Yanvarın 23-də Azərbaycan Tibb Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2012-ci il üçün hesabatına həsr olunmuş növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə bölmə institutlarının ötən il qazandığı nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbiri açaraq gündəlikdəki məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Rəyasət Heyətinin səyyar xarakter daşıyan növbəti iclası AMEA-nın Biologiya Elmləri Bölməsinin deyil, yeni yaranmış Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuşdur. M.Kərimov bu cür iclasların bundan sonra da davam etdiriləcəyini, akademiyanın digər institut və elmi müəssisələrinin də ötənilki fəaliyyətlərinə dair hesabatlarının dinləniləcəyini diqqətə çatdırmışdır.
İclasda BTEB-in akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirmişdir ki, 2012-ci il BTEB-in elmi təşkilatları üçün, eləcə də müstəqil Azərbaycanın elmi potensialının formalaşması, qloballaşma dövrünün tələblərinə uyğun elm və təhsil strategiyasının inkişafı istiqamətində böyük uğurlar ili olmuşdur.
Hesabat ilində Biologiya və Tibb Elmləri Bölməsinin elmi təşkilatları “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” üzrə tədqiqatları davam etdirmiş və hesabatlar AMEA-nın Rəyasət Heyətinə təqdim olunmuşdur.
Bölmənin alimləri AMEA-nın digər təşkilatları ilə birlikdə yeni “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2013-2018-ci illər)” layihəsinin hazırlanmasında doqquz tədbir təklif etmişlər.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Botanika və Zoologiya institutlarının əməkdaşları tərəfindən hazırlanmış, Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinə dair məlumatları, onların areallarının xəritələrini əhatə edən respublikanın “Qırmızı kitab”ı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çap üçün təqdim olunmuşdur.
Bildirilmişdir ki, BTEB-in elmi fəaliyyəti 2012-ci ildə də biologiya və tibb sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldilmişdir. BTEB-in bürosunun elmi-təşkilati işləri Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutları, Mərkəzi Nəbatat Bağı və Mərdəkan Dendrarisinin, respublikada tibb elmləri sahəsində fəaliyyət göstərən institutların, bəzi biologiya təmayüllü ali məktəb kafedralarının və xarici alimlərin fəaliyyəti ilə əlaqələndirilmişdir.
Hesabat ilində BTEB-in biologiya elmi üzrə müəssisələrində iki, tibb elmləri sahəsində isə dörd elmi istiqamət üzrə elmi-tədqiqat işləri davam etdirilmişdir. Ümumilikdə altı istiqamət üzrə 45 problem, 197 mövzu (9-u tamamlanmış), 467 iş (55-i tamamlanmış) və 764 mərhələ üzrə tədqiqatlar aparılmışdır. Onlardan biologiya sahəsində 9 problem, 50 mövzunun (2-si tamamlanmış) yerinə yetirilməsində 163 işi (19-u tamamlanmış) əhatə edən 226 mərhələnin tədqiqatları tamamlanmışdır. Tibb sahəsində 13 elmi təşkilatda 36 problem, 147 mövzu (7-si tamamlanmış), 304 iş (36-sı tamamlanmış) davam etdirilmiş və 538 mərhələ üzrə elmi işlər tamamlanmışdır. Həmin problemlər üzrə 29 mühüm elmi nəticə alınmışdır.
Ötən il “Azərbaycan MEA-nın elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin 2012-ci il üçün tətbiq planı”na BTEB elmi müəssisələrindən altı iş daxil edilmişdir. Onlardan ikisi keçici, dördü isə yenidir. Bölmə üzrə aparılan 120 işdən 97-si keçici, 23-ü yenidir. Hesabat ilində BTEB-in elmi müəssisələrində çalışan əməkdaşların üç min 98 elmi əsəri, o cümlədən 24 kitabı (2-si xaricdə), 17 monoqrafiyası (3-ü xaricdə), 1.729 məqaləsi (531-i xaricdə) və 1.112 tezisi (418-i xaricdə) çap olunmuşdur. AMEA-nın internet saytında yerləşdirilmiş jurnallarda biologiya və tibb elmlərinin müxtəlif sahələrinə aid 48 elmi məqalə dərc edilmişdir.
Qeyd olunmuşdur ki, hazırda BTEB-in tərkibində AMEA-nın səkkiz həqiqi və 16 müxbir üzvü fəaliyyət göstərir. Ümumilikdə, bölmənin elmi müəssisələrində səkkiz min 238 əməkdaş (onlardan üç min 14 elmi işçi) çalışır. Hesabat ilində bölmənin elmi təşkilatlarında 310 elmlər doktoru, 1.473 fəlsəfə doktoru elmin və tədrisin müxtəlif sahələri üzrə elmi problemlərin həllində iştirak etmişlər.
AMEA-nın və Səhiyyə Nazirliyinin doktoranturalarında BTEB-in elmi təşkilatlarının 39 doktorantı əyani və 15 nəfər isə qiyabi formada təhsilini davam etdirmişdir. Keçən il doktoranturaya cəmi 26 nəfər (16 əyani və 10 qiyabi) qəbul olunmuş, doqquz doktorantın təhsil müddəti başa çatmışdır. BTEB-in elmi təşkilatlarında 12 elmlər doktoru və 78 fəlsəfə doktoru dissertasiya müdafiə etmişdir. 182 nəfər dissertasiya mövzuları üzərində tədqiqatlarını davam etdirmişdir.
Akademik Ə.Əmiraslanov bildirmişdir ki, keçən il bölmə institutlarının 120-dən artıq alimi 55 qrant layihəsində iştirak etmişdir. Bölmənin elmi təşkilatları ilə Azərbaycan Tibb Universitetinin birgə qrantı əsasında Transmission Elektron Mikroskopu, ona əlavə olunmuş köməkçi cihaz, avadanlıq və materiallar alınmışdır. Bu, respublikada nəsli kəsilməkdə olan flora və fauna nümunələrinin anatomik-morfoloji xüsusiyyətləri, bitkilərin məhsuldarlığının molekulyar-genetik əsasları, transgen mənşəli məhsulların insan sağlamlığına təsiri haqqında informasiyaların, insanlarda bədxassəli şişlərin əmələ gəlməsi və digər xəstəliklərin müasir səviyyədə tədqiqinə imkan yaratmışdır.
Hesabat ilində BTEB-in əməkdaşları bir sıra beynəlxalq və respublika səviyyəli elmi yığıncaqlarda məruzələrlə çıxış etmiş, xarici ölkələrin alimləri ilə sıx əlaqələr yaratmışlar.
Biologiya və Tibb Elmləri Bölməsinin tərkibindəki biologiya elmləri üzrə və tibb elmləri üzrə problem şuralarının 2012-ci il üzrə elmi-tədqiqat planları müzakirə edilmiş, elmi idarələr tərəfindən təqdim olunmuş mühüm nəticələr BTEB-in illik hesabatına daxil edilmişdir.
Akademiklər Mahmud Kərimov, Arif Həşimov, Akif Əlizadə, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, filologiya elmləri doktoru Validə Əlizadə və başqaları bölmənin illik hesabatını qənaətbəxş hesab etmişlər.
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənərək AMEA-nın illik hesabatına daxil edilmişdir.
Tədbirdə, həmçinin bir sıra elmi-təşkilati məsələlər də müzakirə olunmuş, görkəmli cərrah, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun 130, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin təşkili məqsədi ilə aparılan hazırlıq işlərindən danışılmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.