“Ana dilimizi sevək, sevdirək”

 

 

 “Çağ” Öyrətim  İşlətmələri  Şirkətinin  Təhsil Nazirliyinin dəstəyi ilə  “Ana  dilimizi  sevək,  sevdirək” çağırışı altında ölkəmizdə  keçirdiyi  X ənənəvi  məktəbli yarışması  başa çatmışdır. Beynəlxalq   Ana Dili Günü ərəfəsində Azərbaycan Dövlət  Milli Dram Teatrında  təşkil olunan  təntənəli   mərasimdə  müsabiqənin  final  mərhələsinin  qalibləri mükafatlandırıldılar.

Azərbaycan  dilinin şərəfinə  qurulmuş  şənlikdə qaliblərin  müəllimlərindən  və  doğmalarından  əlavə,  ölkənin  tanınmış  dilçi və ədibləri, dövlət və hökumət  rəsmiləri,  media  təmsilçiləri  də  iştirak  edirdilər.  Salonun  görünən  yerində ümummilli lider  Heydər Əliyevin   söyləmiş olduğu  “Ana  dilimiz  müstəqil Azərbaycan xalqının  ən böyük   milli  sərvətidir” sözləri, ulu  öndərin və Prezident  İlham Əlyevin  portretləri  diqqəti  cəlb edirdi.  Səhnədə  müsabiqənin  turlarını əks etdirən videogörüntülər,  ana dilimizi  vəsf  edən  şeir  və musiqi  parçaları  axşamın  təntənəsini  daha  da  artırırdı.

Xocavənd  və  Xocalı  faciələrinin  ildönümü  ərəfəsində  salona  toplaşanlar  günahsız  qurbanların  xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.  Mərasimin  rəsmi  hissəsi  Azərbaycanın  dövlət himninin  səslənməsi ilə başladı.  İştirakçıları  salamlayan  “Çağ” Öyrətim Şirkətinin  Azərbaycan —  Türkiyə  Özəl  Liseyləri  Baş  İdarəsinin  rəisi  Məsud  Kurnaz “Ana dilimizi  sevək, sevdirək”  respublika  müsabiqəsinin  tarixçəsi  və builki  turları   barədə  ətraflı  məlumat verdi.

Natiq  bildirdi ki,  Azərbaycan  dilinin  ölkədəki indiki  yüksək mövqeyi,  onun  dövlət dili statusunun  təmin  olunması  ümummilli  lider Heydər Əliyevin   adı ilə bağlıdır. Ulu öndər  hələ  sovet dövründə Azərbaycan dilinin  respublikada dövlət dili  kimi  konsititusiyada  təsbit olunmasını  gerçəkləşdirmişdir. Dövlət  müstəqilliyi dövründə  isə  müvafiq  konstitusiya  müddəası  ayrıca  qanun və  digər  rəsmi sənədlərdə  daha   da genişləndirilmiş,  Azərbaycan dili dövlətin  və  xalqın həyatında  layiq olduğu  ali məqama yüksəlmişdir. Prezident İlham Əliyevin  diqqət  və qayğısı  ilə ana  dili problemlərinin həlli ilə   bağlı  təsirli  tədbirlər  həyata keçirilmişdir.

Azərbaycan  dilinin  belə  yüksək səviyyədə himayə olunması “Çağ”  Öyrətim Şirkətinə   2003-cü  ildən  bəri  təşkil olunan  ana dili  müsabiqələrini ildən-ilə  daha  geniş miqyasda, təkmil formalarda  keçirməyə  imkan yaratmışdır.   İlk  yarışmalar inşa  və qrammatika   məharəti üzrə   təkcə   şirkətin liseylərinin şagirdlərini  əhatə etsə də,  sonrakı  illərdə o,  şeir, musiqi və  internet  saytı  nominasiyaları  da əlavə   olunmaqla  nüfuzlu ümumrespublika  müsabiqələrinə  çevrildi. Builki  yarışmada  şəhər və  rayonların  1200-dək  məktəbinin  39 minədək yuxarı sinif  şagirdi ilk turun  iştirakçısı  olmuşdur.   İkinci  mərhələdə   yüzlərlə  istedadlı  şagird  məharətini  sərgiləmiş,   onların arasından  seçilmiş 15  məktəbli  isə finalın   qalibləri  olmuşlar.

Təhsil  nazirinin  müavini  Qulu Novruzov  ana dili  müsabiqələrinin ölkəmizdə   böyük dil  bayramına  çevrilməsində “Çağ”  Şirkətinin  müəllim  və  şagirdlərinin  xidmətini  vurğulayaraq,  builki  qalibləri  səmimi təbrik  etdi, onlara  təhsildə  və  qabiliyyət  yarışmalarında  daha  böyük   uğurlar dilədi.

“Çağ” Öyrətim İşlətmələri  Şirkətinin  prezidenti  Ənvər  Özərən musabiqənin uğurlar  estafetinin yüksələn  xətlə davam etməsində  Təhsil Nazirliyinin   dəstəyindən söz açdı.  O əlavə  etdi ki,  bu  yarışmanın   qalibləri  və fəal  iştirakçıları  son  illərdə Türkiyədə  keçirilən  beynəlxalq türkcə olimpiadalarının təntənələrinə də qoşulur, “Azərbaycanı tanıtım”  tədbirlərində  ölkəmizi  ən yüksək  səviyyədə  təmsil  edirlər.

Qaliblərə 5 nominasiya üzrə ilk 3 yerin mükfatlarını və hədiyyələri rəsmi şəxslər və tanınmış  ziyalılar təqdim etdilər. Bədii hissədə çıxış edən final iştirakçıları  Azərbaycan dilinin gözəlliyini,  ifadə  zənginliyini  əks etdirən  seçmə şeir,  musiqi,  esse  nümunələrini  təqdim etdilər.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında