Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.
Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.
Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Ancaq ulu öndərin daha çox maraq və diqqət ayırdığı məsələ azərbaycanlı gənclərin SSRİ-nin və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq üçün göndərilməsi idi. Belə ki, bilavasitə ulu öndərin təşəbbüsü ilə 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Heydər Əliyev hər il həmin tələbələrin başqa şəhərlərə göndərilməsindən əvvəl onlarla görüşmək ənənəsi yaratmışdı.
Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndə də təhsil məsələlərinə xüsusi diqqət yetirmişdir.1993- 1996-cı illərdə respublikanın iqtisadi və siyasi çətinliklərinə baxmayaraq 20 min 432 yerlik 45 məktəb binası tikilib istifadəyə verilmişdir. 1995-ci ildə “Təhsilin inkişaf fondu” yaradılmış, dövlət başçısının imzaladığı müvafiq sərəncamla bu fonda Prezidentin ehtiyat fondundan xeyli vəsait ayrılmışdı. Ulu öndər yeni tikilən məktəblərin əksəriyyətinin açılışında və yeni dərs ilinin ilk günündə təhsil ocaqlarında şəxsən iştirak etmək ənənəsi yaratmışdı.
Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev ümummilli liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycan məktəblərinin 90 faizdən çoxu kompyuter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 29 şagirdə bir kompyuter nisbəti həll edilmişdir.
Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.
Təhsil ictimaiyyətinin fikrincə, son zamanlar cənab İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün atdığı çoxsaylı addımlardan üçünü xüsusi qeyd etmək zərurəti yaranır. Birinci addım ondan ibarətdir ki, Prezidentin sərəncamı ilə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılırlar. İkinci addım paytaxt məktəblərinin fəaliyyətinin səmərəliləşdirilməsi, Bakı təhsil sisteminin daha mükəmməl şəkildə idarə edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Bu addımın öz müsbət nəticələrini verməsi barədə çoxsaylı təqdiredici fikirlər səsləndirilməkdədir.
Bizi sevindirən cəhətlərdən biri də bu gün dövlətin qayğısı ilə əhatə olunmuş məktəblərin siyahısında bizim məktəbin olmasıdır. Ölkədə təhsilə qayğı bu tarixi ənənəyə malik məktəbin yenidən qurulmasında əhəmiyyətli rol oynamışdır. 2011-ci ildə məktəbimizdə aparılan əsaslı təmir, 500 yerlik əlavə korpusun inşası bizi sevindirdi. İndi məktəbdəki əvvəlki darısqallıqdan və narahatlıqdan əsər-əlamət yoxdur.Yüksək səviyyədə təmir olunmuş sinif otaqları, İKT avadanlıqları ilə təchizat məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Məktəbin müəllim və şagird kollektivi bu cür şəraitin yaradılması üçün ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdardır. Biz müəllimlər isə bu qayğının əvəzində Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaşlar yetişdirmək kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün əməyimizi əsirgəməyəcəyik.
Rəna NAİBOVA,
Bakı şəhəri 35 nömrəli tam orta məktəbin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.