Keçmiş sovet ordusunun Bakıda törətdiyi qanlı 20 Yanvar qırğınının 23-cü ili tamam olur. Xalqımızın tarixinə qanla yazılmış bu faciənin ildönümü ərəfəsində ölkənin hər yerində müxtəlif tədbirlər keçirilir, şəhidlərimizin xatirəsi yad edilir.
Belə tədbirlərdən biri də dünən Azərbaycan Dövlət Neft Akademiyasında keçirildi. Şəhid tələbələrin valideynləri ilə görüşü giriş sözü ilə açan ADNA rektoru, akademik Siyavuş Qarayev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun silahlı dəstələri tarixi torpaqlarımıza haqsız və ədalətsiz ərazi iddiası ilə çıxış edən erməni qəsbkarlarına qarşı etiraz səsini ucaldan Bakı əhalisinə amansız divan tutub. Yüzlərlə günahsız insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Həmin faciəli gecədə həlak olmuş 147 nəfər arasında 12 tələbə olub. Neft Akademiyasının 3 tələbəsi - Ağabəy Novruzbəyli, Canpolad Orucov və Rahim Babayev də həmin gecə şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
20 Yanvar faciəsini xalqımıza qarşı ən qəddar terror aktı kimi xarakterizə edən rektor qeyd etdi ki, imperiyanın məqsədi haqq-ədalət tələb edən xalqımızın iradəsini qırmaq, milli mənliyini alçaltmaq olub. Ancaq imperiyanın ölümsaçan güllələri də xalqımızın azadlıq ideyalarını və mübarizə əzmini qıra bilməyib. “Xüsusilə qeyd etmək istəyirəm ki, ulu öndərimiz Heydər Əliyev xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatlarını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutmuş, onların ailə üzvlərinə daim diqqət və qayğı göstərmişdir. Ümummilli liderimizin 1993-cü ildən etibarən hər il 20 Yanvar faciəsi ərəfəsində bu qanlı hadisələrin qeyd edilməsi haqqında fərmanlar imzalaması və bütün dövlət strukturlarına şəhidlərimizin xatirəsinin qeyd olunması haqqında göstərişlər verməsi doğma xalqımızın azadlığını, torpaqlarımızın bütövlüyünü, millətimizin şərəf və ləyaqətini uca tutan şəhidlərimizin xatirəsinə dərin ehtiramın təcəssümüdür. Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin şəhidlərimizin xatirəsinə, onların valideynlərinə, ailə üzvlərinə göstərdiyi diqqət və qayğı da həmişə yüksək səviyyədədir. Xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir və xatirəsini ehtiramla yad edir. Mən şəxsən öz adımdan və ali məktəbimizin professor-müəllim heyəti, tələbələri adından qəhrəman şəhidlərimiz Rahim, Canpolad və Ağabəyin əziz xatirəsi qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, valideynlərinə səbir arzulayıram”.
Şəhid Ağabəy Novruzbəylinin vaxtilə təhsil aldığı kimya-texnologiya fakültəsinin dekanı, dosent Elxan Axundov, Canpolad Orucov və Rahim Babayevin təhsil aldıqları energetika fakültəsinin dekanı, dosent Yusif Cəbiyev və ADNA həmkarlar təşkilatının sədri Məzahir Babayev çıxış edərək tələbə-şəhidlərlə bağlı xatirələrini danışdılar və onların Vətən yolunda çəkinmədən candan keçmək kimi müqəddəs əməllərinin gənclərimiz üçün örnək olduğunu qeyd etdilər.
Şəhid tələbə Ağabəy Novruzbəylinin atası Oqtay Novruzbəyli övladının, eləcə də bütün şəhidlərimizin xatirəsini əziz tutduqlarına görə Neft Akademiyasının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, övladı Ağabəy Vətənin azadlığı və müstəqilliyi uğrunda özünü fəda etmiş olsa da, onun təhsil aldığı akademiya valideynləri üçün həmişə əziz bir tədris ocağı olaraq qalır. Burada şəhid Ağabəyin ruhu dolaşır, nəfəsi duyulur.
O əlavə etdi ki, əgər o zaman Azərbaycanın hakimiyyətində səriştəsiz adamlar deyil, ümummilli liderimiz Heydər Əliyev olsaydı, Bakıda bu qədər qan tökülməzdi. Eyni zamanda, bu qədər torpağımız erməni işğalçılarının tapdağı altına düşməzdi.
Tədbirə yekun vuran akademik Siyavuş Qarayev şəhidlərimizin xatirəsinin Azərbaycanda həmişə uca tutulduğunu və dövlətimizin, dövlət başçısı İlham Əliyevin qayğı və diqqəti sayəsində bundan sonra da həmişə uca tutulacağını vurğuladı, şəhid tələbələrin valideynlərinə vətənpərvər oğullar böyütdüklərinə görə minnətdarlığını çatdırdı. Sonda şəhidlərin xatirəsinə ehsan süfrəsi açıldı, şəhid valideynlərinə maddi yardım edildi.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.