Təhsil Nazirliyində Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın təqdimatı olmuşdur

 

 

Fevralın 22-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov xaricdə təhsilin əhəmiyyətindən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından, bu sahədə görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasının nəzərdə tutan proqramın əsas məqsədlərindən danışan nazir demişdir ki, proqram çərçivəsində bu günədək 1.824 azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilmişdir. 

Təhsil nazirinin müavini Qulu Novruzov Məlumat İdarəetmə Sistemi və yeni veb-saytla bağlı təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, xaricdə təhsil üzrə Dövlət Proqramının həyata keçirilməsinin ilk günlərindən Təhsil Nazirliyi tərəfindən  müvafiq elektron baza  proqramı və veb-sayt yaradılmışdır. Prezident İlham Əliyevin  “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanı bir müddət əvvəl başlanılan bu işin sürətləndirilməsinə və layihənin həyata keçirilməsinə olan inamı daha da artırmışdır. Dövlət Proqramına ərizələrin elektron şəkildə qəbulu məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Q.Novruzov qeyd etmişdir ki, 2011-2012-ci tədris ilindən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün sənədlərin elektron ərizə formatında qəbulunun həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə hərtərəfli və xüsusi tərtibatlı elektron ərizə forması hazırlanmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq nəticəsində məlumatların yerləşdirilməsi üçün xüsusi baza yaradılmışdır.

Proqrama Dövlət Neft Fondunun da qoşulması Dövlət Proqramının icrasında daha mürəkkəb prosedura hesab olunan maliyyələşdirmə mexanizminin müəyyən qədər sadələşdirilməsinə imkan verəcəkdir.

Beynəlxalq təcrübədən istifadə edilərək hazırlanan Məlumat İdarəetmə Sisteminin əsas xüsusiyyətləri və üstünlükləri, onun yaradılmasının zərurətləri, www.xaricdetehsil.edu.gov.az veb-səhifəsindəki yeniliklər barəsində geniş məlumat verilmişdir.

Vurğulanmışdır ki, Məlumat İdarəetmə Sistemi, eyni zamanda, Dövlət Proqramının icrası prosesində şəffaflığın təmin  olunması  və operativ idarəetmənin tətbiqi üçün optimal vasitədir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov xaricdə təhsil alan tələbələrlə bağlı bütün məlumatların şəffaflığının təmin olunmasında yeni sistemin əhəmiyyətini qeyd etmiş,  bu sahədə işlərin  daha da təkmilləşdiriləcəyinə əminliyini bildirmişdir.

 Dövlətimizin başçısının  xaricdə təhsilə çox böyük əhəmiyyət  verdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi demişdir ki, bu sahədə şəffaflıq, ədalət daha yüksək səviyyədə təmin olunmalıdır. Bu baxımdan tələbələrin qəbulu prosesinin də onlayn sistemdə göstərilməsi çox böyük əhəmiyyət kəsb edə bilər.

Tələbələrin xaricdə təhsil almağa göndərilməsi üçün 40-dək sənədin  tələb olunması məsələsinə münasibətini bildirən N.Məmmədov dünyanın heç yerində, eləcə də Azərbaycanda hər hansı bir işlə bağlı bu qədər sənədin tələb olunmadığını diqqətə çatdırmış, sistemləşdirmə yolu ilə  sənədlərin sayının azaldılması təklifini  səsləndirmişdir. Yeni sistemin yaradılmasını xaricdə təhsillə bağlı uğurlu addımlardan biri kimi dəyərləndirən N.Məmmədov   bu sistemin  xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı Təhsil Nazirliyinin qarşısında duran vəzifələrin daha yaxşı yerinə yetirilməsinə kömək edəcəyinə  ümidvar olduğunu söyləmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin əhəmiyyətini vurğulamış və  bu sistemin  “Elektron hökumət” portalına da birləşdiriləcəyinə əminliyini bildirmişdir.

Ə.Abbasov sistemin təkmilləşdirilməsi istiqamətində bəzi tövsiyələrini qeyd etmiş, sistemi ərsəyə gətirənləri təbrik etmişdir. Hesab edirəm ki, bundan sonra bizim “Elektron hökumət”  xidmətlərinin  ən çox müraciət etdiyi sistemlərdən biri də bu sistem olacaqdır.

Gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının  əhəmiyyətindən danışan Azərbaycan Respublikası  Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, bu proqram çərçivəsində 1.800-dən çox azərbaycanlı gəncin xarici ölkələrdə təhsil alması bizim üçün böyük uğurdur. Bu sahədə fəaliyyətin şəffaflığının təmin edilməsində  yeni istifadəyə verilən Məlumat İdarəetmə Sisteminin mühüm rolu olacağına inamını ifadə edən Ş.Mövsümov demişdir ki, DNF də bu sistemdən istifadə edəcəkdir. Nəticə etibarilə tələbələrin  seçimi  və təhsillərinin maliyyələşməsi daha tez həyata keçiriləcəkdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında