Ölkəmizin elmi-pedaqoji ictimaiyyəti görkəmli alim, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, təvazökar insan, gözəl ziyalı, professor Əbdül Əlizadənin 80 illik yubileyini qeyd edir.
Sənədlərdə Əbdül Əlizadənin Bakıda dünyaya gəldiyi qeyd olunub. Onun haqqında yazılmış bir sıra məqalələrdə də bu “fakt” təkrarlanır. Ancaq özünün yazdığı tərcümeyi-halında Əbdül müəllim Şuşanın Malıbəyli kəndində doğulduğunu, hələ körpəykən ailəsinin Bakıya köçdüyünü göstərir. Bakıdakı 31 nömrəli orta məktəbdə təhsil almış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur.
Gənc Əbdül hələ tələbəykən elmi araşdırmalara maraq göstərir və üçüncü kursda oxuyanda psixologiya tarixinə dair ilk məqaləsi “Universitetin elmi əsərləri” məcmuəsində dərc olunur. Beşinci kursda isə Ə.Əlizadə Cəfər Cabbarlının yaradıcılığı əsasında “Bədii yaradıcılığın psixoloji məsələləri” mövzusunda diplom işi yazaraq 1955-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirir.
Ali təhsilini başa vurduqdan sonra Ə.Əlizadə bir müddət Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoq və “Azərbaycan məktəbi” jurnalında ədəbi işçi kimi çalışmışdır. Psixologiya təlimini daha dərindən öyrənmək, elmi tədqiqatlarla peşəkar səviyyədə məşğul olmaq istəyi ilə 1959-cu ildə APİ- nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) aspiranturasına daxil olur. Bu illərdə görkəmli alimlərin qayğısı ilə Ə.Əlizadə pedaqogika və psixologiya elmlərinin incəliklərini, elmi araşdırma üsullarını dərindən mənimsəyir.
Ə.Əlizadə 1962-ci ildə “Şagirdlərin təxəyyül fəaliyyətində analiz-sintez proseslərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. Sonrakı dövrdə Ə.Əlizadənin elmi fəaliyyəti bir müddət Elmi-Tədqiqat Pedaqogika İnstitutu ilə bağlı olmuşdur. O burada baş elmi işçi vəzifəsində çalışmış, elmi araşdırmalarında nəzəri psixologiya ilə məktəb praktikası məsələlərini əlaqələndirməyə xüsusi diqqət yetirmişdir. Bu mərhələdə alim psixoloqların bir sıra ümumittifaq və beynəlxalq toplantılarında Azərbaycanı ləyaqətlə təmsil etmiş, elmimizin respublikamızdan kənarda tanınmasında müəyyən rol oynamışdır. O 1963-cü ildə SSRİ psixoloqlarının ikinci qurultayında xüsusi məruzə ilə çıxış etmiş, sonrakı illərdə də analoji forumların fəal iştirakçısı olmuşdur. Bu dövr onun elmi yaradıcılığının çox məhsuldar bir mərhələsini təşkil edir. Gənc alim bir-birinin ardınca “Uşaqlarda diqqətin tərbiyəsi”, “Uşaqlarda kollektivçilik hislərinin tərbiyəsi”, “Yoldaşlıq və dostluq tərbiyəsi”, “Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi”, “Ailədə uşaqların cinsi tərbiyəsi”, “Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası”, “İlk addımlar”, “Məhəbbət aləmində” və digər elmi-tədqiqat əsərlərini nəşr etdirir.
1976-cı ildə cox aktual sayılan “Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edən Ə.Əlizadə növbəti ildə Pedaqoji Universitetin Ümumi psixologiya kafedrasının professoru və müdiri seçilir. O vaxtdan bu günəcən 37 ildir ki, Əbdül müəllim ölkəmizdə psixologiya elminin əsas mərkəzlərindən biri olan bu kafedraya rəhbərlik edir.
Prof. Ə.Əlizadənin pedaqoji psixologiya ilə bağlı araşdırmalarının əsas qayəsi mütərəqqi psixoloji ideyaların, qabaqcıl elmi-nəzəri prinsiplərin təhsil prosesinə, yeni vətəndaş yetişdirilməsi işinə daha dərindən nüfuzunun təmin edilməsidir. Onun elmi-pedaqoji fəaliyyətinin mahiyyətini də həmişə bu amil - elmi ideyalarla əməli iş prinsiplərinin, nəzəri psixologiya ilə praktik pedaqogikanın üzvi surətdə qovuşdurulması təşkil etmişdir. Bu cəhət 1986-cı ildə çap olunmuş “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi”, həmçinin 1989-cu ildə işıq üzü görmüş “Ailə həyatının etika və psixologiyası” kitablarında xüsusilə qabarıq nəzərə çarpır.
Onun psixoloji sistemində şagird, tələbə ilk növbədə fərdi xarakterə və fərqli təbiətə malik olan, sayğılı yanaşma tələb edən şəxsiyyət kimi dəyərləndirilir. Ümumiyyətlə, Əbdül müəllim özünün həyat tərzi və fəaliyyət prinsipləri ilə bir daha sübut edir ki, insanların hörmətini qazanmağın ən dürüst yolu onlara hörmətlə yanaşmaqdır. Bir pedaqoq və kafedra müdiri kimi də Əbdül müəllimin başlıca iş prinsipi şəxsi nümunə metodudur. Xarakterində, rəftarında nə qədər mülayim, nəzalətli olsa da, elmi məsələlərdə, həyat prinsnplərinə sadiqlikdə bir o qədər inadkar və dönməzdir.
Həyat və fəaliyyətinin ölkəmizin müstəqillik dövrünə düşən yetkin çağlarında prof. Ə.Əlizadə təhsil psixologiyası, xüsusən də etnopsixologiya ilə bağlı tədqiqatlarında xalqımızın klassik psixoloji irsinin öyrənilməsini diqqət mərkəzində saxlayır, bu sahədə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin konseptual ideyalarını dünya elminə dəyərli töhfə kimi qiymətləndirir. “Nizaminin psixoloji görüşləri” və “Xəmsə”də yaş və pedaqoji psixologiya məsələləri” monoqrafiyaları da məhz bu istiqamətli araşdırmaların məhsulu kimi meydana çıxmışdır. Bu mərhələdə prof. Ə.Əlizadənin təhsil psixologiyasına aid tədqiqatlarını təkmilləşdirməklə yanaşı, etnopsixoloji problemlərin araşdırılmasını da ön plana çəkməsi qanunauyğun hal idi. Bütün pedaqoci və elmi fəaliyyəti boyu gənc nəslin milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını vacib hesab edən alimin müstəqil dövlət quruculuğu illərində şəxsiyyətin milli psixologiya zəminində formalaşdırılması ideyasını elmi tədqiqatlarının aparıcı xətti kimi qəbul etməsi tamamilə təbii görünür. Prof. Ə.Əlizadənin mövqeyinə görə, həyatın bütün sahələri kimi milli təhsil sistemini də yenidən quran Azərbaycanda təlim-tərbiyə işinin optimal inkişaf istiqamətlərinin düzgün seçilməsi, şəxsiyyət tərbiyəsinin elmi əsaslarda həyata keçirilməsi, ailədə, məktəbdə və cəmiyyətdə qarşılıqlı münasibətlərin humanist prinsiplərlə qurulması xüsusi əhəmiyyət daşıyır.
90-cı illərdən başlayaraq prof. Ə.Əlizadənin elmi fəaliyyətində aparıcı rol oynayan istiqamətlərdən biri də ölkəmizdə milli təhsil quruculuğunun elmi-nəzəri platfomasının yaradılmasında, eləcə də yeni təhsil konsepsiyasının tələblərinə cavab verən dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsidir. O, həmmüəllifləri ilə birgə “İlk addımlar”, “Ailə”, “İnsan və cəmiyyət”, “Psixologiya” və “Sosial psixologiya” dərsliklərinin müəllifidir. Həmin dövrdə onun pedaqoji psixologiya problemləri haqqında 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Əbdül müəllimin “Xalq qəzeti”ndə dərc olunmuş polemik xarakterli “Milli təhsil quruculuğu: problemlər, perspektivlər” adlı məqaləsi ən ciddi mütəxəssislərin iştirakı ilə geniş diskussiyanın başlanmasına yol açmış, ölkəmizdə milli təhsil konsepsiyasının formalaşmasında müəyyən rol oynamışdı.
Həmin konsepsiyanın həyata keçirilməsində Əbdül müəllimin özü də dəyərli elmi əsərləri ilə yaxından iştirak edir. “Yeni pedaqoji təfəkkür”, “İstedadlı uşaqlar: psixoloji məsələlər”, “İdrak prosesi və hisslər”, “Təxəyyül: psixoloji etüdlər” kitablarını bu fəaliyyətin məhsulu kimi qiymətləndirmək olar. 1998-ci ildə nəşr olunmuş “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” adlı fundamental əsəri isə çağdaş psixologiya elminin ən yüksək səviyyədə dayanan bir nümunəsidir.
Dərslik yaradıcılığı sahəsində ümumən 20-dən artıq kitabın müəllifi olan Əbdül müəllimin 2010-cu ildə prof. H.Əlizadə ilə birgə çap etdirdiyi “Pedaqoji psixologiya” dərsliyini mütəxəssislər müasir Azərbaycan psixologiyasının ən böyük nailiyyəti kimi qiymətləndirirlər. Kitab özünün pedaqoji, psixoloji, metodiki göstəriciləri ilə müasir təhsil nəzəriyyəsinin, yeni pedaqoji təfəkkürün prinsiplərinə tam cavab verir.
Əbdül müəllim ömrünün bu ahıl çağında da fəal elmi yaradıcılıqdan ayrılmır. Professor hazırda “Qadın psixologiyasına giriş” monoqrafiyası üzərində işləyir. Maraqlı və ibrətamiz faktdır. Görünür, psixologiyanın ən qəliz və mürəkkəb probleminə həsr olunmuş belə bir əsəri yazmaq üçün uzun illərin bəxş etdiyi həyat təcrübəsi və alim səriştəsi zəruri imiş...
Professor Əbdül Əlizadənin elmi və pedaqoji fəaliyyəti dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilib. Sovet dönəmində “Qırmızı Əmək Bayrağı”, müstəqillik dövründə isə “Şöhrət” ordenləri ilə təltif olunub. Gənclik illərində “Qabaqcıl maarif xadimi”, yetkinlik çağlarında “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Müəllim adını ömrü boyu ləyaqətlə daşıyan, müəllimlik şərəfini hər şeydən uca tutan Əbdül Əlizadə pedaqoji fəaliyyəti müddətində minlərlə tələbənin, işlədiyi kollektivin, ölkəmizin bütün ziyalı mühitinin dərin hörmət və ehtiramını qazanmışdır. Onların hamısının fikrini Azərbaycanın təhsil naziri prof. Misir Mərdanovun sözləri ilə ümumiləşdirmək olar: “Son dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi tanıdığım Əbdül müəllim istər elmdə, istərsə də həyatda çoxları üçün əlçatmaz zirvələr fəth etmiş xoşbəxt taleli həqiqi ziyalılarımızdandır.” Dəyərli fikirdir, ancaq mən yazını Əbdül müəllimin öz sözləri ilə bitirmək istərdim: “Xalqımızın birliyi, Vətən torpaqlarının azad edilməsi, Azərbaycanımızın daha da çiçəklənməsi mənim ən böyük arzum, istəyimdir. Mən bir psixoloq kimi xalqımın qüdrətinə inanıram və ona övlad məhəbbətimlə fəxr edirəm.”
Biz də belə böyük bir insanın, böyük vətəndaşın müasiri olmağımızla fəxr edirik.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.