“Xəzərin Xəzər dünyası” kitabı işıq üzü görmüşdür

 

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, SSRİ, Avropa və dünya çempionu, əməkdar idman ustası Xəzər İsayevin 50 illik yubileyinə həsr olunmuş “Xəzərin Xəzər dünyası” kitabı çapdan çıxmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ön sözü ilə açılan kitabda gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin, idman rəsmilərinin, Olimpiya çempionlarının təbrikləri yer almış, xalq şairi Fikrət Qocanın, xalq artisti Habil Əliyevin, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayevin və başqalarının ömrünün 51-ci baharına qədəm qoyan görkəmli idman xadimi haqqında ürək sözləri toplanmışdır. Nəfis tərtibatlı kitabda ömrünün çox hissəsini güləşə sərf etmiş dünya şöhrətli idmançının mənalı həyat yolu barədə oxuculara geniş məlumat verilmiş, onun uşaqlıq, gənclik illərindən maraqlı epizodlar təqdim olunmuşdur. Məlumat verilmişdir ki, 16 yaşında, artıq istedadlı bir güləşçi kimi tanınmağa başlamış Xəzər İsayev bir-birinin ardınca qazandığı qələbələrlə Azərbaycanın idman şərəfini layiqincə qorumuşdur: 1978, 1979, 1980-ci illərdə yeniyetmələr arasında SSRİ çempionu və mükafatçısı, 1985-ci ildə SSRİ kubokunun qalibi olmuşdur. 1980-ci illərin ortalarında SSRİ, dünya və Avropa çempionatlarında rəqib tanımayan istedadlı güləşçi adını dünya şöhrətli güləşçilər sırasına yazdırmışdır.

Bir neçə gün bundan əvvəl keçirilən “Xəzərin Xəzər dünyası” kitabının təqdimat mərasimində mənalı ömrünün böyük bir hissəsini Azərbaycan idmanının inkişafına, onun dünyada tanınmasına həsr edən Xəzər İsayev haqqında fikirlərini bölüşən natiqlər, idman rəsmisinin Azərbaycan Olimpiya hərəkatının inkişafında, ölkənin idman həyatında çox önəmli işlər gördüyünü diqqətə çatdırmış, MOK-un nəzdində Ədalətli Oyunlar Komissiyasının onun təşəbbüsü ilə yaradıldığını qeyd etmişlər. Azərbaycanda güləşin inkişafı üçün yorulmadan çalışan adlı-sanlı pəhləvan böyük bir güləşçi nəslinin yetişməsinə böyük töhfələr vermişdir. İdmanın inkişafı istiqamətində gördüyü işlər, əldə etdiyi uğurlara görə 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülmüşdür. Təqdimat mərasimində çıxış edənlər vurğulamışlar ki, kitabın yazılmasında məqsəd X.İsayevin örnək olacaq həyatını yetişməkdə olan gənc nəslə çatdırmaqdır: “Öz zamanında mümkün titulların hamısına yiyələnməyi bacaran adlı-sanlı güləşçinin mübariz idmançı həyatı hər bir gənc üçün əsil məktəbdir”. Natiqlər X.İsayevin uşaqlıq və məktəb illərindən bəhs edən məqalələrin onu oxuculara daha yaxşı tanıdacağını bildirmiş, kitabın ölkəmizdə idmanın inkişaf etdirilməsi və gənc nəslin tərbiyəsi üçün əhəmiyyətli olacağını vurğulamış və belə bir kitabın yazılmasının idman və idmançılara dövlət qayğısının əyani təzahürü olduğunu qeyd etmişlər. Bundan əlavə, kitabda X.İsayevin mötəbər beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotoşəkillərin və “Qəzetlərdən xülasələr” bölməsində yazıların oxucular üçün böyük maraq doğuracağı bildirilmişdir.

Tədbirin sonunda X.İsayev kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkür etmişdir: “ Mənim idman fəaliyyətimə ən yüksək qiyməti dövlətimizin başçısı İlham Əliyev vermişdir. Yanvarın 31-də Azərbaycan Prezidenti məni ”Vətənə xidmətlərə görə" ordeni ilə təltif etmişdir. Bu, mənim üçün şərəf və məsuliyyət deməkdir. Dövlətimizin başçısının bu yüksək etimadını öz işimlə doğrultmağa çalışacağam."

Leyla QURBANOVA,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında