Dövlət Pedaqoji Universitetində qış imtahan sessiyası yekunlaşır

 

Son illər ölkəmizdə ali təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatının daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülür.

Bütün bunlar isə, heç şübhəsiz,  tədris prosesinin, bütövlükdə ali təhsilin səviyyəsinin   yaxşılaşdırılmasına imkan yaradır. Xatırladaq ki, bir neçə ildir  Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası  ilə əlaqədar olaraq  bütün imtahanlar yeni, mütərəqqi üsullarla aparılır. Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin olunmasına və tələbələrin biliklərinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

Azərbaycanın ən qocaman ali təhsil müəssisələrindən sayılan, ölkə məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna yeri olan Dövlət Pedaqoji Universitetində bu baxımdan həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Hazırda universitetin əyani şöbəsində 24 ixtisas üzrə 10 fakültədə 5677 tələbə təhsil alır. Bundan əlavə, universitetdə  uzun illərdir ki, fəaliyyət göstərən əcnəbi tələbələrin işi üzrə  fakültədə 100 nəfər xarici tələbə elmin sirlərinə yiyələnir. Universitetin qiyabi şöbəsində isə 8 fakültədə 9 ixtisas üzrə 2181 tələbə təhsil alır. Bütün bunlarla yanaşı, hazırda universitetin əlavə təhsil şöbəsində dörd ixtisas üzrə 200 nəfər oxuyur. Magistratura pilləsində isə  əyani və qiyabi yolla  təhsil alanların sayı 875 nəfər təşkil edir. 

Artıq altı ilə yaxındır ki, universitetin əyani şöbəsində tələbələr kredit sistemi əsasında təhsil alırlar. Həmin tələbələr bütün imtahanları test üsulu ilə, özü də kompüter vasitəsilə  verirlər. Bir neçə ildir ki, qiyabi şöbədə də imtahanların analoji üsulla aparılmasına başlanmışdır. Qiyabi şöbənin dörd və beşinci kurslarında təhsil alan tələbələr üçün isə imtahanlar  ənənəvi sistemlə aparılır. Onu da deyək ki, kredit sistemi artıq özünü tam doğrultmuş və imtahanların test üsulu ilə aparılması tələbələrin dərin razılığına səbəb olmuşdur.

Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent  Namiq Hacıyev bildirdi ki, ölkəmizin ali məktəbləri arasında semestr imtahanlarının informasiya-kommunikasiya texnologiyasının tətbiqi yolu ilə  aparılması ilk dəfə məhz  Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilmişdir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədovun bu sahədə irəli sürdüyü ilkin təşəbbüs Təhsil Nazirliyi tərəfindən bəyənildikdən sonra universitet elmi şurasının qərarı ilə həyata keçirilməyə başlanmışdır. 

Artıq  tələbələrin biliklərinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanlarının  informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilməsi özünü tam doğrultmuş və  bu üsulun ölkənin digər ali məktəblərində də tətbiqinə başlanmışdır.

Hazırda ADPU-da imtahanların keçirilməsi üçün beş kompüter imtahan zalı fəaliyyət göstərir.  Həmin zallarda yerləşdirilmiş 180 kompüter vasitəsilə gün ərzində təqribən 1500 nəfər tələbə imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarda xüsusi kameralar quraşdırılmışdır. Hər bir imtahan zalında bir saat ərzində 180 tələbə imtahan verir.  Hər  tələbəyə imtahan verdiyi fəndən  5 cavab variantından ibarət  25 sual təqdim olunur. Tələbənin düzgün cavablandırdığı hər bir sual 2 balla qiymətləndirilir. Beləliklə də, tələbənin imtahanqabağı topladığı balla imtahanın nəticəsi cəmlənərək yekun qiymət müəyyənləşdirilir. Bundan əlavə, 2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından etibarən Dövlət Pedaqoji Universitetində imtahanların yeni bir metod tətbiq edilməklə iki mərhələdə keçirilməsinə başlanmışdır. Belə ki, universitet elmi şurasının qərarı əsasında “yaxşı” və “əla” qiymət almaq istəyən tələbələr elektron test üsulu ilə imtahan verdikdən sonra kompüterin müvafiq düyməsini basmaqla elə həmin gün eyni fəndən yazılı imtahana buraxılmaq imkanı əldə edirlər. Xatırladaq ki, bu metodun tətbiq edilməsindən əsas məqsəd tələbə-gəncləri əzbərçilikdən, şablonçuluğa meyillilikdən uzaqlaşdırmaq, imtahanlara daha ciddi şəkildə hazırlaşdırmağa sövq etmək, eyni zamanda, onlarda fikirlərini yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdan ibarətdir. 

Yeri gəlmişkən, imtahan qaydalarının tam gözlənilməsi, baş verə biləcək neqativ halların qarşısının vaxtında alınması, eləcə də tələbələrin ərizə və şikayətlərinin operativ şəkildə araşdırılıb cavablandırılması məqsədilə universitet rəhbərliyinin müvafiq əmri ilə 9 nəfərdən ibarət “qaynar xətt” yaradılmış və onun normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Tarix elmləri doktoru, əməkdar elm xadimi, professor Süleyman Məmmədovun rəhbərlik etdiyi “qaynar xətt”in tərkibinə universitetin ən nüfuzlu professor və müəllim heyəti daxil edilmişdir. Bundan  əlavə, bütün fakültələrdə münaqişə komissiyaları fəaliyyət göstərir.

Dövlət Pedaqoji Universitetində bir ay əvvəl start götürmüş qış imtahan sessiyası artıq finişə yaxınlaşır.  Universitetdə apardığımız müşahidələr, tələbələrlə etdiyimiz söhbətlərdən də tam aydın oldu ki, burada yaradılmış hər bir şərait yalnız və yalnız imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanmışdır. Məhz bunun nəticəsidir ki, imtahan sessiyası zamanı baş verə biləcək bütün neqativ halların qarşısı vaxtında alınır.  İndi burada, sözün əsl mənasında, biliyin yeganə meyar olduğuna əmin olan tələbələr imtahanlara daha böyük səy və həvəslə hazırlaşırlar.  Yeri gəlmişkən, qış  sessiyasının gedişi ilə yaxından tanış olmaq məqsədilə bir neçə gün bundan qabaq Təhsil Nazirliyinin və bir neçə qeyri-hökumət təşkilatının məsul işçiləri Dövlət Pedaqoji Universitetində olmuş və imtahanların keçirilməsini yüksək qiymətləndirmişlər.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında