləndirilməsi üzrə işlər aparılmış, ilk dəfə olaraq Azərbaycan və Rusiya alimlərinin birgə ekspert rəyinə əsasən regionun potensial karbohidrogen ehtiyatları hesablanmışdır. Geologiya İnstitutu əldə edilmiş qrantların sayına görə Azərbaycanda elmi müəssisələr sırasında mütləq liderliyə nail olaraq 71 beynəlxalq qrant layihələri həyata keçirmişdir. İnstitut “SOROS”, “İNTAS”, “NATO”, “CRDF”, “KOPERNİCUS”, Ukrayna Elmi Fondu, ABŞ-ın Milli Elmi Fondu və digər tanınmış fondlarla fəal qarşılıqlı fəaliyyətdə olmuş və bu gün də bir çox beynəlxalq fondlarla sıx əlaqədə fəaliyyət göstərir.

Məlumdur ki, XX əsrdə geologiya sahəsində mühüm elmi nailiyyətlərdən biri də struktur əmələ gətirən proseslərdə flyüid axımının fəal roludur. Bu da mahiyyət etibarilə yeni elmi tədqiqat istiqamətinin meydana çıxması deməkdir. Daha doğrusu, bu istiqamət neft və filizəmələgəlmə sahəsində yeni ideyaların yaranması fikridir. Bu fikrin aparıcı istiqaməti - flyüidodinamik konsepsiyadır. Flüidodinamik sistemlərin yaranma və inkişaf proseslərinin tədqiqi isə şübhəsiz ki, neft-qaz və filiz formasiyalarının mürəkkəb poligen və polixron formalaşma tarixinin dərk edilməsi üçün əsas sayıla bilər.

Palçıq vulkanlarının öyrənilməsi də mühüm elmi əhəmiyyət kəsb edir. Akademik Əhəd Yaqubovun rəhbərliyi ilə 1971-ci ildə dünya geoloji ədəbiyyatında ilk dəfə “Azərbaycanın palçıq vulkanları” atlası tərtib və nəşr edilmişdir. Geologiya İnstitutu alimləri bu sahədə nəinki Azərbaycanda, habelə digər ölkələrin palçıq vulkanlarının öyrənilməsində də geniş tədqiqat işləri aparmışlar. “Dünya palçıq vulkanları atlası”nın tərtibi üzrə işlər hazırda sona çatdırılmışdır. Dünyanın 37 ölkəsində, habelə Aralıq dənizinin və Qara dənizin dərin zonalarında yayılmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib təhlil edilmiş, onların morfologiyası, struktur mövqeyi, habelə püskürmə məhsullarının geokimyası ətraflı şərh olunmuşdur. Hazırda isə institutda dünya palçıq vulkanlarının püskürmə mexanizmi, onların zaman və məkan baxımından paylanma qanunauyğunluqları, aerokosmik, geofiziki analizlər, vulkanların püskürmə məhsullarının dərin izotop-geokimyəvi öyrənilməsi kimi elmi məsələlərin araşdırılması işləri aparılır.

Geologiya İnstitutu 10 ildən artıqdır ki, yüksək elmi texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnoloji İnstitutu, habelə Qafqaz, Yaxın və Orta Asiya ölkələri ilə birgə regionun iri bloklarının hərəkət sürətləri və istiqamətləri sahəsində prioritet işlər aparır. Bu tədqiqatların nəticələri dünyanın nüfuzlu jurnallarında dərc olunmuş, beynəlxalq konqres və konfranslarda müzakirə edilmişdir. Bu gün bu elmi nəticələr geologiya üzrə ən çox istinad edilən və tələb olunan elmi işlər sırasına daxil edilmişdir.

İnstitut Beynəlxalq Geoloji Elmlər İttifaqı xətti üzrə beynəlxalq layihələrin reallaşmasında iştirak etmişdir. “Neft-qaz kompleksinin inkişafı ilə əlaqədar Xəzər dənizi regionunda geodinamik və ekoloji vəziyyətin proqnoz sistemi və nəzarəti” beynəlxalq proqramı Xəzər dənizi dövlətləri - Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iştirakı ilə yerinə yetirilmişdir. 1998-ci ildən başlayaraq institutda “Şərqi Aralıq dənizi - Qafqazın GPS” layihəsi çərçivəsində Massaçusets Texnoloji İnstitutu ilə əməkdaşlıq şəraitində GPS ölçülmələrindən istifadə etməklə Azərbaycan ərazisində yer qabığının kinematikası və dinamikasının öyrənilməsi üzrə işlər aparılır. Qafqazın kollizion zonasının müasir öyrənilməsi üzrə işlər tədqiq edilmiş, deformasiya enerjisinin toplandığı məntəqələr aşkar olunmuşdur.

“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi” Tədbirlər Planı isə Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə təsdiq edilmişdir. Bununla əlaqədar Azərbaycanda ilk dəfə geotexnologiya elminin əsas prinsipləri qızıl yataqlarında sınaqdan keçirilmişdir. Aparılmış işlər nəticəsində qızılı yerin altından çıxarmağın yeni üsulları işlənib hazırlanmışdır. Onlardan biri torpaqdan metalların yuyulub çıxarılması üsuludur. Bu üsulla qızılın çıxarılması təbiətə ziyan vurmadan asan və ucuz başa gəlir. “Azərbaycan Respublikasında, habelə nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi” adlı Dövlət Planı da Nazirlər Kabinetinin 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunub. Bu istiqamətdə institutun əməkdaşları tərəfindən ölkədə ilk dəfə genişmiqyaslı tədqiqatlar aparılmış və mühüm nəticələr əldə edilmişdir. Tədqiqatlar əsasında dövlət tərəfindən hazırda mühafizə olunan nadir geoloji obyektlərin sənədləşdirilməsi və respublika üzrə kəşf edilməmiş nadir geoloji obyektlərin aşkarlanması sahəsinə yönəlmiş çöl ekspedisiya işlərinə xüsusi diqqət yetirilir. İşlərin mühüm nəticəsi kimi nadir geoloji obyektlər siyahısına daxil edilmək üçün təklif olunan 484 geoloji obyekt elmi cəhətdən öyrənilmiş və onların təsnifatı aparılmışdır. O cümlədən 11 obyektin dünya əhəmiyyətli, 31 obyektin Qafqaz üzrə, 82 obyektin isə ölkə səviyyəli nadir olduğu müəyyən edilmişdir. İlkin tədqiqatlar göstərir ki, Azərbaycan beynəlxalq səviyyəli milli geoparkların yaradılması baxımından geniş potensiala malikdir. Bunlardan ilk növbədə, Abşeronun qədim neft mədənləri (Binəqədi və Yanardağ sahələri daxil olmaqla), Culfa, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun hesab edilir. Binəqədi dördüncü dövr fauna və flora qəbristanlığı da ətraflı öyrənilmişdir.

Azərbaycanın petrologiya, mineralogiya, filiz və qeyri-filiz faydalı qazıntı sahələrini ətraflı şəkildə ilk dəfə akademiklər M.Qaşqay və Ş.Əzizbəyov öyrənmişlər. Onların yaratdıqları məktəblərin ənənələrinin qorunub saxlanılması tanınmış geoloq-petroloqların uzun illər apardıqları tədqiqatlar nəticəsində mümkün olmuşdur. Maqmatik əmələgəlmələrin maddi tərkibi, yayılma və yerləşməsi, habelə onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının formalaşma qanunauyğunluqları öyrənilmişdir. Çoxillik tədqiqatlara əsasən filiz yataqlarının geoloji-struktur xüsusiyyətləri müəyyən edilmişdir. Filiz sahələrinin proqnoz qiymətləndirilməsi üçün praktiki tövsiyyələr verilmişdir. Böyük Qafqazın cənub yamacının kolçedan formasiyasının genezisi və formalaşma şəraiti öyrənilmiş və kolçedan-polimetallik qurşaq aşkar edilmişdir. Mütəxəssislərin maqmatik formasiyaların filizliyi üzrə apardıqları tədqiqatlar nəticəsində Kiçik Qafqazda mis-porfir filizləşməsi kəşf olunmuş və onun mezozoy qranitoidləri ilə bağlılığı əsaslandırılmışdır. Geokimyəvi tədqiqatlar isə geokimya məktəbinin yaradıcıları olan akademik Mirəli Qaşqay və Milli Elmlər Akademiyasının müxbir üzvü Heydər Əfəndiyevin rəhbərliyi ilə aparılmışdır. Bu məktəbin yetirmələri bu səhədə tədqiqat işlərini indi də davam etdirirlər. Belə ki, ayrı-ayrı kimyəvi elementlər və ya element qrupları ilə süxurların filizliliyi arasında əlaqələr müəyyən edilmişdir. Geokimyəvi və mineraloji tədqiqatlar sayəsində 360-dan çox mineral növü aşkar olunmuşdur. Kimyəvi elementlərin müasir miqrasiyaetmə proseslərınin öyrənilməsi, habelə dərinlik geokimyəvi üsulun zondlama elmi əsaslarının yaradılması gizli filizləşmənin axtarışı və proqnozu üçün mühüm əhəmiyyət kəsb edir.

Petrologiya və metallogeniya üzrə tədqiqatlar istiqamətində Böyük və Kiçik Qafqaz qırışıqlıq strukturlarında geodinamiki şəraitin təhlili nəticəsində metallogenik vilayətlərin məkan və zamanca paylanma qanunauyğunluqları aşkarlanmış, filiz-maqmatik sistemlərin genetik əlaqəsi müəyyən olunmuş və bu sistemlərin geoloji-genetik modeli tərtib edilmişdir. Kiçik Qafqaz ofiolitlərinin tədqiqi qırışıqlıq qurşağı strukturunda okean qabığının olmasını təsdiq etmiş və onun iki paleookeanik hövzədə paleo və mezotetisdə formalaşması haqqında mülahizə irəli sürməyə imkan vermişdir.

Yerin fizikası sahəsində də seysmoloji və qravimetrik məlumatlar əsasında Azərbaycanda ilk dəfə olaraq Yer qabığının dərinlik quruluşuna dair elmi nəticələr yekunlaşdırılmışdır. Respublika ərazisinin seysmorayonlaşdırılması, zəlzələ ocaqları zonasının dərinliyinin təyini, Yerin maqnetizmi öyrənilmiş, habelə Azərbaycanın paleozoy, mezozoy və kaynozoy çöküntü komplekslərinin paleomaqnit şkalaları yaradılmışdır. Nəzəri geofizikanın müxtəlif istiqamətləri üzrə fundamental tədqiqat işləri aparılmış, zəlzələ ərəfəsində mikroseymlərin əvvəllər məlum olmayan dəyişmə qanunauyğunluğu kəşf edilmiş və zəlzələlərin hazırlıq prosesinə müəyyən dərəcədə nəzarət etməyə imkan yaratmışdır.

Azərbaycanın müstəqilliyi dövründə elmimizin inkişafında yeni mərhələ başlandı. Geologiya İnstitutunda regional geologiya, tektonika, paleontologiya və stratiqrafiya, litologiya, neft və qaz geologiyası, palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı, petrologiya, metallogeniya, geokimya və mineralogiya, Yer fizikası, geoekologiya, geoinformatika və digər istiqamətlərdə fundamental tədqiqatlar daha da genişləndi. İnstitut Rusiyanın Elmlər Akademiyası, Təbii Sərvətlər, Təhsil Nazirliyi sistemlərinin eyni profilli sahələri və elmi mərkəzləri, habelə Ukrayna, Özbəkistan və Gürcüstanın müvafiq elmi institutları ilə elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirdi. Azərbaycan Respublikası iqtisadiyyatının mühüm problemləri həmişə institutun maraq dairəsində olmuşdur. Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji”, keçmiş “Azərqızıl” şirkəti və digər idarə və təşkilatların sifarişi ilə əməli elmi tədqiqatlar yerinə yetirilmiş, onların nəticələri istehsalatda tətbiq olunmuşdur. İnstitut həm MDB, həm də Qərb dövlətləri ilə elmi əməkdaşlıq etmək və bu əlaqələri qoruyub möhkəmləndirmək, habelə genişləndirmək istiqamətində böyük işlər görür. İnstitut qərb standartlarına uyğunlaşmanın ən çətin mərhələsini keçmiş, ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Türkiyə, Avstriya, İtaliya və başqa ölkələrin alim və mütəxəssisləri ilə birlikdə bazar iqtisadiyatı şəraitində müəyyən iş təcrübəsi qazanmışdır.

Kollektivin apardığı tədqiqatların əsas nəticələri çoxsaylı nəşrlərdə öz əksini tapmışdır. İnstitutda 8000-dən artıq elmi məqalə, müxtəlif konfrans və simpoziumların materialları, o cümlədən 300-dən çox monoqrafiya və dərs vəsaiti çap olunmuşdur. İnstitutun geoloq-alimləri müxtəlif təşkilatlarda çalışan mütəxəssislərin səylərini birləşdirərək çoxcildlik “Azərbaycan geologiyası” ensiklopediyasının – “Stratiqrafiya”, “Litologiya”, “Maqmatizm”, “Yer fizikası”, “Faydalı qazıntılar”, “Neft və qazın geologiyası və geokimyası”, “Tektonika”, “Hidrogeologiya və mühəndis geologiyası” cildlərinin ərsəyə gəlməsinə nail olmuşlar. Bu elmi hadisəni, sözün əsl mənasında, ölkə ərazisinin geoloji quruluşunun və mineral xammal bazasının öyrənilməsi sahəsində Azərbaycan geoloqlarının çoxillik nailiyyətlərinin parlaq elmi yekunu kimi də qiymətləndirmək olar.

Hikmət MAHMUDOV,
geologiya-mineralogiya elmləri doktoru,
professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında