Moskvada tanınmış Rusiya tarixçisi və publisisti Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabının təqdimatı keçirilmişdir

 

 

Fevralın 8-də Moskvanın M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Xarici Ədəbiyyat Kitabxanasının təşkilati dəstəyi ilə tanınmış rusiyalı tarixçi və publisist Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabının təqdimatı keçirilmişdir.

Təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etmişdir. Kitaba ön sözü yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova yazmışdır. Təqdimat mərasimini “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin prezidenti Tofiq Məlikli açaraq bildirmişdir ki, Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” yalnız faktlara, arxiv materiallarına əsaslanır və XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixini tamamilə yeni rakursdan təqdim edir. Kitabın Azərbaycan tarixi həqiqətlərinin dünya birliyinə çatdırılmasında xüsusi yerindən danışan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu görkəmli alim Azərbaycan tarixi üçün çox böyük işlər görür. Səfir demişdir: “Düşünürəm ki, təqdimatına yığışdığımız bu kitab Rusiya politoloqları və siyasətçiləri üçün də çox əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda maraqları olan hər bir dövlət həm də bu regiona görə məsuliyyət daşıyır”. P.Bülbüloğlu vurğulamışdır ki, dövlətimizin başçısı İlham Əliyev Rudolf İvanovun Azərbaycan tarixi həqiqətlərinin üzə çıxarılmasında rolunu yüksək qiymətləndirir. Təsadüfi deyildir ki, R.İvanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edilmişdir. Səfir R.İvanovun fəaliyyətinə böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekaterina Geniyeva qeyd etmişdir ki, “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabı çox dərin elmi əsərdir. Çünki zəmanəmizin mürəkkəb, ziddiyyətli, hətta  ağrılı məqamlarını düzgün anlamaq üçün keçmişi, tarixi yaxşı bilmək lazımdır.

Kitabın müəllifi Rudolf İvanov çıxışına “Mən Azərbaycanı çox sevirəm. Azərbaycan gözəl diyardır. Burada gündüzlər mehriban insanlarla üz-üzə gəlirsən, gecələr isə Abşeronun işıqları romantik hisslər, xoş duyğular oyadır” sözləri ilə başlamışdır.  Yazıçı demişdir: “Bu ölkə dünyaya əfsanəvi generallar, istedadlı insanlar bəxş etmişdir. Məmnunam ki, mən insanlara tarixin yeni səhifələrini təqdim edirəm”. O, kitabın nəşrində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. R.İvanov qeyd etmişdir ki, kitabın yazılmasında Rusiya Federasiyasının Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı materiallardan və digər mənbələrdən istifadə etmişdir.

Fəridə ABDULLAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında