Azərbaycan Turizm İnstitutunda “Regionlarda turizmin inkişafı” adlı treninqlərə başlanmışdır

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Turizm İnstitutu “Turizmin İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə fevralın 4-də ATİ-də rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarələrinin) müdirlərindən və turizm informasiya mərkəzlərinin rəhbərlərindən ibarət heyətlə seminar-treninqlərə başlamışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, kurslara 40 rayonun mədəniyyət və turizm şöbəsinin müdirləri və 9 regional turizm informasiya mərkəzinin rəhbəri dəvət olunmuşdur.

“Regionlarda turizmin inkişafı” mövzusunda keçirilən treninqlərin ilk günündə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun, nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin və ATİ-nin rektoru Cəfər Cəfərovun iştirakı ilə tədbir keçirilmişdir. Nazim Səmədov tədbirdə çıxış edərək ölkəmizdə yeni infrastruktur layihələrin həyata keçirilməsindən, beynəlxalq şəbəkəyə daxil olan hotellər və turizm obyektlərinin açılmasından danışmışdır. Bildirmişdir ki, bu turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi qaldırılmalıdır. Bu mənada regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Onlar hər bir bölgəyə xas olan müxtəlif festivallar təşkil etməli və regionlardakı mədəniyyət müəssisələrinin turizm firmaları ilə yaxından əməkdaşlıq etmələrinə yardımçı olmalıdırlar.

ATİ-nin rektoru Cəfər Cəfərov rayonların mədəniyyət və turizm idarələrində işləyən əməkdaşlarının mədəniyyət və mədəni abidələrin qorunması sahəsi üzrə sovet dövründən qalan müəyyən təcrübələri olduğunu qeyd etmişdir. Çıxışında bu istiqamətdə nə qədər mədəni abidələrin bərpa olunması, reyestrə salınması və s. kimi müəyyən işlər görülməsini vurğulayan rektor, bunlarla yanaşı turizm sahəsinin də sürətlə inkişaf etdiyini bildirmişdir. O demişdir: “Regionların turizm potensialını ortaya qoymaq, əsaslandırıb dövlət proqramlarına salmaq, rayona gələn investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə yönləndirmək və burada yaxşı bir turizm məhsulunun ortaya çıxarılmasına vəsilə olmaq baxımından bu biliklər təbii ki, yetərli deyil. Bu baxımdan Turizm İnstitutu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi ilə birlikdə rayonların mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün silsilə seminar-treninqlər təşkil etmişdir. Bu həm Bakıda, həm də regional müşavirələr formasında davam edəcək. Bu seminar-treninqlərdə ölkənin bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən mövzularla yanaşı, daha konkret məsələləri əhatə edən təlimlər keçiriləcək”.

Tədbirdə seminar-treninqlərin fevralın 8-dək davam edəcəyi və treninqlər başa çatdıqdan sonra iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm İnstitutunun birgə sertifikatının təqdim olunacağı bildirilmişdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında