Böyük etnoqraf-tarixçi alim

 

 

Azərbaycan etnoqrafiya elminin banilərindən biri, arxeologiya elminin inkişafında xüsusi xidmətləri olan tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik  Teymur Əmiraslan oğlu Bünyadov ömrünün 85-ci ilini yaşayır. Tarix elmində bir sıra uğurlara, yeniliklərə imza atan görkəmli alimin elmi-ictimai fəaliyyəti, bütövlükdə mənalı həyatı elm yolu ilə gedənlər üçün nümunədir.

Teymur Əmiraslan oğlu 1928-ci il yanvar ayının 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. O, kiçik yaşlarından taleyin acı sınaqları ilə üzləşmiş, anası 1936-cı ildə dünyasını dəyişmiş, “xalq düşməni” adı ilə həbs edilən, sonralar bəraət almış atası Əmiraslan Bünyadov isə 1938-ci ildə güllələnmişdir. 1945-ci ildə orta məktəbi “Qızıl medal”la bitirən T.Bünyadov gənc yaşlarından zəhmətsevərliyi, çalışqanlığı, mübarizliyi ilə seçilmişdir.

Ali təhsil almaq arzusunu reallaşdıran Teymur Bünyadov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1951-ci ildə universiteti uğurla başa vuraraq Şirvanşahlar dövlət muzeyində işə başlamışdır. O, SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspirantırasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında 1955-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək vətənə qayıtmışdır. Geniş arxeoloji, etnoqrafik materiallara, tarixi sənədlərə əsaslanan, müqayisələrlə zəngin dissertasiyada Azərbaycanın, Qafqazın bəşəriyyətin qədim əkinçilik mədəniyyəti mərkəzlərindən olduğu öz əksini tapmışdır.

Görkəmli alim 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda fəaliyyətə başlamış, 1967-1993-cü illərdə Tarix İnstitutunda etnoqrafiya şöbəsinin müdiri işləmiş, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinə rəhbərlik edir.

Teymur Bünyadov 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat  həyatı” adlı doktorluq dissertasiyasını müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür.

 Gərgin elmi tədqiqatların nəticəsi olaraq T.Bünyadovun “Azərbaycan arxeologiyası oçerkləri” kitabı işıq üzü görmüşdür. Bu kitab yarım əsrə yaxındır ki, həm elm adamlarının, həm də geniş oxucu kütləsinin müraciət etdiyi, istinad etdiyi qiymətli əsərdir. “Əsrlərdən gələn səslər” (1993) kitabında ilk dəfə olaraq Azərbaycan musiqi sənəti tədqiq olunur. “Ana Kürüm” (1979), “Mərd qalalar, sərt qalalar” (1986), “Zirvəqala” (1986) əsərləri tarixi-etnoqrafik baxımdan böyük maraq doğurur.

Müəllif xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsi üçün “Qız var oğuldan qeyrətli” (1992), “Atropat” (1993), “Cavanşir” (1993), “Babək”, “Şəmsəddin Eldəgəz”, “Qara Yusif” və s. kitabçalarını yazmışdır. Bu əsərlərdə xalqımızın qəhrəmanlıq tarixi əksini tapır, görkəmli ziyalı xalqımızı vətənpərvərliyə, qələbəyə səsləyir.

Qarabağ müharibəsi başlayandan alim vətənpərvər ruhlu əsərlər yazmaqla yanaşı, qəzet, radio və televiziyalarda çıxışlar etmiş, dəfələrlə cəbhə bölgələrində-Bərdə, Qazax, Ağstafa, Tovuz və s. olmuş, əsgərlərlə, hərbçilərlə, əhali ilə söhbətlər aparmış, xalqımızın mübarizə əzminin yüksəldilməsinə çalışmışdır. Müdrik ağsaqqal vətənimizin ən ağır günlərində gənc nəslin döyüş ruhunun qaldırılması, xalqımızın mənəvi baxımdan mübarizəyə səfərbər olunması  istiqamətində böyük işlər görmüşdür.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Teymur Bünyadov bədii yaradıcılıqla da məşğul olmuşdur. O, geniş oxucu kütləsinin marağına səbəb olan “Göz yaşları” romanının, onlarla hekayənin, “Öpərdim gözlərindən” (1995), “Bilsəydim ayrılıqdı” (1998), “Gül açılır yaz olur” (2000) kitablarının, üçcildlik bayatı kitablarının-"Başı çalmalı dağlar", “Anam birdi, vətən tək”, “Xan çinarın kölgəsində”- müəllifidir. Bu bayatı kitablarında zəngin adət-ənənələrimiz, mənəvi dünyamız təbliğ olunur.

Azərbaycan etnoqrafiya elminin yaradıcılarından biri  olan Teymur Bünyadov 1955-2012-ci illərdə mindən çox əsər yazmışdır. Görkəmli alim Azərbaycan etnoqrafiya elmində yeni dəst-xətt formalaşdırmış, milli etnoqrafiya elminin tədqiqat istiqamətlərini müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi  haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına əsasən 2007-ci ildə nəşr olunan üçcildlik “Azərbaycan etnoqrafiyası” respublikamızda  elmi  hadisə  kimi qiymətləndirilir. Akademik Teymur Bünyadov bu üçcildliyin təşkilatçısı, baş redaktoru və cildlərdən yarıdan çoxunun müəllifidir.

Hazırda akademikin rəhbərliyi altında xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 90 illiyinə ithaf olunan “Qəbələnin tarixi”, “Qəbələ folkloru”, “Qəbələnin etnoqrafiyası” üçcildliyi Azərbaycan, ingilis, rus dillərində nəşrə hazırlanmışdır.

Görkəmli alim qayğıkeş və tələbkar müəllim şərəfini qazanmışdır. Teymur Bünyadov uzun illər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetində Azərbaycan tarixi, qədim dünya tarixi, arxeologiya və etnoqrafiya fənlərindən mühazirələr oxumuş, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.

Əməkdar elm xadimi Teymur Bünyadov 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvu seçilmişdir. O, elmi kadrların hazırlanmasında xüsusi xidmət göstərmiş, 7 elmlər doktoru, 25-dən çox elmlər namizədi yetişdirmişdir.

T.Ə.Bünyadov 1995-ci ildə 59 saylı Qazax seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş, bir sıra qanunların hazırlanmasına rəhbərlik etmişdir. Eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Alim AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. O, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü, Respublika Ziyalılar Cəmiyyətinin üzvu olmuşdur.

Alim  Azərbaycan Respublikası Milli Məclisi yanında Toponomiya komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının arxeologiya və etnoqrafiya ixtisasları üzrə dissertasiyaların Müdafiəsi Şurasının sədri və Tarix üzrə Problem Şurasının üzvü, AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), Tarix və onun problemləri və s. jurnallarının redaksiya heyətinin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvü kimi fəaliyyət göstərir.

Akademik Teymur Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası  Prezidenti  İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni  ilə  təltif edilmişdir. 2008-ci ildə Azərbaycan Respublikasının  əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

T. Bünyadov həyatının mənasını millətinə xidmətdə görən, millət mənafeyini, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini uca tutan elm fədaisidir. O, Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tələbkar elm təşkilatçısı, zəngin  mənəviyyatlı vətənpərvər, geniş dünyagörüşlü, müdrik  ağsaqqal, insanlara örnək olan nurlu şəxsiyyətdir.

85 illik yubileyi münasibəti ilə akademik Teymur Bünyadovu AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi adından ürəkdən təbrik edir, ona işlərində uğurlar, uzun ömür və cansağlığı arzulayıram.

Kamal ABDULLA, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin akademik katibi,
AMEA-nın müxbir üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında