Ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də son illər sürətli inkişaf nəzərə çarpmaqdadır. Cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində milli- mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasi istiqamətində davamlı iş aparılır, mədəniyyətimizin beynəlxalq aləmə inteqrasiyası məqsədilə tədbirlər həyata keçirilir.
O cümlədən, kitabxana işi sahəsində də böyük layihələr reallaşdırılır. Ötən il də kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi prioritet istiqamətlərdən biri olmuşdur. Prezidentin 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə”, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə müvafiq sərəncamlarına uyğun olaraq kitabxanalar vahid informasiya sahəsinə daxil olmuş, şəhər, rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılmış, elektron kataloq və elektron kitabxanalar təşkil olunmağa başlanmışdır. M.F. Axundzadə adına Milli Kitabxananın fəaliyyəti genişlənmiş, oxuculara xidmətin yeni üsul və vasitələrinin tətbiqinə diqqət artırılmışdır. Ötən il kitabxananın fəaliyyətinin əsas istiqamətini kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, oxuculara və istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsi təşkil etmişdir.
İl ərzində kitabxananın daimi oxucularının sayı 36 360 nəfərə çatdırılmışdır. Virtual oxucuların (saytdan, elektron kataloqdan və elektron kitabxanadan istifadə edənlər) sayı 449 000 nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlər 1257 nəfər, Rusiya Dövlət Kitabxanasının Dissertasiyaların virtual oxu zalından və Azərbaycanda müdafiə olunmuş dissertasiyaların elektron məlumat bazasından istifadə edənlər 625 nəfərdir. İl ərzində kitabxanaya gələn 163 383 nəfər oxucuya, 771 023 nüsxə ədəbiyyatla xidmət edilmişdir.
2012-ci ildə oxuculara xidmət şöbəsində oxucuların lokal şəbəkədə mütaliəsi üçün müasir tələblərə cavab verən yeni “Lokal şəbəkədən istifadə üzrə oxu zalı” açılmışdır. Zalda istifadəyə verilən 24 kompüter vasitəsilə oxucular ümumi oxu zalının yardımçı fondundakı kitablardan eyni vaxtda istifadə etmək imkanı qazanmışlar.
Kitabxanada kitab, qəzet və jurnalların rəqəmsallaşdırılması və oxuculara elektron informasiya xidmətinin göstərilməsi işi davam etdirilmişdir.
Milli Kitabxana hazırda real fəaliyyət göstərən funksional avtomatlaşdırılmış kitabxana sistemi VİRTUA proqramına malikdir.
Bu proqram ilk növbədə kataloqlaşdırma ilə məşğul olan digər kitabxanaların kataloqçularına vaxtlarına qənaət etməklə sistem vasitəsilə Milli Kitabxananın elektron kataloquna daxil olmaq imkanı yaradır. Elektron kataloqun formalaşdırılmasına dəstək şöbəsi 2012- ci ildə kitabxanaya daxil olan Azərbaycan və rus dillərində 7964 adda yeni ədəbiyyatı məlumat bazasına daxil etmişdir.
Analitik elektron məlumat bazasının təşkili şöbəsində işlər avtomatlaşdırılmış kitabxana proqramına uyğun olaraq aparılır. Şöbə il ərzində respublikamıza dair və ümumi xarakterli məqalələrin Azərbaycan və rus dilində 34 628 (26 478 Azərbaycan dilində, 8150 rus dilində) analitik-biblioqrafik yazısını elektron katoloqun analitik məlumat bazasına daxil etmişdir. 26 751 (20 249 Azərbaycan dilində, 6502 rus dilində) Azərbaycan və rus dilində məqalələrin tam elektron mətni kitabxananın saytına daxil edilmişdir.
Elektron bazada yığılan materiallar əsasında mədəniyyət, incəsənət və turizmə aid materiallar ayrıca toplanaraq “Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat” adlı informasiya bülleteni şəklində ayda bir dəfə 50 nüsxə tirajla nəşr edilərək nazirliyin iri müəssisələrinə göndərilir.
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi öz işini yeni informasiya texnologiyaları əsasında qurmuş, istifadəçiləri elektron kataloqda əks olunmuş diyarşünaslıq xarakterli məqalələrin təsviri ilə təmin etmişdir. Cari ildə şöbə Azərbaycanşünaslıq toplu kataloqundan 1990-2007-ci illəri əks etdirən retro kartoçkaları Virtua sistemi ilə kitabxananın elektron kataloquna köçürməsi işini davam etdirmişlər. Bu müddət ərzində elektron kataloqa 1740 biblioqrafik yazı daxil edilmişdir ki, bunlardan 1140 yazı Azərbaycan, 600 biblioqrafik yazı isə rus dilindədir.
Azərbaycan ədəbiyyatının arxivi şöbəsində arxiv fondunu elektron kataloqa köçürməsi işi davam etdirilmişdır. İl ərzində milli ədəbiyyatın tam şəkildə elektron kataloqa daxil edilməsi təmin olunmuşdur. İl ərzində arxiv şöbəsi üzrə 2149 kitabın, 43 adda 289 komplekt jurnalın elektron versiyası hazırlanıb, lokal şəbəkəyə daxil edilmişdir.
Elektron resursların yaradılması şöbəsi Elektron Kitabxananın bazasının zənginləşdirilməsi işini davam etdirmişdir. Milli Kitabxananın İnternet (http://www.anl.az) və İnternet səhifələrində olan Elektron Kitabxanaların bazaları üçün işlər davam etdirilmişdir. Şöbədə 2012-ci ildə Milli Kitabxananın fondunda olan nəşrlər rəqəmsal fotoaparatlar və qrafik proqramların köməyi ilə işlənilib hazırlanan elektron resurslar saytlarımızın Elektron Kitabxanalarında müvafiq bazalarda yerləşdirilmişdir. İl ərzinə 5112 kitab, 21061 qəzet və jurnal nömrələri ümumilikdə 26173 resurs rəqəmsallaşdırılmışdır. Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində 4965 tammətnli elektron resurs var. Bunlardan 1131 nüsxəsi aftoreferat, 3834 nüsxəsi isə dissertasiyadır. İl ərzində 1272 dissertasiya rəqəmsallaşdırılmışdır.
2012-ci ildə Çap məhsullarının qeydiyyatı və milli biblioqrafiya şöbəsi tərəfindən “Birillik Azərbaycan Kitabiyyatı”nın respublikamızda dərc olunmuş kitabları əhatə edən 1995-ci ilin buraxılışı çap olunmuş, 1994-cü il buraxılışı çapa hazırlanmış , “Yeni kitablar” göstəricisinin 2011-ci ilin IV buraxılışı, 2012-ci ilin I,II,III buraxılışları çap olunmuş, IV buraxılış isə çapa hazırlanmuşdır. Bundan başqa Azərbaycan milli biblioqrafiyasının tərkib hissəsi olan “Azərbaycan kitabı” fundomental biblioqrafiyasının 1940-1960-cı illəri əhatə edən 3-cü cildi çapa hazırlanmışdır və Milli Kitabxananın 90 illik yubileyi ərəfəsində çap olunacaqdır.
2012-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti səmərəli olmuş, 51 adda, 8617 nüsxə, 498,85 çap vərəqi həcmində biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik tövsiyyələr nəşr edilmişdir. Çap olunan bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında və operativ surətdə çatdırılmışdır. Cari ildə Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasının nəşrini davam etdirərək bu silsilədən “Nizami Gəncəvi”, “M.Ə.Sabir”, “M.F.Axundzadə”, “Maestro Niyazi” kimi fundamental biblioqrafiya vəsaitlərini, Milli Aviasiya Akademiyası ilə birlikdə “Azərbaycanda aviasiyanın tarixi” adlı sanballı ikicildlik retrospektiv elmi biblioqrafiyanı nəşr etdirərək oxucuların, kitabxanaçıların və mütəxəssislərin istifadəsinə vermişdir.
Elektron informasiya xidməti və kitabxanalararası abonement şöbəsində il ərzində 3094 oxucu internet xidmətlərindən istifadə edib, onların sorğuları əsasında 40 elektron arayış ödənilib. Kitabxanalararası abonement yolu ilə 10 xarici dövlətdən - Amerika, Braziliya, İtaliya, İran, İsrail, Polşa, Pakistan, Türkiyə, Rusiya, Ukrayna - daxil olan sorğulara cavab olaraq 14 kitab skaner olunaraq göndərilmiş, bir kitab isə Ukrayna Milli Kitabxanasından alınmışdır. Ölkədaxili kitab mübadiləsi yolu ilə cari ildə 18 368 nüsxə kitab alınmış və 25 348 nüsxə kitab göndərilmişdir. Ölkədaxili kitab mübadiləsinin xətti ilə xarici ölkədəki səfirliklərimizə, diaspor təşkilatlarımıza, beynəlxalq kitab sərgilərinə və s. təşkilatlara 3157 nüsxə kitab göndərilmişdir.
Beynəlxalq kitab mübadiləsi yolu ilə əlaqədar xarici ölkə kitabxanalarının sorğuları əsasında 1149 nüsxə ədəbiyyat dünya milli kitabxanalarına göndərilmiş, 1151 nüsxə ədəbiyyat isə kitabxanaya daxil olmuşdur. Beləliklə, ötən ildə milli kitabxanalara, xarici ölkələrdə olan səfirliklərə, beynəlxalq kitab sərgi-yarmarkalara və s. ümumilikdə 4298 nüsxə ədəbiyyat göndərilmişdir, 1151 nüsxə ədəbiyyat isə kitabxanaya daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin təntənəli surətdə keçirilməsi məqsədi ilə imzaladığı sərəncama müvafiq olaraq Milli Kitabxana Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Kürdəmir, İsmayıllı, Lənkəran və Şamaxı şəhərlərində elmi konfranslar keçirmişdir.
2012-ci il may ayının 11-də Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ümumşəhər kitab bayramında Milli Kitabxana “Heydər Əliyev Fondunun nəşrləri” və “Mirzə Ələkbər Sabir-150” adlı sərgilərlə təmsil olunmuşdur.
Oxuculara xidmətin keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən layihə üzrə oxuculara kitab verilişi proseslərinin tam avtomatlaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Oxuculara kitab verilişinin tam avtomatlaşdırılması məqsədilə kitabxananın fondlarında və kitab verilişi məntəqələrində, oxu zallarında yeni kompüterlər və avadanlıqlar quraşdırılmışdır. Bu kompüterlər kitab verilişi sisteminin daha da sürətlənməsi üçün lazımi proqramlarla təmin olunmuşdur.
Bununla yanaşı, Milli Kitabxanada olan kitab və digər materialların qanunsuz olaraq kitabxanadan kənara çıxarılmasının qarşısını almaq məqsədilə kitablara və digər materiallara RFID mikro çiplərin yapışdırılması üçün avadanlıq və kitabxananın çıxışında siqnalizator qapılar quraşdırılmışdır.
Milli Kitabxanada olan ənənəvi kataloqların retrokonversiyasına başlanılmışdır. Bu məqsədlə kartoçkaların skan edilməsi üçün xüsusi skaner alınmışdır.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri də ötən il xeyli genişlənmişdir. Biz Avropa Milli Kitabxanaları konfransı (CENL), Avrasiya Kitabxanalar Assambleyası (BAE), Avropa Kitabxanası, türkdilli ölkələrin milli kitabxana direktorları şurasının, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları şurasının, Avrasiya Kitabxanaçılar Birliyinın fəal üzvüyük və onların keçirdikləri beynəlxalq tədbirlərdə fəal iştirak edirik. Bu gün 28 ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
Rusiya Dövlət kitabxanası və Türkiyə Milli Kitabxanası ilə imzalanmış ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandumların müddətləri uzadılmış, Çexiya, Yunanıstan və Macarıstan milli kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. İskəndəriyyə Kitabxanası(müddətin uzadılması), Mərakeş, Polşa və Bolqarıstan milli kitabxanaları ilə Memorandum layihələri hazırlanaraq razılaşdırılmış, maddələr müzakirə olunmuş və 2013-cü ilin əvvəllərində imzalanması qərarına gəlinmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilmiş TÜRKSOY ölkələrinin Milli Kitabxanalarının nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada “Nizami irsinin təbliği” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Tədbirdə Nizami Gəncəvinin Türkiyə Milli Kitabxanasında qorunan “Xəmsə”sinin surəti, Çexiya Milli Kitabxanasında qorunan Nizaminin “Xəmsə”sinin illüstrasiyaları, Füzulinin, Nəsiminin, Xaqaninin əlyazmalarının surətləri Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur.
Milli Kitabxananın əməkdaşları 2012-ci ildə 20 xarici ölkədə ezamiyyədə olmuş, 8 beynəlxalq kitab sərgilərində, müxtəlif seminar və konfranslarda, milli kitabxanaların yubiley tədbirlərində, stajorluqlarda iştirak etmişlər.
2012-ci il böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən “M.F.Axundzadə ili” elan edilmişdir.
2013-cü il yubileylər ilidir və bu, il ilk növbədə, həmişə Milli Kitabxanaya diqqət və qayğısı ilə seçilən xalqımızın ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi bütün dünya azərbaycanlıları, xalqımız tərəfindən qeyd olunacaqdır və Milli Kitabxanamızda bu münasibətlə silsilə tədbirlər həyata keçiriləcək, ulu öndərimizin “Müstəqilliyimiz əbədidir” adlı çoxcildliyinin biblioqrafik göstəricisi və köməkçi aparatı tərtib olunaraq çap ediləcəkdir. TÜRKSOY təşkilatı ilə birlikdə müvafiq mövzuda beynəlxalq konfransın da keçirilməsi nəzərdə tutulur.
Bu il Milli Kitabxananın da 90 illik yubileyi qeyd olunacaqdır. Bu münasibətlə yubiley tədbirinin təşkili, 47 Avropa ölkəsinin milli kitabxanalarının direktorlarının iştirakı ilə Avropa Milli Kitabxanaları Konfransı beynəlxalq təşkilatının Direktorlar şurasının 27-ci iclasının, Avrasiya Kitabxanalar Assambleyasının illik toplantısının, Türkdilli Ölkələrin Milli kitabxanalarının direktorlarının 3-cü konfransının sentyabr ayında Bakıda keçirilməsinə ciddi hazırlaşırıq.
Bu ilin payızında Bakıda keçiriləcək III Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada bir sıra beynəlxalq sərgilərin- Estoniya Milli Kitabxanasının fondundan qiymətli materialların və Çexiya Milli Kitabxanasının fondundakı Azərbaycanla bağlı əlyazmaların sərgilərinin təşkilini də planlaşdırmışıq. Bir sözlə, cari il əlamətdar tədbirlərlə çox zəngin olacaqdır.
Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli Kitabxananın direktoru,
əməkdar mədəniyyət işçisi, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.