Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev:
“Yaz sessiyasında “Elm siyasəti haqqında” qanun müzakirə olunacaq”
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə miqyasında aparılan uğurlu islahatlar, quruculuq işləri, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxarmaqdadır. Azərbaycanın beynəlxalq birlikdəki mövqeyi Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərin məzmunundan da hiss olunur. Bunu onunla izah etmək olar ki, Dünya İqtisadi Forumu hər il yanvar ayında Davosda baş tutan toplantıda Azərbaycanın da təmsil olunmasında maraqlıdır.
Çünki ölkəmizin malik olduğu iqtisadi güc bu marağı şərtləndirən əsas amildir. Dünyanın ən mötəbər iqtisadi forumlarından biri olan Davos İqtisadi Forumunun aprel ayında Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması isə tarixi bir nailiyyətdir. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun təzahürü, digər tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dünya birliyinin verdiyi yüksək qiymətin təzahürüdür.
Bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması olmuşdur. Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi bu günümüzün reallıqlarıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 4 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir.
Azərbaycanda neft gəlirlərinin əsas xərclənmə istiqamətlərindən biri də qeyri-neft sektorunun inkişafıdır. Dəfələrlə bildirilib ki, dövlətin əsas məqsədlərindən biri “qara qızıl”dan gələn gəlirləri insan kapitalına çevirməkdir. Hökumət bununla bağlı genişmiqyaslı işlər aparır. Məsələn, neftdən gələn gəlirlər hesabına hər il yüzlərcə gənc dünyanın tanınmış universitetlərində təhsil almaq üçün xarici ölkələrə göndərilir. Eyni zamanda, alimlərin məvaciblərinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi gözlənilir.
Azərbaycanda müəllimlərin və alimlərin sosial müdafiəsinə yönəlik dövlət proqramlarının qəbuluna böyük ehtiyac var, - deyə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib. B.Əliyev bu fikri AMEA alimlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına dair dövlət proqramının hazırlanacağına münasibət bildirərkən deyib. O qeyd edib ki, indi cəmiyyətdə belə bir fikir var ki, bu, sovet dövründən qalma düşüncə tərzidir, indi bazar iqtisadiyyatı əsasında formalaşan cəmiyyət var, hər şey bazar iqtisadiyyatı prinsiplərinə söykənməlidir. Deyirlər ki, elmi araşdırma aparılırsa, bunun nəticəsi olmalıdır, gəlir əldə edilməlidir və bu gəlirin bir hissəsi də bu yeniliyi əldə etmiş şəxsə verilməlidir.
Mən düşünürəm ki, qanunvericilik bazası möhkəmləndikdən sonra bu işlərin qurulması üçün geniş imkanlar yaranacaq. Azərbaycanda çoxlu sayda yerli və xarici şirkətlər var ki, onların bu gün böyük və çoxsaylı sifarişləri var. Amma bu sifarişlərin həyata vəsiqə alması üçün fundamental elmi potensial gərəkdir. Bu çoxsaylı sifarişlər AMEA alimləri tərəfindən həyata keçirildiyi təqdirdə əldə olunan gəlirin bir hissəsi onların sosial müdafiəsinə yönəlməlidir.
Millət vəkili Bəxtiyar Əliyev daha sonra bildirib:
- Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən təhsil sahəsinə aid bir sıra qanunlar hazırlanmaqdadır. “Elm siyasəti haqqında” qanun qəbul edildikdən sonra ölkədə elm və təhsilin vəhdəti təmin ediləcək. Bundan sonra “Təhsil haqqında” qanunda nəzərdə tutulan digər törəmə qanunlar - “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Orta ixtisas peşə təhsili haqqında” və təhsilin standartları ilə bağlı qanunlar qəbul ediləcək. Artıq bu qanun layihələri ilə bağlı işçi qruplar yaradılıb. Bu qanun layihələri üzərində intensiv iş gedir. “Elm siyasəti haqqında” qanun qüvvəyə mindikdən sonra bu işlər daha da sürətlənməlidir.
Alimlərin elmi fəaliyyətində, xarici ökələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri Prezidentin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”dır. 2012-ci ildə ölkə başçısının alimlərə diqqət və qayğısının nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılması, onların fəaliyyətinin yaxşılaşdırması, iş şəraitinin dünya standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə Elmi-Tədqiqat Mərkəzlərinin (ETM) fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzalanıb. Məhz həmin sərəncamlara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tarix İnstitutuna 3 milyon manat, Arxeologiya və Etnoqrafiya və Nəsimi adına Dilçilik institutlarının hər birinə isə 2 milyon manat vəsait ayrılıb.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin hesabat iclasında bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla vurğuladı ki, 2012-ci ildə bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Keçən il oktyabrın 4-5-də 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700 nəfərin iştirak etdiyi Forum Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilmişdir.
2012-ci ildə humanitar sahə üzrə ETM əməkdaşlarının xarici əlaqələri əvvəlki illərə nisbətən daha da genişlənib. Alimlərimiz, xüsusən, gənclərimiz bir sıra beynəlxalq qurultay, simpozium və konfranslarda iştirak ediblər. Əvvəllər daha çox Türkiyə, İran, Gürcüstan və Rusiya ilə əlaqələr quran, həmin ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak edən alimlərimiz 2012-ci ildə artıq Avropa ölkələri ilə də dialoqa giriblər.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür və görülməkdədir. Dövrün tələbinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti mühüm sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məqsədilə Azərbaycanda elm sektorunun inkişaf strategiyasını hazırlamışdır.
Bəxtiyar Əliyev açıqlamasında onu da bildirib ki, Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq “Elm siyasəti haqqında” qanunda alimlərin sosial müdafiəsi ilə bağlı bir sıra əsaslı müddəalar əks olunub. Elmdə yaxşı nəticələr əldə etmək, ilk növbədə, alimlərin sosial müdafiəsinin gücləndirilməsindən asılıdır. Əgər alimlərin sosial müdafiəsi təmin edilməsə, onda yaxşı nəticələri əldə edə bilmərik. Təkcə maddi-texniki bazanın gücləndirilməsi əsas amil deyil. Eyni zamanda, tədqiqat işlərini aparan və həyata keçirən insanların sosial müdafiəsi möhkəmləndirilməlidir ki, onlar bütövlükdə özünü elmə həsr edə bilsinlər. Alimlərin mənzil şəraitinin yaxşılaşdırılması, məvaciblərinin artırılması, pensiya təminatlarının gücləndirilməsi və digər sosial məsələlərin həlli bu qanun qəbul edildikdən sonra daha da yaxşı təmin ediləcək.
B.Əliyev deyib ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda fundamental elmi tədqiqatların aparılmasının, elmin inkişafının qanunvericilik bazası formalaşacaq. Bunun əsasında artıq AMEA-nın və ali məktəblərin tərkibindəki elmi-tədqiqat institutlarının tədqiqatlarının vəhdəti təmin olunacaq. Qanunun qəbulu ilə elmin hüquqi statusu tam şəkildə müəyyənləşəcək. İndiyədək Azərbaycanda elmin statusu ayrı-ayrı qanunlarda öz əksini tapıb. Amma elmin statusunu müəyyən edən ayrıca baza qanunu olmayıb. Bu qanun qəbul ediləndən sonra elmin maliyyələşdirilməsi və prioritet sahələrin müəyyən edilməsində problemlərlə üzləşməyəcəyik.
Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillərin müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir. Dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə bağlıdır.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.