ADPU-nun akt zalında böyük canlanma var idi. Respulikanın elm və mədəniyyət xadimləri, Pedaqoji Universitetin professor-müəllim heyəti Azərbaycan elminin inkişafında böyük xidməti olan görkəmli alim, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Abbas oğlu Məmmədovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 50 illiyini qeyd etməyə toplaşmışdı.
Uşaqlıq və gənclik illərini Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində keçirən Süleyman müəllim 5 yaşında ikən atası repressiya qurbanı olmuşdur. O, anası Fizzə xanımın, əmisi İbrahim və qardaşı Hüseynin himayəsində yaşamış, həyatın ağır sınaqlarına sinə gərməli olmuşdur. Ata qayğısına və sığalına ehtiyac duyan kiçik Süleyman dərsdən sonra meşədən odun qırmış, təsərrüfat işlərində çalışmış, yarıac, yarıtox yorğun halda evə qayıdandan sonra dərslərini hazırlamış, bəzən də kitab sinəsində yuxuya getmişdir. Bu da azmış kimi, müharibənin başlanması yeniyetmə Süleymanın qayğılarını birə-beş artırmış, yoxsulluq yükünü çəkmək üçün buğda və arpa zəmilərində başaq yığmış, mal-qara üçün qışa ot-alaf toplamış, bir sözlə, böyüklərlə bilrlikdə qaş qaralana qədər işləmişdir.
Süleyman Məmmədov öz kəndlərində yeddiillik məktəbi, Xalisadan 3 kilometr aralıda yerləşən qonşu Avşar kəndində səkkizillik məktəbi bitirərək 1948-ci ildə İrəvandakı Azərbaycan Pedaqoji Məktəbinə daxil olmuşdur.
Lakin texnikumdakı tələbə həyatı da Süleyman müəllimin üzünə gülmür. Keçmiş SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” bədnam qərarı ilə 1949-ci ildə pedaqoji məktəb Azərbaycanın Xanlar şəhərinə köçürülmüşdür. Nəhayət, bütün çətinliklərə baxmayaraq, S.Məmmədov 1951-ci ildə Xanlar Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə bitirərək həmin ildə imtahansız Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. Ancaq kasıbçılıq ona təhsilini davam etdirməyə imkan verməmiş, təhsilini yarımçıq qoyaraq yeddiillik məktəbdə müəllim işləmişdir. 1952-1954-cü illərdə Ukraynada və Rostov vilayətində hərbi xidmətdə olmuşdur. Ali təhsil almağı bir an da olsa yaddan çıxarmayan Süleyman müəllim hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Həyatını elmə bağlayan gənc Süleyman 1959-cu ildə Azərbaycan EA Tarix İnstitutunun orta əsrlər tarixi şöbəsində baş laborant kimi əmək fəaliyyətinə başlamışdır, o, erməni millətçilərinin xalqımıza olan qərəzli münasibətinin canlı şahidlərindəndir. Oxuduğu kitablardan və dövri mətbuatla tanışlıqdan yəqin etmişdi ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni kilsə xadimləri və xronikaçıları həmişə Azərbaycan ərazisini özlərininki hesab edir, sosial-iqtisadi və mədəni həyatına aid xəbərləri, habelə orada baş verən siyasi hadisələri təfsilatı ilə qələmə almağa çalışırlar. Çıxış yolunu xalqımızın tarixinə aid faktları araşdırıb elmi dövrəyə salmağı vacib bilən Tarix İnstitutunun rəhbərliyi gənc tədqiqatçı kimi Süleyman müəllimdən erməni qaynaqları üzrə tarixçi-mütəxəssis hazırlamağı qərara alır. Ona keçmiş APİ-nin dosenti, qədim erməni dili mütəxəssisi Xoren Mesropyanın yanında qədim erməni dilini öyrənilməsi üçün lazımi şərait yaradılır. Süleyman Məmmədov özü də erməni dilini dərindən öyrənməyə və qaynaqlara bilavasitə müraciət etməyə həvəs göstərir. Elə bu məqsədlə 1960-cı ildə Azərbaycan EA Tarix İnstitutu onu Ermənistan EA H.Acaryan adına Dilçilik İnstitutuna göndərir. O, burada Ruben Hovannesiyanın rəhbərliyi altında iki il qədim erməni dili üzrə təhsil alır. Təhsil illərində İrəvandakı Matenadaranda (Əlyazmalar Fondu) akademiyanın, universitetin və şəhərin kitabxanalarında, həmçinin arxivlərdə Azərbaycana aid olan materiallarla tanış olur. İki ildən sonra Bakıya qayıdıb Azərbaycan EA Tarix İnstitutunun orta əsrlər tarixi üzrə məqsədli aspiranturasına imtahan verir, aspiranturaya qəbuldan dərhal sonra institut onu Ermənistan EA Tarix İnstitutuna göndərir. O, burada akademik S.T.Yeremiyanın rəhbərliyi altında “XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı” adlı namizədlik dissertasiyası üzərində işləyir. S.Məmmədov dissertasiyasında irəli sürdüyü orta əsr Azərbaycan tarixinə aid müddəalar erməni alimlərinin müqaviməti ilə qarşılaşsa da, ilkin rus və erməni qaynaqları əsasında həqiqəti sübut edə bilir. 1982-ci ilin əvvəlində isə Süleyman müəllim doktorluq işini müdafiəyə təqdim edir. “Sapı özümüzdən olan baltalar” əsəri “uzun müddət müzakirə etdikdən və sırf mənbəşünaslıq olduğuna görə” Müdafiə Şurasının profilinə uyğun gəlmədiyini bəhanə edərək ilyarımdan sonra kənardan mütəxəssislərin cəlb edilməsini təklif edirlər. Fikirlərinin doğruluğuna əmin olan Süleyman müəllim problem üzrə aparıcı mütəxəssislərin razılığını aldıqdan sonra SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasına müraciət edir. S.Məmmədov mülahizələrini faktiki sənədlərlə sübut edərək 1983-cü il martın 23-də Elmi Şurada dissertasiyasını uğurla müdafiə edir.
S.Məmmədov 1986-cı ildən APİ-də Azərbaycan tarixi kafedrasının professoru, 1989-cu ildən həmin kafedranın müdiridir. Professor S.Məmmədov 18 ildir Təhsil Nazirliyi nəzdində tarix üzrə fəaliyyət göstərən Elmi Metodik Şuranın, 15 ildir Ali Attestasiya Komissiyası tarix bölməsi Ekspert Şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 10 nəfər aspirant və dissertantı Azərbaycanın orta cağlar dövrünün müxtəlif istiqamətləri üzrə axtarışlarını davam etdirir.
Professor S.Məmmədov 10 il APİ-də ixtisaslaşdırılmış Müdafiə Şurasının elmi katibi, 5 il BDU tarix fakültəsinin nəzdindəki ixtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədri, 5 il Respublika Problemləri İnstitutu və AMEA Tarix İnstitutunun nəzdindəki müdafiə şuralarının üzvü kimi yüzlərlə əsərin rəsmi opponenti, redaktoru və rəyçisi olmuşdur.
Professor S.Məmmədov medievist-mənbəşünas alim kimi bir çox regional və beynəlxalq konfransların iştirakçısı olmuşdur. S.Məmmədov 10 cildlik ASE-nin və Naxçıvan ensiklopediyasının, əlavə 2 cildlik Naxçıvan ensiklopediyasının müəlliflərindən, AMEA-nın nəzarəti ilə hazırlanan ASE “Xüsusi cild”inin məsləhətçilərindən biridir. Onun müəllifi olduğu “Avropalı səyyahlar Osmanlı imperatorluğu və Azərbaycan haqqında (XIII-XIV yüzillər)” (Ankara, 2000), “Karakoyunlular və Batı Azərbaycan”, “Yeni Türkiyə” dərgisi (Ankara, 2003), “Tarixdə erməni terroru (Birinci Dünya Müharibəsi illərində)”, “Uluslararası türk - erməni ilişkiləri” (İstanbul, 2003), “Kitabi-Dədə Qorqud dastanlarının tarixi-coğrafi arealı”, “Türk dünyasına baxışlar” (İstanbul, 2003) kitabları türk dünyasında maraqla qarşılanmışdır.
S.Məmmədov irili-xırdalı 400-ə qədər əsərin, o cümlədən 5 monoqrafiyanın, dərsliyin, 15 dərs vəsaiti və proqramın müəllifidir. O, 2009-cu ildə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi “İrəvan xanlığı” tarixinin əsas müəlliflərindən biri kimi Dövlət Mükafatına layiq görülmüşdür.
Professor S.Məmmədov tarixçi alim kimi öz dəsti-xətti olan tədqiqatçı, respublikada qədim erməni dili üzrə yeganə mütəxəssisdir. Onun iki əsəri- “XVII əsrin II yarısı-XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial-iqtisadi həyatı” (1977) və “Azərbaycan XV-XVIII əsrin I yarısı qaynaqlarında” (1993) Nyu York Konqress Akademiyasının kataloquna salınmışdır.
S.Məmmədov Tanrının ona verdiyi ömrün 80 illlik zirvəsindədir. Bu zirvə həm də elmi yüksəlişin zirvəsi hesab oluna bilər. Hər iki zirvəni birgə fəth etmək hər kəsə nəsib olmur. Süleyman Məmmədov bu haqqı həyatı və əməlləri ilə qazanmışdır.
Mais ƏMRAHOV,
ADPU Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru,
tarix elmləri doktoru
Hacı HƏSƏNOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu yeni tarix şöbəsinin müdiri,
Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.