Bakı Ali Neft Məktəbində görüş

 

 

Rabitə və informasiya texnologiyaları naziri akademik

Əli Abbasovla Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətinin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dedi ki, bu günlərdə “Azərspace-1”in uğurla orbitə çıxarılması Azərbaycan üçün tarixi hadisədir. Bu münasibətlə bütün görüş iştirakçılarını təbrik edən rektor bildirdi ki, hazırda Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən birini yaşayırıq. Bu hadisə Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Bu, həm də Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir.

Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində orbitə çıxarılan ilk Azərbaycan peykinin müstəsna rol oynayacağına əminlik bildirən rektor Elmar Qasımov vurğuladı ki, bu peyk ölkəmizin texnoloji inkişafına böyük təkan verəcəkdir.

Sonra Elmar Qasımov dedi ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Ali məktəbin təşkilində məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı ödəməkdir.

Rektor xatırlatdı ki, 2012-ci il üzrə ali təhsil müəssisələrinin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. Bu məlumat Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilində öz ifadəsini tapmışdır. Jurnalda abituriyentlərin ərizələrinin qəbulundan başlayaraq imtahanların təşkili, biliklərin qiymətləndirilməsi, ali məktəblər və ixtisaslar üzrə yerləşdirmə və s. ilə bağlı təfsilatlı məlumatlar yerləşdirilmişdir.

Rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov isə Bakı Ali Neft məktəbinə qəbul olan tələbələri təbrik etdi. Bildirdi ki, bu ali məktəbə qəbul olunanların üzərinə böyük məsuliyyət düşür. Çünki ölkənin inkişafı və gələcəyi savadlı, gənc kadrlardan asılıdır.

Nazir daha sonra “Azərspace”in orbitə buraxılması ilə bağlı bildirdi ki, peyk 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına, həmçinin ölkədə kosmik sahənin inkişafına şərait yaradacaq.

Akademik Əli Abbasov qeyd etdi ki, Azərbaycanın birinci telekommunikasiya peyki fevralın 8-də Fransa Qvianasındakı Kuru kosmodromundan kosmosa buraxılmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar www.arianespace.tv saytı ilə birbaşa yayımlanan peykin buraxılması prosesini müşahidə etmiş və onun funksional imkanları barədə ətraflı məlumat əldə etmişlər. Nazir bu tarixi hadisəni Azərbaycan xalqının qürur günü adlandırdı. Ə.Abbasov bildirdi ki, Azərbaycanın birinci telekommunikasiya peykinin müvəffəqiyyətlə buraxılması ABŞ sənayesinin və Azərbaycan hökumətinin uğurlu tərəfdaşlığının mühüm mərhələsinin ifadəsidir. Bu peyk Azərbaycanın, Qafqaz regionunun, Mərkəzi Asiya, Avropa və Afrika ölkələrinin kommunikasiyaya olan tələbatını indinin özündə və gələcəkdə təmin edəcəkdir.

“Orbital Sciences Corporation” şirkəti “Azərkosmos” ASC və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə imzalanmış müqavilənin şərtlərinə görə, 205 milyon dollar məbləğində qabaqcıl telekommunikasiya peyki layihələndirmiş, istehsal etmiş və təyinat yerinə çatdırmışdır. 1500 iş yerinin açılmasına zəmanət verən peykin istehsalı ABŞ ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlərin bariz nümunəsidir.

Azərbaycanın birinci telekommunikasiya peyki 15 il ərzində Mərkəzi Asiya, Avropa və Afrika ölkələrinə sürətli internet, teleradio yayımı ilə bağlı xidmətlər göstərəcəkdir. “Orbital” şirkəti peykin son sınaq yoxlamalarını apardıqdan sonra o, “Azərkosmos” ASC tərəfindən Bakı və Naxçıvandakı nəzarət mərkəzlərindən idarə ediləcəkdir.

Akademik Əli Abbasov vurğuladı ki, XX əsrin sonlarına doğru informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olmaqla, gündəlk həyatımzın tərkib hissəsinə çevrilməyə başladı. Bu gün bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. Dünya təcrübəsi göstərir ki, İKT-dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və bu texnologiyalar həm də əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həlli üçün tutarlı vasitələrdəndir.

İnformasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin gələcəyinə gedən yoldur və dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. İKT-nın tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Müasir dövrümüzdə dünyanın bir çox dövlətlərində İKT-nın təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və sairdir.

Müasir tələblər baxımından informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi hər bir dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan da bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin məqsədlərindən biridir. Təqdirəlayiq haldır ki, ölkəmizdə İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Azərbaycanda İKT-dən istifadə sahəsində mühüm addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu gün İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir.

Sonda rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov Bakı Ali Neft Məktəbi tələbələrinin suallarını cavablandırdı.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında