“Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir

 

 

 Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Avropa İttifaqının TAIEX proqramı çərçivəsində keçirilən seminarda təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf, Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin Ali təhsil və elm şöbəsinin baş məsləhətçisi İva Kaunisma, İsveçin Ali Təhsil İdarəsinin məsləhətçisi Lennart Stel, İtaliyanın Degli Studi di Trento Universitetinin Müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Belçikanın Hasselt Universitetinin Elmi-Tədqiqat Əlaqələndirmə İdarəsinin direktoru Ann Peters, ali təhsil müəssisələrinin prorektorları, doktorantura şöbələrinin müdirləri və digər rəsmi şəxslər iştirak etmişlər.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, seminarda nazir Misir Mərdanov doktorluq proqramlarının müzakirəsinin önəmini nəzərə çatdıraraq Avropa İttifaqının yardımı ilə təşkil olunmuş bu tədbirə Belçika, Finlandiya, İsveç və İtaliyadan olan beynəlxalq ekspertlərin də qatılmasının əhəmiyyətini xüsusi vurğulamışdır. Nazir bildirmişdir ki, seminarın əsas məqsədi Avropa İttifaqına üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasətin, doktorluq proqramlarının konsepsiyasının və prosedurlarının Boloniya prosesinin tələbləri baxımından müzakirə olunmasıdır. Təhsil naziri fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsi və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin də müzakirə ediləcəyini diqqətə çatdırmışdır. Misir Mərdanov, həmçinin Təhsil Nazirliyinin Avropa İttifaqının Tvininq və TAIEX proqramlarında 2009-cu ildən etibarən iştirak etdiyi haqqında məlumat vermişdir.

Nazir 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda doktoranturanın ali təhsilin ən yüksək səviyyəsi kimi təsbit olunduğunu bildirmişdir. Hazırda Azərbaycanda doktorantura üzrə təhsil proqramlarının həm universitetlərdə, həm Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında, həm də sahəvi elmi tədqiqat institutlarında və elmi təşkilatlarda həyata keçirildiyini qeyd edən təhsil naziri elmi dərəcələrin və elmi adların təsdiq edilməsinin Ali Attestasiya Komissiyasının səlahiyyətinə daxil olduğunu qeyd etmişdir. Misir Mərdanov bildirmişdir ki, ölkəmizdə doktorantura təhsili verən 177 müəssisədə mindən artıq doktorant təhsil alır.

Azərbaycanda aparılan təhsil islahatlarında əsas məqsədin ənənəvi təcrübə əsasında Boloniya prosesinin tələblərinə cavab verən yeni, demokratik və mütərəqqi təhsil sistemi qurmaqdan ibarət olduğunu bildirən nazir bu baxımdan belə tədbirlərin, qarşılıqlı fikir mübadiləsinin vacibliyinə diqqət yönəltmiş, respublikamızda doktorantura təhsili sahəsində bu və ya digər məsələlərin həllində yaxından və davamlı olaraq kömək göstərən Avropa İttifaqının ekspertlərinin əməyini yüksək qiymətləndirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf və başqaları doktorantura təhsilinin mövcud vəziyyəti, müxtəlif ölkələrin təcrübəsi barədə söhbət açaraq, doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər haqqında fikir və mülahizələrini bildirmişlər.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında