Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilmişdir

Yanvarın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilmişdir.

Yanvarın 9-da   Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetində (ADMİU)  akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi   müzakirə edilmişdir.

Tədbirdə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin elmi-nəzəri əhəmiyyətindən danışmış, müəllifin yüksək vətənpərvərlik ruhu ilə qələmə aldığı bu yazının Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin xidmətlərinə kölgə  salmaq istəyənlərə  vaxtında  və olduqca mükəmməl elmi-siyasi cavab olduğunu vurğulamışdır.

Rektor bildirmişdir ki, məqalə Səfəvilər dövləti ilə bağlı aparılmış ciddi elmi araşdırmalar əsasında yüksək intellektual təfəkkürlə yazılmışdır. Burada Şah İsmayılın xalqımız qarşısında böyük  xidmətləri - mərkəzləşmiş dövlət yaratması, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, diplomatiya mənbəyi yaratması, ədəbi-mədəni irsi mühafizə və inkişaf  etdirməsi bir daha vurğulanmışdır.  Əslində ciddi tarixi və sosial-siyasi tədqiqat xarakterli  məqalənin başlıca qayəsi tarixi keçmişimizi, kimliyimizi   dünyaya  olduğu kimi təqdim etməkdir.

T.Əfəndiyev demişdir ki, tarixi həqiqətlərin üzə çıxarılmasında böyük rolu olan bu qiymətli əsərin üslubuna əzəmətli bir qürur hissi də xasdır. Bu isə milli iftixar və dövlətçilik  məsuliyyətindən irəli gəlir. Müstəqilliyimizi bərpa etdiyimiz  illər ərzində Azərbaycanda  dövlət quruculuğu sahəsində böyük işlər görülmüşdür. Əsası ulu  öndər Heydər Əliyev  tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin tarixi inkişaf strategiyasına uyğun olaraq  Prezident İlham Əliyev ölkəmizi iqtisadi, siyasi, mədəni-mənəvi baxımdan ən yüksək dünya standartları səviyyəsinə qaldırmağa nail  olmuşdur.  Bütün bunların kontekstində tariximizin, ədəbiyyat və mədəniyyətimizin bu vaxtadək açılmamış qalan,  yaxud  yanlış təqdim edilmiş  səhifələri,  tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti yenidən öyrənilir. Bu baxımdan akademik Ramiz Mehdiyevin ciddi tarixi faktlara əsaslanan bu konseptual məqaləsi bizim humanitar və ictimai elmlər sahəsində prioritetimizi müəyyən edən sanballı əsərdir. Bu, müəllifin dövlətçilik təfəkkürü ilə vaxtında yazılmış müstəqil tədqiqat əsəridir.

Rektor vurğulamışdır ki, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”   məqaləsi tarixi varislik və çağdaş siyasi inkişaf kontekstində hazırlanmış proqram sənədi kimi dəyərləndirilə bilər.

Universitetin prorektoru, professor Rafiq Sadıqov məqalədə Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə sənətə və sənətkarlara yüksək qiymət verilməsindən bəhs olunduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki,  məqalənin ana xəttini tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə malik olmasının sübutu,  bu məlum həqiqətə hələ də şübhə ilə yanaşanların məntiqsiz düşüncələrinin faktlarla təkzibi prinsipi təşkil edir. Tarixi həqiqətləri  çevik siyasi manevrlərlə zəngin diplomatik təfəkkür tərzi ilə vahid kontekstdə işıqlandıran bu məqalə, şübhəsiz ki,  fəaliyyətimizin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində ciddi əhəmiyyət kəsb edir.

Qeyd olunmuşdur ki, Azərbaycan dövlətçiliyinin ideya-siyasi dəst-xəttinin inkişaf etdirilməsi baxımından da bu irihəcmli publikasiyanın  böyük əhəmiyyəti vardır.  Bu  tarixi yazı  bizə işimizə daha ciddi yanaşmağı, tariximizi daha dərindən öyrənməyi, dövlətçilik strategiyamızı daha dərindən mənimsəməyimizi tövsiyə edir.

Professor Nizaməddin Şəmsizadə bildirmişdir ki, akademik Ramiz Mehdiyevin bu məqaləsi müasir Azərbaycanın siyasi-ideoloji prioritetlərini müəyyənləşdirən tarixi əsərdir. Ali dövlət təəssübkeşliyi və vətəndaş yanğısı ilə qələmə alınmış yazıda Şah İsmayıl Xətainin Azərbaycan dövləti və xalqı  qarşısındakı böyük xidmətləri, Azərbaycan torpaqlarını  birləşdirməsi və böyük Səfəvi dövlətini yaratması təkzibolunmaz  tarixi faktlarla   diqqətə çatdırılmışdır.

Məqalənin elmi əhəmiyyətini  qeyd edən professor Aqşin Babayev demişdir ki, bu yazı tarixçi alimlərimiz  üçün sanballı tədqiqat mənbəyidir. Tarixi şəxsiyyətlərə düzgün qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edən məqalədə  Azərbaycan tarixində, dövlətimizin və dövlətçiliyimizin inkişafında böyük rolu olmuş bir sıra tarixi şəxsiyyətlərin adları çəkilir, onların fəaliyyətləri təqdir olunur. Məqalədə Şah İsmayıl Xətai, haqlı olaraq, həm görkəmli dövlət xadimi, həm də böyük ədəbiyyat, söz, sənət hamisi kimi  təqdim edilmişdir.

Tədbirdə ADMİU-nun professorları  Əlikram Tağıyev, Gülşən Əliyeva, dosent Vəfa Əliyev çıxış edərək yüksək vətənpərvərlik  ruhunda qələmə alınmış  yazı ilə bağlı fikirlərini bölüşmüşlər. Qeyd olunmuşdur ki, akademik Ramiz Mehdiyevin  məqaləsi orta əsrlərin  araşdırılması baxımından metodoloji əhəmiyyətə malik  dəyərli tədqiqat mənbəyidir.

Müzakirədə böyük ziyalı və vətəndaş qəlbinin hökmü ilə, Azərbaycan tarixinə, xalqın keçmişinə ehtiramla yazılmış bu məqalənin ciddi elmi pedaqoji əhəmiyyətə malik olduğu vurğulanmışdır.  Eyni zamanda, gənc nəsildə tarixi keçmişimizə ehtiram, gələcəyə inam hissi formalaşdıran “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin  müddəalarının ali məktəblərin tədris proqramlarına daxil edilməsi zərurəti qeyd olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında