1918-ci ildə ermənilər “böyük Ermənistan” yaratmaq xülyası ilə xalqımızı soyqırıma məruz qoyarkən xilaskarlıq missiyası ilə Azərbaycana gələn və düşmənləri susduran Türk Qafqaz İslam Ordusunun əsgərlərindən bir neçəsi sonradan taleyini Azərbaycanın bu diyarı ilə bağlamışdır.
Türk əsgərləri erməniləri məğlub edərək qovduqdan sonra Göyçayın Cəyirli, Qarabaqqal, Bığır, Qaraməryəm, İnçə kəndlərində ailə quraraq orada yaşamışlar.
İgidliklə dolu ömrünü Göyçayın Cəyirli kəndində başa vurmuş Osman Məhəmmədoğlunun (Dədəlioğlu) övladları, nəvələri və nəticələri də hazırda kənddə yaşayırlar. Onlar qəhrəman ata-babalarının xatirəsini ehtiramla yad edirlər.
Türkiyənin Tekirdağ vilayətinin Saray qəsəbəsində anadan olmuş Osman Dədəlioğlu barədə kitab yazmaq üçün Azərbaycana gələn yazıçı Selman Akıl türk əsgərinin övladları, nəvələri və yaşadığı Cəyirli kəndinin sakinləri ilə görüşərək onlarla söhbət aparmışdır. Yazıçı Selman Akıl Osman Dədəlioğlunun məzarını ziyarət etmiş, onu tanıyan insanların xatirələrini qeydə almış, qəhrəman türk əsgərinin 1918-ci ildə Göyçayda baş verən döyüşlərdə göstərdiyi şücaətlər barədə məlumatlar toplamış, şəxsi əşyaları və onun Türkiyədə yaşayan qardaşlarına yazdığı həsrət dolu məktubları ilə tanış olmuşdur. Osman Dədəlioğlunun Türkiyədəki qohumları onun 1959-cu ilədək sağ olmasından xəbərsiz olmuşlar. Sonradan qohumlar məktublaşsalar da, keçmiş sovet rejimi qardaşların bir dəfə də olsun görüşməsinə imkan verməmişdir.
Yazıçı S.Akıl Osman Dədəlioğlu ilə yanaşı, 1918-ci ildə Göyçaya gələn və sonradan orada qalıb yaşayan digər türk əsgərləri və onların ailəsi barədə də faktlar toplamağı planlaşdırır. O, “Həsrət məktubları” adlı kitabını bir il ərzində hazırlayaraq çap etdirəcəyini bildirmişdir.
Türk əsgərinin nəvəsi Taleh Cəbrayılov demişdir: “Babam Osman Dədəlioğlu 1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı altında Azərbaycana xilaskarlıq missiyası ilə gələrkən 28 yaşında idi. O danışardı ki, biz ermənilərin günahsız insanlara necə zülm etməsinin şahidi olmuşuq. Deyirdi ki, düşmənlər qadınlara, qocalara, uşaqlara belə aman vermir, onları ən qəddar üsullarla qətlə yetirirdilər. Türkiyə və Azərbaycan əsgərləri birləşərək daşnak-bolşevik birləşmələrinə qarşı mübarizəyə başlamış və 1918-ci ilin iyun ayında Göyçay ərazisində qızğın döyüşlərdə düşmənləri məğlub edərək Bakıyadək qovmuşlar. Həmin ilin sentyabrında Bakı düşmənlərdən azad edilmiş və Azərbaycanın paytaxtı elan olunmuşdur”.
Taleh Cəbrayılov bildirmişdir ki, babası Osman Dədəlioğlu həmin döyüşlərdə yaralandığı üçün bir müddət Azərbaycanda qalıb müalicə olunmuşdur. Sonra sərhədlər bağlandığından Türkiyəyə qayıda bilməyən Osman Dədəlioğlu Göyçayın Cəyirli kəndində qalaraq yaşamalı olmuşdur. O, 1920-ci ildə ailə qurmuşdur. Hazırda övladları və nəvələri vardır. Sonralar onun birinci həyat yoldaşı vəfat etmiş və o, 1959-cu ildə ikinci dəfə evlənmişdir. Onun iki qız övladı olmuşdur. Onlardan biri - Rəsmiyyə Cəbrayılova atasının tez-tez Türkiyədəki qohumları ilə əlaqə yaratdığını, məktublaşdığını, Türkiyədəki qohumlarının onlara qonaq gəldiyini bildirmişdir.
Osman Dədəlioğlu 1984-cü ildə 94 yaşında vəfat etmiş və Cəyirli kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Sonradan onun məzarı dağılıb yox olmaq təhlükəsi üzləşmişdir. 2005-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə qəbirüstü abidə yenidən qurulmuş, ətrafı abadlaşdırılmışdır. Ailə üzvləri Osman Dədəlioğlunun sənədlərini, məktublarını və şəkillərini əziz xatirə kimi saxladıqlarını bildirmişlər.
Türk əsgərinin ailəsinə göstərilən diqqət bütövlükdə qəhrəman türk əsgərlərinin xatirəsinə olan ehtiramdır. Axı, 1918-ci ilin iyun ayında general-mayor Nuru Paşanın komandanlığı ilə türk ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı ilk ölüm-dirim savaşı da, düşmənlərə vurulan ilk ağır zərbələr və müharibədə yaranan dönüş nöqtəsi də məhz Göyçay ərazisində olmuşdur" - deyən ailə üzvləri bu gün rayonun 10-a yaxın yaşayış məntəqəsində naməlum türk hərbçilərinin məzarlarının olduğunu bildirmişlər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.