Babək rayonunda yeni obyektlər istifadəyə verilmişdir

 

 

Fevralın 5-də Babək Rayon Uşaq-Gənclər Şahmat  Məktəbinin yeni binasının açılışı olmuşdur.

Mərasimdə çıxış edən məktəbin müəllimi Ülviyyə Cəfərova bu gün muxtar respublikada təhsil və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, Babək rayonunda uşaq və gənclərin sağlamlığına, onların intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibəti ilə kollektivi təbrik etmiş, şahmatçılara yeni qələbələr arzulamışdır. Ümummilli lider Heydər Əliyevin “Ölkəmizdə qədim ənənələrə malik idman növü olan şahmatın inkişafı əsas məqsədlərdən biridir. Biz şahmatın inkişafına və istedadlı şahmatçıların yetişdirilməsinə bundan sonra da diqqət yetirməliyik” fikirini xatırladan Ali Məclisin sədri demişdir ki, ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin rəhbərliyi ilə Azərbaycanda zehni idman növü olan şahmatın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ali Məclisin sədri bildirmişdir ki, ulu öndərimizin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti intellektual idman növü kimi şahmatın inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı tərəfindən 2009-cu il mayın 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” təsdiq edilmiş, bu sənədin uğurlu icrası nəticəsində gənclər arasında şahmata maraq artmışdır.

Ali Məclisin sədri Vasif Talıbov daha sonra demişdir ki, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına təkan vermiş,  2000-2012-ci illərdə muxtar respublikada 1 şahmat mərkəzi və 7 şahmat məktəbi üçün yeni binalar tikilmişdir. Bu gün muxtar respublikada şahmat məktəblərinin hər biri müasir binalarla təmin olunmuşlar. Şahmat şəbəkəsinin müasirləşdirilməsi ilə yanaşı, yeni şahmatçılar nəsli də yetişdirilmişdir. Son illər muxtar respublikada 40-dan çox yerli respublika yarışı və birincilik, eləcə də 5 beynəlxalq səviyyəli turnir keçirilmişdir. Bu gün muxtar respublikada fəaliyyət göstərən şahmat tədris müəssisələrində 300-ə yaxın qrupda 3 mindən artıq şagird şahmatın sirlərini öyrənir.

 Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi muxtar respublikanın böyük şahmat məktəblərindəndir. Bu gün şahmat məktəbinin binasında lazımi şərait yaradılmış, yeni təlim-tədris vəsaitləri şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə 50 qrupda 600-ə yaxın şagird şahmatın sirlərini öyrənir.

Ali Məclisin sədri məktəbin müəllim və şagird kollektivini bir daha təbrik etmiş, binanın açılışını bildirən rəmzi lenti kəsmişdir.

Müasir memarlıq üslubunda inşa olunan obyekt zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 1-i elektron lövhəli olmaqla 10 sinif otağı, müəllimlər, kompüter və hakim otaqları, 64 yerlik oyun zalı, bufet və qazanxana vardır. Sinif otaqlarında və oyun zalında hər cür şərait yaradılmış, mebel dəstləri və tədris ləvazimatları qoyulmuş, maqnitli şahmat lövhələri quraşdırılmış, 8 kompüter istifadəyə verilmişdir. Kompüterlərə xüsusi şahmat proqramları yüklənmiş və internetə qoşulmuşdur.

Vasif Talıbov bina ilə tanışlıqdan sonra məktəbin müəllimləri və muxtar respublikada fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustaları ilə görüşmüş, onların fəaliyyəti ilə maraqlanmışdır.

***

 Muxtar respublikada uğurlu quruculuq və sosial-iqtisadi inkişafın davamı kimi, Babək Rayon Qeydiyyat Şöbəsinin və Dövlət Natoriat Kontorunun binası yenidən qurulmuşdur.

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Binada mebel dəstləri və lazımi avadanlıqlarla təmin olunmuş müasir iş otaqları, 2 arxiv istifadəyə verilmiş, əməkdaşlar üçün hərtərəfli şərait yaradılmışdır. Yaradılan şərait vətəndaşlara nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.

Binaya baxışdan sonra rayon sakinləri ilə görüşən Ali Məclisin sədri ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Babək rayonunun böyük inkişaf yolu keçdiyini bildirərək demişdir ki, bu, ümummilli liderimizin quruculuq xəttinin konkret bir regionda əyani ifadəsidir. Vasif Talıbov rayonda aparılan quruculuq işlərinin, sosial-iqtisadi islahatların bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Sakinlər göstərilən qayğıya və aparılan quruculuq işlərinə görə minnətdarlıq etmişlər.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında