Mahmud Kərim oğlu Kərimov Azərbaycan elminə ağır itki üz vermişdir.

 

Azərbaycan elminə ağır itki üz vermişdir. Respublikanın tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimov 2013-cü il fevralın 10-da ömrünün 65-ci ilində vəfat etmişdir.

Mahmud Kərimov 1948-ci il oktyabr ayının 18-də İrəvan şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçərək, burada orta məktəbi bitirdikdən sonra 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almışdır. O, 1975-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxumuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Mahmud Kərimov 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis vəzifəsində çalışmış, 1974-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və laboratoriya rəhbəri vəzifələrində işləmiş, 1984-2001-ci illərdə isə həmin sektorun direktoru vəzifəsini tutmuşdur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışmışdır.

Mahmud Kərimov 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlıdır. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilmişdir.

Mahmud Kərimov nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparırdı. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunmuşdur.

Mahmud Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə mühüm layihədə respublika alimlərinin fəal iştirakını təmin etmişdir. Azərbaycanın bir çox nüfuzlu təşkilatda təmsilçisi olaraq o, ətraf mühitin zərərli faktorlarının fizikası və kimyası ilə bağlı mühüm layihələrin gerçəkləşməsində də öz səylərini əsirgəmirdi. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü idi.

Mahmud Kərimovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. O, elmi nailiyyətlərinə görə çoxsaylı patent və müəlliflik şəhadətnamələri almışdır. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Mahmud Kərimov yüksək ixtisaslı elmi kadrların hazırlığı prosesində həm elmi rəhbər, həm də müvafiq ixtisaslaşmış şuraların üzvü kimi yaxından iştirak edirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildiyi gündən akademik Mahmud Kərimov ölkəmizdə elmin təşkili və idarə olunması prosesinə başçılıq edərək müstəsna xidmətlər göstərmişdir. O, elmi və elmi-təşkilati fəaliyyəti ilə müstəqillik illərində ölkənin əsas intellektual potensialının cəmləşdiyi Milli Elmlər Akademiyasının respublikanın sosial-iqtisadi inkişafında rolunun artırılmasında, mədəni-intellektual imkanlarımızın genişləndirilməsində xüsusi rol oynamışdır. Onun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturu müasir dövrün tələbləri baxımından modernləşməyə başlamış və təkmilləşdirilmiş, maddi-texniki bazası və kadr potensialı gücləndirilmişdir.

Akademik Mahmud Kərimovun elmi-təşkilati fəaliyyəti nəticəsində müasir Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini vermişdir.

Mahmud Kərimov ictimai fəallığı ilə seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir. Onun Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyəti də təqdirəlayiq olmuşdur.

Akademik Mahmud Kərimovun zəngin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə qiymətləndirilmiş və o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Artur RASİ-ZADƏ, Oqtay ƏSƏDOV,

Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,

Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ,

Misir MƏRDANOV, Əli ABBASOV,

Arif MEHDİYEV, Arif HƏŞİMOV,

Akif ƏLİZADƏ, Nailə VƏLİXANLI,

Cəlal ƏLİYEV, Cəmil ƏLİYEV,

Vaqif FƏRZƏLİYEV, İsmayıl HACIYEV,

Akif HACIYEV, Nadir SEYİDOV,

Arif İSMAYILZADƏ, Əhliman ƏMİRASLANOV,

Qərib MƏMMƏDOV, Kamal ABDULLAYEV,

Xoşbəxt YUSİFZADƏ, Tofiq NAĞIYEV,

Nəriman QULİYEV, Arif PAŞAYEV,

Abel MƏHƏRRƏMOV, Siyavuş QARAYEV,

İsa HƏBİBBƏYLİ, Urxan ƏLƏKBƏROV,

Ziyad SƏMƏDZADƏ, Şəmsəddin HACIYEV,

Vasim MƏMMƏDƏLİYEV, Telman ƏLİYEV,

Adil QƏRİBOV, Rasim ƏLİQULİYEV,

Əyyub QULİYEV, Nazim MƏMMƏDOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında