Böyük pedaqoqun əsərləri Azərbaycan dilində

Çex xalqının böyük oğlu, görkəmli ictimai xadim, humanist filosof, dilçi, tarixçi, dünyada elmi pedaqogikanın banisi sayılan Yan Amos Komenski (1592-1670) qiymətli elmi irsi və orijinal pedaqoji nəzəriyyələri ilə dünya pedaqoji fikrində köklü dəyişikliklər yaratmışdır.

Çex xalqının böyük oğlu, görkəmli ictimai xadim, humanist filosof, dilçi, tarixçi, dünyada elmi  pedaqogikanın banisi sayılan Yan Amos Komenski (1592-1670)  qiymətli elmi irsi və orijinal pedaqoji nəzəriyyələri ilə dünya pedaqoji fikrində köklü dəyişikliklər yaratmışdır. Avropa tarixinin ən coşqun və qaynar dövründə yaşayan Y.A.Komenski təlim-tərbiyənin məqsədi, məzmunu, təşkili, cəmiyyətdəki rolu, ona verilən tələblər və s. məsələlərdə öz zəmanəsini  xeyli qabaqlamışdır.

Y.A.Komenskinin elmi yaradıcılığı pedaqogikanın qızıl sütunudur. Pedaqogikanın müstəqil bir elmə çevrilməsi məhz onun adı ilə bağlıdır. Onun elmi əsaslara və qabaqcıl məktəblərin təcrübəsinə istinad edərək dövrün sxolastik məktəblərini kəskin tənqid etməsi, təlim sahəsində bir novator pedaqoq kimi sinif-dərs sistemini, “Hamıya hər şeyi öyrətməyin ümumi nəzəriyyəsini” əsaslandırması; məktəbdə dəqiq qaydaların yaradılması, dərsliklər tərtibi, müəllim üçün irəli sürdüyü pedaqoji tələblər və digər baxışları dünya pedaqoji fikrinə dəyərli  töhfədir. O, sələflərinin təlim-tərbiyə haqqındakı fikirlərini, fəlsəfi nəzəriyyələrini mükəmməl surətdə öyrənmiş, böyük pedaqoji ideyaların tükənməz xəzinəsi olan əsərlərində həm də uzun müddətli müəllim təcrübəsindən istifadə etmişdir.

Y.A.Komenskinin IV əsr bundan əvvəl söylədiyi pedaqoji ideyaların elmi dəyəri ondadır ki, zaman keçdikcə bu ideyalar Avropa ölkələrinə yayılmaqla qalmamış, sərhədləri keçərək Rusiyaya, Rusiya imperiyasının ucqarlarına, o cümlədən Azərbaycana da nüfuz etmiş və pedaqoji elmlərin inkişafına böyük təkan vermişdir.

Y.A.Komenskinin ideyalarının Azərbaycanda yayılması XIX əsrin sonlarına təsadüf edir. Bu ideyalar Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları tərəfindən mənimsənilmiş və yayılmışdır. Seminariyanın ilk məzunlarından olan T.Bayraməlibəyov ana dilinin tərbiyəvi əhəmiyyətindən bəhs edərkən Y.A.Komenskinin “Ana dilini bilmədən özgə dili bilmək olmaz” fikirlərinə istinad edirdi. İnqilabaqədərki dövrü mətbuatın araşdırılması göstərir ki, Azərbaycan pedaqoqlarından H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev və başqaları da Komenskinin ideyalarından yaradıcılıqla bəhrələnmişlər.

Keçən əsrin 20-30-cu illərindən başlayaraq Y.A.Komenskinin pedaqoji əsərləri daha ciddi tədqiqat obyektinə çevrilir. 40-cı illərdə Azərbaycan DETMİ tərəfindən pedaqoji klassiklərin əsərlərinin Azərbaycan dilində nəşrinə başlanılır. İlk dəfə Y.A.Komenskinin “Böyük didaktika” və “Ana qucağı məktəbi” adlı əsərlərindən parçalar “Didaktik prinsiplər” adı ilə nəşr olunur. Y.A.Komenskinin Azərbaycanda ikinci kitabı 60-cı illərdə işıq üzü görmüşdür.

Y.A.Komenskinin “Seçilmiş pedaqoji əsərləri”nin Azərbaycan dilində nəşri onun zəngin və dəyərli pedaqoji irsini öyrənmək, tədqiq etmək, praktik iş zamanı istifadə etməkdə böyük rol oynamışdır. Keçən əsrin 50-ci illərində Y.A.Komenskinin pedaqoji fikirlərinin dünya əhəmiyyəti nəzərə alınaraq  Çexoslavakiya respublikasında 1956-58-ci illərdə böyük pedaqoqun ilk külliyyatının nəşr edilməsinin 300 illiyinə həsr edilmiş yubiley tədbiri  keçirir. 

Bu kimi tədbirlər Azərbaycanda da Y.A.Komenskinin pedaqoji irsinin, dəyərli nəzəri ideyalarının araşdırılması sahəsindəki tədqiqatlara güclü təkan verdi, bir sıra yeni tədqiqatlar, araşdırmalar meydana gəldi. Bu baxımdan M.Muradxanovun, Ə. Tağıyevin, B.Komarovskinin, Ş.Ağayevin, Ə.Seyidovun, H.Əhmədovun, Y.Talıbovun, F.Rüstəmovun Y.A.Komenski ilə bağlı araşdırmaları mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə Y.A.Komenskinin pedaqoji irsinin Azərbaycanda tədqiqi və təbliğində Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun mühüm xidmətləri vardır. O, 2006-cı ildə nəşr etdirdiyi “Pedaqogika tarixi” dərsliyinə böyük mütəfəkkir haqqında geniş həcmli material daxil etmişdir. Burada Komenskinin ideyaları hər cür sterotiplərdən və ehkamlardan kənar şəkildə zaman və məkan kontekstində təhlil və təqdim olunmuşdur.  Bu il Y.A.Komenskinin anadan olmasının 420 illiyi tamam olur. Yubileyə töhfə olaraq professor Fərrux Rüstəmov Y.A.Komenskinin “Böyük didaktika” əsərini yenidən nəşr etdirmişdir. Bu kitab nəşrə hazırlanarkən Y.A.Komenskinin 1961-ci ildə Bakıda nəşr olunmuş “Seçilmiş pedaqoji əsərləri”ndən istifadə olunmuşdur. Kitab prof. A.Kərimov və prof. M.Muradxanov tərəfindən tərcümə edilmişdir. F.Rüstəmov kitaba “Y.A.Komenskinin həyatı, yaradıcılığı və pedaqoji irsinin Azərbaycanda yayılması” adlı iri həcmli ön söz yazmışdır. Burada Y.A.Komenskinin həyat və yaradıcılığının ən mühüm məqamları təhlil və tədqiq olunur, onun dünyagörüşündəki ən mühüm məqamlar araşdırılır, irəli sürdüyü nəzəri ideyalar, didaktik görüşləri sistemləşdirilir. Bununla yanaşı həm də mütəfəkkir alimin irsinin Azərbaycanda pedaqoji elmin inkişafına təsir imkanları səciyyələndirilir. Azərbaycanlı tədqiqatçıların Komenski ilə bağlı əsərləri xatırlanır.

Diqqəti cəlb edən cəhətlərdən biri də Y.A.Komenskinin dünyagörüşünün əsas mənbəyi olan dini ideyaların araşdırılmasıdır. F.Rüstəmov əsaslı dəlillərlə sübut edir ki, Y.A.Komenskinin dünyagörüşü üç qatdan ibarətdir: xristianlıq, İncil və antiklik. Komenski ilahiyyatçıdır, öz pedaqoji təlimini də ilahiyyat mövqeyində yaratmışıdr. O, əbədiyyətə hazırlığın üç mərhələsini göstərir: özünüdərk, özünüidarə və allaha doğru cəhd. Y.A.Komenskinin “Böyük didaktika” əsərinin latın qrafikası ilə yenidən nəşri Azərbaycan pedaqoji elminə dəyərli töhfədir. Yan Amos Komenski öz əsrinin oğlu olsa da, ölməz ideyaları, bu ideyaların əks olunduğu misilsiz qiymətli əsərləri ilə bu gün üçün də gərəklidir, aktualdır.

Əmrulla PAŞAYEV,
pedaqoji elmlər doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında