Dünyanı dolanan kitaba “Beynəlxalq uğur mükafatı” verildi

 

“Azərbaycan cəmiyyəti  tərəqqi etdikcə, dövlət  yeni inkişaf mərhələsinə qədəm qoyduqca  və informasiyalı cəmiyyət özünün formalaşma prosesini başa çatdırdıqca  xalqımızı təmsil edən  ayrı-ayrı ziyalıların yaradıcılığı daha geniş məkanda təbliğ olunur. Bununla yanaşı,  kütləvi informasiya vasitələrinin bütün məsələlərə  sirayət etmək imkanı genişlənir və qəzet-jurnallar  özlərinin müstəqil layihələri ilə böyük oxucu auditoriyasının dərin rəğbətini qazanırlar.

Artıq  bütün sahələrdə çalışan soydaşlarımızın fərdi yaradıcılığın müxtəlif istiqamətləri üzrə əldə etdikləri uğurların dünya miqyasında tanınması günün reallığına çevrilmişdir. Həmin ziyalılardan biri də  müasir kəlam yaradıcılığına böyük töhfələr vermiş yazıçı-filosof, dörd beynəlxalq akademiyanın akademiki, Azərbaycan, Türkiyə,  Rusiya Yazıçılar birliklərinin və Avrasiya Yazıçılar Liqasının  üzvü Hacı Fərhad Mirzədir. Onun qələmə aldığı  “Kəlamlar” kitabı Azərbaycan, türk, rus, ingilis və alman dillərində  böyük tirajla nəşr edilərək  Avrasiyanın az qala bütün ölkələrini gəzməkdədir. Rusiya,  Türkiyə və Almaniyanın kütləvi informasiya vasitələrində, xüsusən, elektron resurslarında dünyanın görkəmli mütəxəssisləri bu kitab haqında yüksək təqdiredici fikirlər səsləndirmişlər. Eyni zamanda, Hacı Fərhad Mirzə BMT yanında İctimai Təltiflər Şurasının Puşkin adına qızıl medalı başda olmaqla, 150-yə qədər yerli və xarici mükafata layiq görülmüşdür.”

Bu fikirlər  “Mərhəmət elçisi” jurnalının - təsisçisi professor Nərgiz xanım Paşayeva, redaksiya heyətinin sədri akademik Arif Paşayevdir - “Azərbaycanda milli- mənəvi inkişafa vətəndaş dəstəyi” layihəsinin  ictimai təqdimatında səsləndirilmişdir.  Atatürk Mərkəzində çoxsaylı ziyalıların və mətbuat təmsilçilərinin iştirakı ilə keçirilən  mərasimdə qeyd olunmuşdur ki, bu jurnal fəaliyyət göstərdiyi  müddətdə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin dəstəklənməsi məqsədiylə bir sıra uğurlu layihələr reallaşdırmışdır. “Milli-mənəvi inkişafa vətəndaş dəstəyi” layihəsi də həmin mərama xidmət edir.

Təqdimat mərasimində jurnalın ekspert şurasının sədri, iqtisad elmləri doktoru, professor Əli Həsənov, alimlərdən professor Əsədulla Qurbanov, Vaqif Arzumanlı,  Maarif Teymur və başqaları çıxış edərək  mətbuat vasitələrinin bu qəbildən olan layihələrlə çıxış etmək tendensiyasını xalqımızın  ümumi işinə  verilən töhfə kimi qiymətləndirmişlər. Üçüncü minillikdə yeni bir inkişaf tempi götürmüş gənc müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi üçün atılan istənilən addımı yüksək qiymətləndirən alimlər qeyd etmişlər ki, qloballaşma dövründə hansı xalq öz milli-mənəvi dəyərlərini daha da zənginləşdirə bilsə, o xalq daha böyük uğurlara imza atacaq. Azərbaycanın beynəlxalq aləmdə qazandığı bütün nailiyyətlərin təməlində isə  məhz milli- mənəvi dəyərlərin qorunub saxlanılması dayanır.  Çıxışlardan və geniş müzakirələrdən sonra   “Milli-mənəvi inkişafa vətəndaş dəstəyi” layihəsi çərçivəsində müxtəlif mükafatlar verilmişdir.

Jurnalın redaktoru Şakir Əhmədli  qeyd etmişdir ki, ekspertlər şurası bu layihənin istiqamətinə uyğun fəaliyyət göstərən ziyalılarımızın , yəni , cəmiyyətimizin milli-mənəvi inkişafına dəstək verən vətəndaşlarımızın xidmətini yüksək qiymətləndirərək onları fərdi mükafatlara layiq görmüşdür. Təsis olunan ən ali mükafat isə  öz “Kəlamlar”ı ilə Azərbaycan ictimai-siyasi məfkurəsini  Avropanın bir çox ölkələrində uğurla təmsil edən yazıçı-filosof Hacı Fərhad Mirzəyə verilən  “Beynəlxalq uğur mükafatı”dır. Bu mükafata layiq görülən soydaşımızın yaradıcılığı barədə söz açan alimlərin hamısı xüsusi vurğulamışlar ki, Rusiya Federasiyasının, Türkiyə Cümhuriyyətinin  və Almaniyanın elektron kütləvi informasiya vasitələri azərbaycanlı yazıçının kəlamları barədə təqdiredici fikirlər səsləndirməklə kifayətlənmir, bir sıra nəşriyyatlar həmin kəlamların təkrar çap edilərək yüksək qiymətə satılmasını təşkil edirlər. Bu isə o deməkdir ki, həmin ölkələrdə “Kəlamlar”a xüsusi tələbat vardır.  Hətta, Rusiyanın internet saytlarında belə informasiyalar da vardır ki, bu ölkədə  bir neçə nəşriyyat müəllifə müraciət etmədən  “Kəlamlar”ın yüksək tirajla – yəni biznes məqsədiylə nəşrini təşkil edirlər. Hər bir azərbaycanlı üçün maraqlı olan fakt isə ondan ibarətdir ki, həmin nəşriyyatların pul qazanmaq üçün təkrar çap etdirdikləri kitablar arasında ən yüksək  satış qiyməti  qoyulan kitab məhz “Kəlamlar”dır. Bu qiymətlər internetdə xüsusi alıcılar üçün tərtib olunan elanlarda göstərilir.  Türkiyədə isə “Kəlamlar” “Nadir kitab” internet satış şəbəkəsi vasitəsiylə, amma ruslara nisbətən bir az insaflı qiymətə satılır ( www.nadirkitap.com). Qardaş ölkənin səhiyyə nazirliyi ilə Burdur Dövlət Xəstəxanasının birgə layihəsi əsasında  “Kəlamlar” kitabı  xəstəxanalar üçün təşkil  olunmuş “Ruha ilac kitablar” adlı kitabxanaya daxil edilmişdir (www.burdur.gov.tr).

 Bundan başqa, tədbir iştirakçıları qeyd etdilər ki, Hacı Fərhad Mirzənin “Kəlamlar” kitabının həm rusca, həm də ingiliscə çıxan variantları postsovet məkanının bir sıra  dövlət rəhbərləri və parlamentarilər tərəfindən yüksək qiymətləndirilmişdir. Yeri gəlmişkən, “Gənclik - news” jurnalı özünün yanvar, 2013-cü il tarixli nömrəsində  “Gənclərə örnək” məsədiylə hazırladığı xüsusi səhifədə Hacı Fərhad Mirzənin yaradıcılığını “Bəşəri xilas edəcək kəlamlar” adlandırır və qeyd edir ki, “Kəlamlar”  bu gün dövlət rəsmilərinin stolüstü kitabına çevrilib.  Məqalədə göstərilir: “O, öz hikmətli sözlərində dediklərini ikiqat həyata keçirir, Vətənini, xalqını, torpağını, dövlətini sevir. O, varını ehtiyacı olan kimsəsizlərlə, tənha qocalarla bölməyi bacarır. Qocalar evindən, yetimxanalardan, torpaq uğrunda döyüşmüş əsgərlərdən, şəhid ailələrindən, qaçqın-köçkündən köməyini heç zaman əsirgəmir”. Məqalə müəllifinin fikrincə, bu təmənnasız köməyi ancaq və ancaq “Kəlamlar” kimi dəyərli kitabı yazmış insan reallaşdıra bilər.  Bir sözlə, yeni ilin ilk həftələrində Azərbaycan ədəbi-bədii fikirləri ilə beynəlxalq aləmdə xalqımızı təmsil edən  yaradıcı ziyalımızın kitabı növbəti dəfə öz müəllifinə üz ağlığı gətirdi. Uğur olsun!

Şəkildə: “Beynəlxalq uğur mükafatı” lauerata təqdim olunur.

Natəvan İSMAYILLI,
foto Rafiq SALMANOVUNDUR
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında