AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi ötənilki fəaliyyəti barədə hesabat vermişdir

 

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2012-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası keçirilmişdir.

AzərTac xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ötən il bölmənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən nəşr etdirilmiş kitablarla tanış olmuşlar.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclası açaraq 2012-ci ildə Humanitar və İctimai Elmlər Bölməsinin gördüyü işlərdən danışmışdır.

İclasda Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin HİEB-in elmi-tədqiqat müəssisələrinin 2012-ci ildəki elmi-təşkilati fəaliyyəti və bölmə üzvlərinin fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir.

Məruzəçi bildirmişdir ki, hesabat dövründə dövlətin elm siyasətindəki əsas prinsipləri, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramında nəzərdə tutulan tələbləri rəhbər tutularaq bölmədə kompleks tədbirlər həyata keçirilmiş, aparılan elmi-tədqiqat işləri Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi, intellektual inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına istiqamətlənmişdir.

Qeyd edilmişdir ki, Humanitar və İctimai Elmlər Bölməsi AMEA-nın sayca ən böyük struktur bölməsidir. Bölmədə 11 problem şurası fəaliyyət göstərir. Hesabat ilində bölmənin 13 büro iclası olmuş, 216 sənəd nəzərdən keçirilmişdir. HİEB-də 19 istiqamət üzrə elmin müxtəlif sahələrində elmi-tədqiqat işləri aparılır.

Hesabatda qrantlara əsasən fəaliyyət göstərən bölmə elmi-tədqiqat müəssisələrinin (ETM) sayının çoxalması, bölmə ETM-lərin xarici əlaqələri sahəsində əldə edilmiş nailiyyətlər də öz əksini tapmışdır.

Bildirilmişdir ki, bölmə institutlarının beynəlxalq əlaqələri genişləndirilmiş, alim və mütəxəssislərimiz bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda uğurla iştirak etmişlər.

Kamal Abdullayev ötən il əldə olunmuş nailiyyətlər, mühüm hadisələr, yeni nəşrlər haqqında ətraflı məlumat vermişdir. Nəzərə çatdırılmışdır ki, bu elmi əsərlər sırasında akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanlarına uyğun olaraq bölmənin müxtəlif institutlarında görkəmli mütəfəkkir və alimlərimizin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.

K.Abdullayev bildirmişdir ki, HİEB-in institutlarının əməkdaşları müxtəlif fəxri adlara layiq görülmüşlər. Biz bunu dövlətimizin başçısının elm sahəsinə göstərdiyi diqqət və qayğının yüksək nəticəsi kimi qiymətləndiririk.

Hesabat məruzəsində institutlararası müxtəlif sahələr üzrə birgə elm-tədqiqat laboratoriyalarının yaradılmasının vacibliyi vurğulanmış, muzey və arxivlərdə saxlanılan qədim əlyazmaların qorunub saxlanılması və bərpası üçün texniki laboratoriyaların da təşkilinin zəruriliyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, hesabat ilində akademiklər Nailə Vəlixanlı, Ağamusa Axundov, Ömər Eldarov, Vasim Məmmədəliyev, Ziyad Səmədzadə, İsa Həbibbəyli, Teymur Bünyadov, İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Teymur Kərimov, Səlahəddin Xəlilov, Tofiq Hacıyev, Nizami Cəfərov, Rafael Hüseynov və digərlərinin yorulmaz fəaliyyəti Azərbaycan elminin inkişafına mühüm töhfələr vermişdir.

K.Abdullayev diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamına əsasən AMEA-nın rəyasət heyətində, ölkənin müxtəlif institut və təşkilatlarında görkəmli elm xadimləri və alimlərimizin iştirakı ilə iclaslar keçirilmiş və buraya müxtəlif idarə və təşkilatlarında çalışan mütəxəssislər cəlb olunaraq geniş fikir mübadiləsi aparılmışdır.

İclasda akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev və başqaları çıxış edərək müəssisələrin elmi istiqamətləri üzrə əldə olunan mühüm nəticələrdən danışmış, hesabatı qənaətbəxş hesab etmişlər.

Tədbirdə, həmçinin bölmənin perspektiv fəaliyyəti müəyyənləşdirilmiş, müxtəlif məsələlər müzakirə edilmiş, təklif və iradlar səsləndirilmişdir.

Sonda AMEA rəyasət heyətinin qərarına əsasən, AMEA-nın Humanitar və İctimai və Elmlər Bölməsinin hesabatı təsdiq edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında