Dünya jurnalistika tarixinə dair qiymətli dərs vəsaiti

 

 

 Son illər ölkəmizdə vətəndaş cəmiyyətininin formalaşması sürətlənmişdir.   Bu prosesin aparıcı qüvvəsi olan azad medianın cəmiyyətdə rolu və təsir gücü artır. Eyni zamanda,  sivil dünya jurnalistikası standartlarına cavab verən peşəkar milli jurnalist kadrlarının yetişdirilməsi hazırda böyük önəm daşıyır. 

 Azərbaycanda jurnalist kadrları dövlət və özəl ali məktəblərin jurnalistika fakültələrində hazırlanır. Bakalavr və magistrlər oxuduqları ali məktəblərdə milli mətbuatımızın zəngin tarixi barədə dərin biliklər əldə etmək imkanına malikdirlər. Bu sahədə kifayət qədər elmi araşdırmalar aparılıb və müvafiq dərsliklər hazırlanaraq nəşr olunub.  Lakin xarici ölkələrin jurnalistikasının tarixi ilə bağlı ölkəmizdə əhatəli dərs vəsaiti uzun illər olmamışdır . 

 Qeyd etmək lazımdır ki, xarici ölkələrin jurnalistikası tarixini yazmaq, onlarca ölkənin mətbuat tarixi ilə bağlı zəngin fakt materialları əsasında sanballı, əhatəli dərslik ərsəyə gətirmək asan iş deyil. Bu, alim və pedaqoqlardan gərgin və fədakar əmək, səriştə tələb edir. Sevindirici haldır ki, bu yaxınlarda  “Tuna” nəşriyyatında “Xarici ölkələrin jurnalistukası tarixi” adlı 640 səhifəlik çox dəyərli  dərslik işıq üzü görmüşdür. Kitabın müəllifi Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevdir.

 Dərslikdə dünyadakı ilk qəzet və jurnallardan tutmuş XX əsrin sonlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin  tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların  sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meyilləri göstərilir.

 Dərsliyin müəllifi H.Vəliyev jurnalistika aləmində tanınmış simadır. O, elmi- pedaqoji fəaliyyətə praktik qəzetçilikdən gəlmişdir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Tbilisidə nəşr olunan “Sovet Gürcüstanı” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışmışdır. Bakıya köçdükdən sonra burada bir sıra nüfuzlu dövri nəşrlərdə məhsuldar yazıb-yaratmışdır. Rus və gürcü dillərini mükəmməl bilən Həmid müəllim, istedadlı tərcüməçi kimi də tanınmışdır. Onun çoxsaylı tərcümələri içərisində dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin “Dost qazanmaq və insanlara təsir göstərmək sənəti” kitabı 1990-cı illərin əvvəllərində oxucuların dərin marağına səbəb olmuş, kitab təkrar  nəşr olunmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına layiq görülmüşdür.

 H.Vəliyev son illər ərzində Bakı Dövlət Universitinin jurnalistika fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olur.  “Dünya informasiya agentlikləri” (Bakı, 2003), “Beynəlxalq jurnalist təşkilatları” (Bakı, 2009) və başqa dərslik və monoqrafiyalar yazmışdır. Bu əsərlər mövzunun əhatəliliyi, fikir və mülahizələrin aydınlığı, dilin sadəliyi və obrazlılığı ilə diqqəti cəlb edir. H.Vəliyevin son elmi əsəri - “Xarici ölkələrin jurnalistukası tarixi” dərsliyi dünya jurnalistikasının hərtərəfli tədqiqi sahəsində sanballı mənbədir və fikrimcə,  bu görkəmli alimin elmi fəaliyyətinin zirvəsi hesab oluna  bilər.

 Dərsliyin bir sıra özəl cəhətləri var. Müəllif  əsərdə “zamanın salnaməsi” sayılan jurnalistikanın inkişaf tarixini həmin ölkələrin əlamətdar ictimai-siyasi hadisələri fonunda təqdim edir, mətbuatın bu proseslərlə sıx bağlı olduğunu göstərməyə çalışır və buna nail olur. Məsələn, ABŞ-dakı istiqlal mücadiləsi, sonrakı mərhələdə dağıdıcı vətəndaş müharibəsi, XX əsrin əvvəllərində bu ölkədə korrupsiya əleyhinə böyük vüsət almış “Makreykerlər” (Palçığı dağıdanlar-M.H) hərəkatı və s. mühüm proseslərdə mətbuatın rolu və fəal iştirakı kitabda zəngin fakt materialı əsasında şərh edilir. ABŞ və böyük ölkələrin mətbuatının tarixinə belə orijinal yanaşma tələbələrin bu ölkələrin jurnalistika tarixi ilə yanaşı, ictimai-siyasi, mədəni həyatını dərindən öyrənmələri üçün şərait yaradır. 

Dünyada azad, demokratik mətbuatın təşəkkülündə danılmaz xidmətləri olan görkəmli taixi şəxsiyyətlərin, elm, mədəniyyət xadimlərinin publisitik fəaliyyətinin dərslikdə geniş şərh olunması da təqdirəlayiq haldır. Bəllidir ki, Conatan Svift, Daniel Defo, Mark Tven kimi məşhur yazıçılar, Benjamin Franklin, Bonapart Napoleon, Avraam Linkoln, Otto fon Bismark, Franklin Delano Ruzvelt və s. görkəmli dövlət xadimləri mətbuatla sıx bağlı olmuşlar. Onlar mətbuatın səfərbəredici rolunu yaxşı bilirdilər, öz fəaliyyətlərində ondan maksimum faydalanırdılar.

 Dərslikdə Rusiya və Türkiyədə jurnalistikanın inkişafının əsas mərhələləri də geniş təsvir edilməklə bərabər, bu ölkələrin mətbuatında Azərbaycanla bağlı maraqlı məqamlar da əks olunmuşdur. Məsələn, Rusiyanın ilk qəzeti sayılan “Vedomosti”nin (Xəbərlər-red) ilk nömrələrinin birində Hindistan şahının I Pyotra Şamaxı yolu ilə fil hədiyyə göndərməsi və Azərbaycanın tarixi ilə bağlı başqa faktlar maraq doğurur.

 Bütövlükdə, “Xarici ölkələrin jurnalistikası tarixi” əsərini Azərbaycanda jurnalistika elminə sanballı töhfə kimi qiymətləndirmək olar.

M.HACIXANLI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında