Ölkəmizdə ilk dəfə

 

Azərbaycanlı alimin ingilis dilində nəşr olunmuş dərsliyi   “Məhkəmə  təbabəti” kitabı tibbi hüquqa əvəzsiz töhfədir

Müxtəlif elm sahələrinin əlaqəli şəkildə öyrənilməsi onların inkişafı üçün əlverişli mühit formalaşdırır. Əldə olunan elmi nəticələr ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrə hərtərəfli və sistemli biliklərin  verilməsinə imkan yaradır. Belə bir məhsuldar və eyni zamanda aktual iş birliyinin nümunəsi kimi hüquqla tibbin ortaq tədqiqat predmeti olan məhkəmə təbabəti sahəsində əldə edilən nailiyyətləri göstərmək mümkündür.

Məhkəmə-tibbi ekspertiza hüquq-mühafizə orqanlarının fəaliyyəti zamanı ortaya çıxan tibbi-bioloji xarakterli sualların cavablandırılması ilə məşğul olan ekspertiza sahəsidir. Onun elmi bazasını isə məhkəmə təbabəti elmi təşkil edir. Odur ki, hüquq və tibbin “sərhədində” yerləşən bu vacib və özünəməxsus elm sahəsinin yaxşı mənimsənilməsi həm tibb, həm də hüquq fakültələrinin tələbələri üçün çox vacibdir. Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da ali məktəblərin tibb və hüquq fakültələrinin sonuncu  kurslarında məhkəmə təbabəti  tədris edilir.

Məhkəmə təbabəti hüquq elminin tələblərinə uyğun təşəkkül tapıb formalaşdığından onu bəzən “Hüquqda təbabət” də adlandırırlar. Yəqin ki, məhkəmə təbabətinin praktiki əhəmiyyətindən bəhs etmək artıqdır. Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin açılmasında məhkəmə-tibbi ekspertizanın xüsusi yeri vardır. Odur ki, hüquq və tibb ixtisaslarının tələbələri bu fənni yaxşı mənimsəməlidirlər.  Bu sahədə biliklərin dərinləşdirilməsinin vacibliyini nəzərə alsaq, aydın olar ki, dövlətin qanunvericilik fəaliyyətinin xüsusiyyətlərinin tətbiqi olduqca mühüm şərtdir.

Eyni zamanda vurğulamaq lazımdır ki, ölkəmizdə məhkəmə təbabəti fənni üzrə Azərbaycan və rus dillərində ədəbiyyat olsa da, ingiliscə ədəbiyyata böyük ehtiyac duyulur. Bu tələbat ondan irəli gəlir ki, son illər Azərbaycanın ali hüquq və tibbi təhsil müəssisələrində onlarla xarici ölkədən tələbələr təhsil alsa da, universitetlərimizin onları ingilisdilli dərsliklərlə təmin etmək sahəsində ciddi çətinlikləri vardır. Bu baxımdan Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədovun ingilis dilində qələmə aldığı 536 səhifəlik “Forensic medicine” (“Məhkəmə təbabəti”) dərsliyi ölkəmizdə əcnəbi dillərdə dərslik yaratmaq sahəsində mövcud olan boşluğun aradan qaldırılması istiqamətində ciddi nailiyyət sayıla bilər.

Elmi ictimaiyyətə təqdim edilmiş kitab, həmçinin, bu mövzu ilə ingilis dilində məşğul olmaq istəyən yerli tələbə, doktorant və mütəxəssislərə də real köməkdir. Professor Vüqar Məmmədovun  əhatə etdiyi mövzular həm hüquq, həm də tibb ixtisasları üzrə təhsil alan tələbələr üçün əhəmiyyətlidir.

Doqquz fəsildən ibarət olan dərslik məhkəmə təbabəti sahəsində mühüm praktiki və tətbiqi əhəmiyyətə malikdir. Kitab çox sadə dildə, dəqiq strukturlaşdırılmış şəkildə qələmə alınmışdır. Hər fəsildə məhkəmə təbabətinin bir sahəsindən (məhkəmə-tibbi tanatologiya, travmatologiya, toksikologiya, identifikasiya və s.) geniş bəhs  olunur. Materiallar tələbələrin asanlıqla qavraya biləcəyi bir şəkildə təqdim  olunmuşdur. Elmi əsər azərbaycanlı alim tərəfindən məhkəmə təbabəti üzrə ingilis dilində yazılmış ilk kitab kimi də qiymətlidir. Kitabın nəşrində müəllifə “İrəli” İctimai Birliyi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Azərbaycan Gənclər Fondu maliyyə dəstəyi göstərmişlər.

Kitaba on bir nəfər nüfuzlu xarici mütəxəssis və alim müsbət rəy vermişdir. Onlardan Dünya Tibbi Hüquq Assosiasiyasının fəxri prezidenti, YUNESKO-nun Bioetika Kafedrasının rəhbəri, İsraildə Hayfa Universitetinin Hüquq fakültəsinin professoru Amnon Karmi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının müdiri, akademik Yuri Piqolkin və ABŞ Məhkəmə Elmləri Akademiyasının fəxri prezidenti, Amerika Tibbi Hüquq Assosiasiyası İdarə Heyətinin rəhbəri, professor Siril Vexti misal göstərmək olar.

Bu alimlər dünyada məhkəmə təbabəti və tibbi hüquq üzrə ən mötəbər, aparıcı mütəxəssislərdir. Belə ki, hazırda rus dilində olan məhkəmə-tibbi dərsliklərin əksəriyyəti akademik Pigolkinin rəhbərliyi altında nəşr olunur. Professor Karmi YUNESKO-nun tibbi hüquq sahəsinə aid əksər elmi ədəbiyyatın və dərsliklərin müəllifidir. Professor Vext isə Amerika və dünya məhkəmə təbabətində əvəzedilməz nüfuz sahibi sayılır. O öz rəyində kitabın aktuallığından, müasir elmi üslubda yazıldığından bəhs edir, məhkəmə təbabəti üzrə ixtisaslaşan mütəxəssislər, habelə hüquq və tibb fakültələrinin tələbələri üçün son dərəcə faydalı olacağını bildirir. Amerikalı mütəxəssisin qeyd etdiyi kimi, həm Böyük Britaniyada, həm də ABŞ-da məhkəmə təbabəti, cinayət prosesi və ədliyyəsi sahəsində zəruri hazırlıq və təcrübə keçmiş professor V.Məmmədov bu mühüm elmi nailiyyətinə görə təqdirəlayiqdir.

“Forensic medicine” dərsliyi ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş və beləliklə “Məhkəmə təbabəti” dərsliyi ana dilimizdə də işıq üzü görmüşdür.

Dünya Tibbi Hüquq və Avropa Tibbi Hüquq Assosiasiyalarının İdarə Heyətinin üzvü, YUNESKO-nun eksperti, tibb elmləri doktoru, professor Vüqar Məmmədovun ingilis dilində “Forensic medicine” (“Məhkəmə təbabəti”) dərsliyi son illər böyük inkişaf yolu keçmiş Azərbaycan elminin çağdaş səviyyəsini nümayiş etdirməklə yanaşı, konkret sahə ilə məşğul olan mütəxəssis və tələbələr üçün də əvəzsiz töhfədir.

Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,
hüquq elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında