Azərbaycanda elmin və elmi nailiyyətlərin qədim tarixə malik olması hər kəsə məlumdur. O da yaxşı aydındır ki, bu tarixi inkişafın əsas yükü və məsuliyyəti keçən əsrin ortalarından başlayaraq məhz Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə düşmüşdür. Bu böyük elm ocağı öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş və öz keçmişi ilə bizə fəxarət verir. Bu yolda ona, təbii ki, 1938-ci ildə yaradılmış Geologiya İnstitutunun tədqiqatları öz töhfəsini verməkdədir. Bu il institutumuz yubileyini–75 yaşını qeyd etməyə hazırlaşır. Danılmaz bir həqiqətdir ki, bütün tarixi boyu, Geologiya İnstitutu elmi irsin ənənələrini daima qorumaqla, aktiv və məhsuldar mövqeyə sadiq qalmışdır. İnstitutumuz bu cür mövqeyini 2012-ci ildə də davam etdirmişdir.
Geologiya İnstitutunda 2012-ci ildə aparılmış tədqiqatlar 13 mövzunu və 24 elmi-tədqiqat işini əhatə etməklə 5 problem üzrə aparılmışdır. 2012-ci ildə 8 elmi-tədqiqat işi başa çatdırılmışdır. Prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin böyük hissəsi “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı”nın icrası ilə bağlı olmuşdur. Xatırladım ki, proqram Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı sərəncamı ilə təsdiq olunmuşdur. Cənubi Xəzər çökəkliyinin (CXÇ) yeni geoloji-geofiziki modelinin yaradılması sahəsi üzrə aparılmış işlər başa çatdırılmışdır. Müxtəlif geofiziki sahələr üzrə müasir məlumatlar təhlil olunmuş və onlar arasında funksional asılılıqlar qurulub, uyğun alqoritmlər, işlənmə və geoloji şərh proqramları hazırlanmışdır. Yüksək termobarik şəraitdə kernlər üzərində laborator təcrübələr aparılmışdır. Seysmik anizotropiyanın tədqiqi proqramı hazırlanmışdır. Tədqiq edilmiş kəsilişlərin regional stratifik korrelyasiyası aparılmışdır. Müxtəlif metodlarla kəsilişlərin uzlaşdırılması işləri yerinə yetirilmişdir. Bərkimiş yer qabığının, qranit və bazalt təbəqələrinin, Moxo səthlərinin seçilməsi və qranit təbəqəsinin yayılma sərhədi müəyyən edilmişdir. Məlumatlı regional profillər seçilib yenidən işlənilmiş və şərh olunmuşdur. Uyğun xəritələr tərtib edilmişdir.
Karbohidrogen potensialının qiymətləndirilməsi sahəsi üzrə də tədqiqatlar davam etdirilmişdir. Üzvi maddənin izotop-geokimyəvi analizi nəticəsində, həmçinin paleocoğrafi rekonstruksiyalara əsasən mezo-kaynozoy çöküntülərində neftgenerasiya xarakterli komplekslər ayrılmış, hövzənin dəniz hissəsində bu çöküntülərin generasiyaedici səciyyəsi proqnozlaşdırılmışdır. Hövzə modelləşdirilməsi texnologiyalarını tətbiq etməklə, hövzənin istilik rejimi və üzvi maddənin katagenez dərəcəsi (çevrilmə) bərpa edilmiş, tələlərdə karbohidrogenlərin generasiya, miqrasiya və toplanma dinamikası öyrənilmişdir.
Axtarış-kəşfiyyat qazması və geofiziki işlərlə Azərbaycanın quru və dəniz ərazilərinin öyrənilmə dərəcəsi qiymətləndirilmiş, perspektivlik dərəcəsinə görə, qazılmaya hazırlanmış strukturların sıralanması aparılmışdır.
Çətin çıxarılan neft ehtiyatlarına, yüksək sıxlıqlı neftə malik obyektlərin sayı dəqiqləşdirilmiş və onların təxmini qalıq ehtiyatları hesablanmışdır. Müxtəlif yaşlı karbohidrogen ehtiyatlarının təsnifatı üzrə məlumatlar ümumiləşdirilmişdir.
Geodinamik tədqiqatlar və monitorinq sahəsində aparılmış işlər nəticəsində qeyri-klassik xətləşdirilmiş bütöv mühit mexanikası çərçivəsində bircins izotrop yaxınlaşmada inversiya məsələsi nəzəri olaraq həll edilmişdir. Müxtəlif gərginlik vəziyyətlərində xətti elastikiyyət modullarının sıxlıqdan, eninə və boyuna elastiki dalğaların yayılma sürətlərindən asılı olaraq hesablanması üçün analitik düsturlar alınmışdır. Bu çərçivədə Puasson əmsalının hesablanması düsturu da alınmışdır. Seysmik dalğanın kinematik və dinamik parametrlərinin hesablanması üçün alqoritmlər və uyğun kompyuter proqramları yaradılmış və test sınaqları vasitəsilə yoxlanılmışdır. Hazırlanmış kompyuter proqramının və Cənubi Xəzər hövzəsinin geoloji-geofiziki materiallarının təhlili əsasında uzununa dalğaların sürətlərinin təzyiqdən və süxurların sıxlığından asılılıq qrafikləri qurulmuşdur.
Yeni nəzəri işləmələr və müasir geoloji-geofiziki məlumatlar əsasında Cənubi Xəzər hövzəsində tədqiq olunan obyektlərin birölçülü və ikiölçülü geoloji modelləri yaradılmışdır. Seysmik və quyu geofiziki materiallarının işlənilməsinin, geoloji şərhinin və elastiklik parametrlərinin həqiqi və effektiv qiymətlərini təyin etmək üçün müasir interaktiv kompyuter paket proqramı hazırlanmış, bu proqramların köməyi ilə test tədqiqatları aparılmışdır.
“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi” Tədbirlər Planı isə Nazirlər Kabinetinin 23 yanvar 2008-ci il tarixli 22 saylı sərəncamı ilə təsdiq olunub. Bu sənəd çərçivəsində Azərbaycanda ilk dəfə geotexnologiya elminin əsas prinsipləri üç qızıl yatağında sınaqdan keçirilmişdir. Aparılmış işlər nəticəsində qızılı yerin altından çıxarmağın yeni metodları işlənib hazırlanmışdır. Onlardan biri torpaqda metalların yuyulub çıxarılması üsuludur. Bu üsulla qızılın çıxarılması təbiətə ziyan vurmadan, asan və ucuz başa gəlir.
“Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi” adlı Dövlət Planı da vardır və o, Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli 299s saylı sərəncamı ilə təsdiq olunub. Bu istiqamətdə institutun əməkdaşları tərəfindən respublikada ilk dəfə olaraq geniş miqyaslı tədqiqatlar aparılmış və mühüm nəticələr əldə edilmişdir. Tədqiqatlar çərçivəsində dövlət tərəfindən hazırda mühafizə olunan nadir geoloji obyektlərin inventarlaşması və respublika üzrə kəşf edilməmiş nadir geoloji obyektlərin aşkarlanmasına yönəlmış çöl ekspedisiya işlərinə xüsusi yer ayrılmışdır. İşlərin mühüm nəticəsi kimi nadir geoloji obyektlər siyahısına daxil edilmək üçün təklif olunan 484 geoloji obyekt elmi cəhətdən öyrənilmiş və onların təsnifatı aparılmışdır. O cümlədən, 11 obyektin dünya əhəmiyyətli, 31 obyektin Qafqaz üzrə, 82 obyektin isə ölkə səviyyəli unikal olduğu müəyyən edilmişdir.
Hazırda aşkar edilmiş nadir geoloji obyektlərin məkanca yayılmalarının ilkin təhlili göstərir ki, Azərbaycan beynəlxalq səviyyəli milli geoparkların yaradılması baxımından böyük potensiala malikdir. Bunlardan, ilk növbədə, Abşeronun qədim neft mədənləri (Binəqədi və Yanardağ sahələri daxil olmaqla), Culfa, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılır.
Proqram çərçivəsində Eldar Gec Sarmat hipparion faunası (Eylər oyuğu), Qobustan Milli Parkının holosen faunası, Quşkuna - Ağçaqıl çöküntülərinin klassik kəsilişləri, Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı da öyrənilmişdir. Sonuncu qeyd etdiyim ərazidə aparılan işlər xüsusi əhəmiyyət kəsb edir. 2012-ci ildə Binəqədi dördüncü dövr təbiət abidəsinin ərazisində qədim fauna və flora muzeyinın yaradılması ilə bağlı işlər başlanılmışdır. Muzey üçün ayrılmış ərazidə tədqiq olunan qatların radioaktivlik dərəcəsi müəyyən edilmiş, qatların kimyəvi analizi və süxurların mütləq yaşı 45-55 min il təyin olunmuşdur. Azərbaycanın dünya şöhrətli təbiət abidəsi olan Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığında görülən işlər Geologiya İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Binəqədi Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyi iştirakı ilə aparılmışdır.
Elmi-tematik plan çərçivəsində aparılmış tədqiqatlar və nəticələr
“Dünya palçıq vulkanları atlası”nın tərtibi üzrə işlər sona çatmışdır. Dünyanın 37 ölkəsində, habelə Aralıq və Qara dənizlərinin dərin zonalarında intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib təhlil edilmişdir. Onların morfologiyası, struktur mövqeyi və püskürmə məhsullarının geokimyası ətraflı şərh olunur. Yarım əsr ərzində palçıq vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri elmi nəticələr qlobal miqyasda öz təsdiqini tapmışdır. Xüsusilə, qeyd etmək lazımdır ki, palçıq vulkanizminin geodinamik şərait və termobarik proseslərlə, 15-20 km və daha çox qalınlıqda olan Kaynozoy molass çökəkliklərində, kəsilişdə mütləq Eosen-Miosen çöküntü kompleksinin olması ilə əlaqədar əmələ gəlməsi və təzahür mexanizmi fikirləri təsdiq edilmişdir. Ümumi sayı 2000-dən artıq olan dünya palçıq vulkanları, Azərbaycan ərazisində olduğu kimi, genetik cəhətcə bir-birilə əlaqədar olan iki tipə– palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayrılmışdır.
“Neft-qaz yataqlarının üçölçülü geoloji-geofiziki modellərinin tərtibi və onların işlənilməsinə nəzarət metodikasının təkmilləşdirilməsi” işi sona çatmışdır. Neft-qaz yataqlarında geofiziki, mədən geologiyası və 3D seysmik məlumatlar kompleks şəkildə araşdırılmiş və yeni üçölçülü petrofiziki model tərtib edilmişdir. 2012-ci ildə neft və qaz yataqları işlənilməsinin nəzəri və tətbiqi sahəsində də tədqiqatlar davam etdirilmişdir.
İnformasiya Texnologiyaları İnstitutu ilə birgə olaraq “Elmi-tədqiqat işlərinin nəticələrinin effektivliyinin elmimetrik analizi və patentqabiliyyətli işlərin mühafizəsi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir. Bu iş, ilk növbədə, respublikada aparılan elmi-tədqiqat işlərinin dünya elm mühitində yerinin müəyyənləşdirilməsinə həsr olunub. Azərbaycan elminin, o cümlədən AMEA-nın dünya elm məkanında mövqeyini aydınlaşdırmaq üçün ilk dəfə olaraq elmimetrik tədqiqat işləri aparılmış və alınan göstəricilər MDB və Baltikyanı dövlətlərin müvafiq göstəriciləri ilə müqayisə edilmişdir. Tədqiqat üçün, əsas etibarilə, Institute for Scientific Information/Tomson Reuters Essential Science Indicatorsun məlumatlar bazasından istifadə edilmişdir.
Ötən il elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 5 mühüm elmi nəticə alınmışdır. Bunlar neft, qaz, seysmologiya və geologiya elminin digər sahələrini əhatə edir. Bunlardan biri kimi, qaz-kondensat yatağına ardıcıl qaz və su vurma prosesinin modelləşdirilməsinin alqoritmi və tətbiqi proqram paketi işlənib hazırlanmış və onun yüksək səmərəliliyi göstərilmişdir. Digər mühüm elmi nəticələrin sayəsində relaksasiyalı və sürüşgəcli mühitli neft və qaz yataqlarının tükənmə rejimində işlənilmə göstəricilərinin təyini metodikası yaradılmışdır.
Xarici əlaqələr
Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri ilə birgə “Qafqaz regionunun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı” mövzusu çərçivəsində Azərbaycanın palçıq vulkanlarının öyrənilməsi davam etdirilmişdir. Palçıq vulkanlarının yer səthinə çıxardığı qaz və suların izotop-geokimyəvi analizlərinin nəticələrinə əsasən müəyyən olmuşdur ki, Qafqazın bütün rayonlarında palçıq vulkanlarının formalaşma temperaturu eyni intervalda, başlıca olaraq 40-800C arasında dəyişir. Yəni palçıq vulkanizmi müəyyən temperatur intervalında təzahür edir, bu da çöküntü qatında neftqaz əmələgəlmə tsiklinin ilkin mərhələsi ilə üst-üstə düşür.
Keçən il İtaliyanın Milli Elm Şurası və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu arasında imzalanan ikitərəfli müqavilə sayəsində müştərək tədqiqatlara başlanılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və İtaliyanın Bikokka Milan Universiteti Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin əlaqələrini öyrənirlər. Məqsəd Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənmək, sonra isə qiymətləndirmək olmuşdur. Bu niyyətlə institutun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev oktyabrın 12-də İtaliyaya səfər etmiş və iki ay müddətində müştərək tədqiqatlar aparılmışdır. Dekabrın 12-də başa çatmış işlər “Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi” mövzusu altında Kariplo Fondunun dəstəyi ilə həyata keçirilmişdir.
Akademik İbrahim Quliyevin rəhbərliyi altında institutun bir qrup alimi rusiyalı həmkarları ilə birgə Cənubi Xəzər hövzəsindəki neft və qaz yataqlarının quruluşlarının tipik modellərini təhlil etmişdir. Hövzənin dərin hissələrinin kollektorları və örtük/ekranlarının səciyyəsi verilmiş, litofasial rayonlaşdırılması yerinə yetirilmiş, kəşfiyyat aparılmamış hissələrində kollektorların proqnozu verilmişdir. Yüksək anomal lay təzyiqli zonalar səciyyələnmiş, regionun istilik sahəsi tətqiq edilmiş, temperaturun paylanmasının 2D və 3D modeli qurulmuşdur.
BP Exploration (Caspian Sea) LTD şirkətilə aparılan elmi-tədqiqat işinin icra proqramına müvafiq olaraq, BTC boru kəmərinin Azərbaycan hissəsi və ətraf ərazilərin geodinamik monitorinqi davam etdirilmişdir. Boru kəmərinin Hacıqabul rayonunda yerləşən Qarasu-Sığırlı hissəsinin 10 kilometrlik zolağında dominant tezlik, qruntun güclənmə əmsalı və radioaktiv sahənin dəyişmə qanunauyğunluqları öyrənilmiş və mikroseysmik rayonlaşdırılma xəritəsi tərtib edilmişdir. Sözügedən ərazidə təhlükəli sahələr aşkarlanmışdır. Zaqatala-Şəki zonasının hiss edilən zəlzələlərin Bakı-Tbilisi-Ceyhan boru kəmərində yaratdığı seysmik effekt hesablanmışdır.
Qrant layihələri
Geologiya İnstitutu əvvəllərdə olduğu kimi, 2012-ci ildə də qrant layihələri çərçivəsində elmi tədqiqatları davam etdirmişdir. İnstitutun əməkdaşları müxtəlif yerli və beynəlxalq fondlara 30 layihə təqdim etmişlər. Həmin fondlar Azərbaycanın Elmi İnkişafı Fondu (EİF), ARDNŞ-ın Elm Fondu, Ukrayna Elmi-Texnologiya Mərkəzi, İtaliya Kariplo Elmi-tədqiqat Fondu və Volt-Landau Cəmiyyəti Mərkəzi və İsveçrə Milli Elm Fondudur. Bu layihələrdən 13-ü qrant dəstəyi almışdır. Onların sırasında “Böyuk Bakı timsalında urbanizə olunmuş ərazilərin radio-geokimyəvi sahələrinin geoloji və ekoloji aspektləri”, “Abşeron yarımadasında neft-qaz istehsalı və emalı proseslərinin ətraf mühitin radioekoloji durumuna təsirinin qiymətləndirilməsi”, “Üzvi maddənin, neftlərin və qazların tədqiqinin müasir üsulları” və digər layihələrin adlarını çəkmək olar. Digər 7 layihə isə EİF və UETM-də ekspertiza mərhələsindədir.
İsveçrə Milli Elmi Fondunun dəstəyi ilə Azərbaycan ərazisində radonun yayılmasının öyrənilməsi istiqamətindəki tədqiqatlar davam etdirilmişdir. İşlər “İsveçrə metodologiyası və təcrübəsinin istifadəsi ilə Azərbaycanda radonun paylanmasının xəritə və kadastrının yaradılması” adlı qrant layihəsi çərçivəsində aparılır.
Alimlərimiz İsveçrənin Milli Elm Fondunun 2009-2013-cü illər “SCOPES” proqramı çərçivəsində maliyyələşdirilən “Qafqazın tektonikası” adlı beynəlxalq layihədə də iştirak edirlər. Onlar Cənubi Qafqaz ölkələri, Rusiya və İsveçrənin mütəxəssislərinin iştirakı ilə 1:500000 miqyaslı “Qafqazın tektonik xəritəsi”ni tərtib etmişlər.
“Maykop və erkən miosen dövründə Paratetisin bir hissəsi kimi, Xəzər dənizinin geodinamikası və paleoiqlimin təkamülü” üzrə işlər Hollandiyanın Utrext və Rumıniyanın Buxarest universitetlərinin alimləri ilə birlikdə davam etdirilmişdir. Başlanğıcı 2 milyon il bundan əvvəl hesab edilən Abşeron transqresiyası, buzlaqlarda oksigenin izotoplarına görə təyin edilmişdir. Paleomaqnit məlumatlarına görə, Bakı (ortapleystosen) transqresiyası 0,89 və 0,85 milyon il bundan qabaq baş vermişdir. Bu dövrdə Şimal yarımkürəsində buz örtüyünün həcmi kifayət qədər artmışdır. Beləliklə, Abşeron və Bakı transqresiyaları iqlimlə şərtlənmiş mahiyyətə malikdir.
Ukrayna Elmi-Texnologiya Mərkəzi tərəfindən maliyyələşdirilən qrant layihəsi çərçivəsində aparılmış rəqəmsal və kosmik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Xəzərin Abşeronətrafı akvatoriyasının, xüsusən Bakı buxtasının neftlə texnogen çirklənməsi ilə yanaşı, dənizin dibində karbohidrogen flüidlərinin təbii axın ocaqları neftlə çirklənmənin başlıca mənbəyidir. Dənizin dibində neftin təbii axın ocaqlarının coğrafi mövqeyi identifikasiya olunmuş, onların fəaliyyət dövrülüyü və ətraf mühitə daxil olan neftin həcmi qiymətləndirilmişdir. Cənubi Xəzər çökəkliyindəki seysmik proseslər neft axınlarının intensivliyinə təsir edir.
Akif ƏLİZADƏ,
AMEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun direktoru, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.