Fevralın 20-də ABŞ-ın Rəqəmsal Enerji və Əməliyyatlar Texnologiyaları (General Electric) və Əməliyyat Texnologiyası şirkətlərinin (ETAP), bu qurumların Azərbaycan üzrə regional nümayəndəsi olan “Araz Energy” şirkətinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) enerji sistemləri laboratoriyası açılmışdır.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat vermiş, burada açılan yeni laboratoriyanın əhəmiyyətindən, onun energetika sahəsində qabaqcıl mövzuları əhatə edən və eyni zamanda, tələbələrə, tədqiqatçılara, sənaye mütəxəssislərinə enerji sistemlərini təhlil etmək, hesablamaq, optimallaşdırmaq imkanı verən, regionda 20 istifadəçi tərəfindən idarə ediləcək ilk laboratoriya olmasından danışmışdır.
Rektor bildirmişdir ki, AzTU-da yaradılan laboratoriya respublikamız üçün böyük əhəmiyyət kəsb edir. Bu laboratoriya avtomatika, müdafiə, idarəetmə, SCADA və idarəetmə sistemlərinin qurulması sahələri üzrə görülən işlərə, kommunal xidmətlərdə, sənaye müəssisələrində, yüksək sıxlıqlı yaşayış sahələrində texniki problemlər baş verdikdə, onların tez bir zamanda aradan qaldırılmasına kömək edəcəkdir. Qeyd olunmuşdur ki, qabaqcıl mühafizə sistemlərini optimallaşdırmağa şərait yaradan bu sistem, ən müasir laboratoriya avadanlığı və xüsusi proqramlar formasında “GE Digital Energy” və ETAP şirkətləri tərəfindən AzTU-ya hədiyyə edilmişdir. Burada əlavə olaraq alqoritmlər, konfiqurasiyalar və ən müasir yarımstansiya avtomatlaşdırma sistemləri yerləşdirilmişdir.
H.Məmmədov Prezident İlham Əliyevin “2013-cü ilin Azərbaycan Respublikasında ”İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" 16 yanvar 2013-cü il tarixli Sərəncamını diqqətə çatdırmış, bunu dövlətimizin başçısı tərəfindən bu sektorun inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirmişdir. AzTU-da açılan laboratoriyanın “İnformasiya-kommunikasiya texnologiyaları ili”nə töhfə olduğunu vurğulayan rektor bildirmişdir ki, bu, həm də ölkəmizin son illərdə əldə etdiyi mühüm nailiyyətlərdəndir.
Bildirilmişdir ki, fevralın 21-22-də AzTU-da “General Electric” və ETAP şirkətlərinin mütəxəssisləri tərəfindən enerji sistemləri laboratoriyasının ilk təlim kursları keçiriləcəkdir.
Tədbirdə “General Electric” şirkətinin baş meneceri Luis Peres təmsil etdiyi qurumun fəaliyyətindən, AzTU ilə əməkdaşlığın əhəmiyyətindən danışmış, universitetdə açılan laboratoriyanın ölkədə yüksəkixtisaslı kadrların hazırlanması işinə kömək edəcəyinə ümidvar olduğunu nəzərə çarpdırmışdır.
Qeyd olunmuşdur ki, şirkətin əsas vəzifələrindən biri də enerji istehlakında problemlər baş verdikdə onları aradan qaldırmaq və istehsal etdiyi enerji ilə gələcək nəsillərin enerji təchizatını təmin etməkdir. Enerji sistemləri laboratoriyasının köməyi ilə həyata keçirilən funksiyalar barədə məlumat verən L.Peres AzTU ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
ETAP şirkətinin vitse-prezidenti Jaki Qahari bildirmişdir ki, yeni laboratoriya energetika sahəsinin bir çox problem mövzularını və onların həlli yollarını özündə birləşdirərək tələbələrə, tədqiqatçılara, sənaye mütəxəssislərinə təhlil aparmaq, böyük enerji sistemlərini analiz etmək imkanı verəcəkdir.
Təmsil etdiyi qurumun dünyada elektroenergetika sistemlərinin proqram təminatı ilə məşğul olan ən iri korporasiya kimi tanındığını diqqətə çatdıran J.Qahari demişdir ki, ETAP enerji sistemlərinin dizaynını, proqram təminatının təhlilini, əməliyyatını, monitorinq və idarəsini təhlil edir. ETAP enerji sistemləri üzrə və sənaye sistemləri sayılan neft-qaz emalı, sement, polad, dağ-mədən sənayesi, nüvə ehtiyatları, nəqliyyat, yüksəkgərginlikli elektrik şəbəkələrinin enerji bərpasını həyata keçirən ən qabaqcıl enerji mərkəzidir.
J.Qahari ETAP-ın dəstəyi ilə Azərbaycanda istifadəyə verilən laboratoriyanın tətbiqi əhəmiyyətinin böyük olacağına əminliyini bildirmiş, universitetin kollektivinə uğurlar arzulamışdır.
“Araz Energy” şirkətinin prezidenti Səid Nejad Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirmiş, rəhbərlik etdiyi qurumun ölkəmizdə fəaliyyətindən, gördüyü işlərdən, AzTU ilə faydalı əməkdaşlığından danışmışdır.
S.Nejad dəfələrlə AzTU-da olduğunu, universitetin elmi-texniki potensialı ilə yaxından maraqlandığını və bu laboratoriyanın məhz AzTU-da qurulmasını “GE Digital Energy” və ETAP şirkətlərinin rəhbərliyinə məsləhət gördüyünü bildirmişdir. Bu şirkətlərlə aparılmış məsləhətləşmələrin nəticəsində bütün lazımi məsələlər müzakirə edilmiş və yekun razılaşma imzalanmışdır.
Vurğulanmışdır ki, bu laboratoriya regionda, Şərqi Avropada, keçmiş SSRİ məkanında və Yaxın Şərqdə ilk belə treninq-tədris laboratoriyası olduğundan bir çox ölkələrdə onun açılışı maraqla izlənilir. Enerji sistemləri laboratoriyası lokal şəbəkə ilə bir-birinə qoşulmuş kompyuterlərlə idarə olunur və eyni zamanda, iyirmi istifadəçi (dinləyici) üçün treninq keçirməyə şərait yaradır.
Bu laboratoriyanın AzTU-da açılması ilə tələbələrə, magistrlərə, mühəndislərə energetika sahəsinin diaqnostikası, nəzarət metodlarının yaxşılaşdırılması, elektrik paylayıcı sistemlərinə nəzarət kimi funksiyalar ən müasir səviyyədə tədris ediləcəkdir. Gələcəkdə laboratoriyanın bazasında aylıq və illik treninq kurslarının təşkil olunması nəzərdə tutulur.
Sonra yeni laboratoriyanın açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və tədbir iştirakçıları enerji sistemləri laboratoriyasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.