Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir.
Müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişaf istiqamətləri haqqında söz açarkən, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olduğunu dəqiq görmək mümkündür. Müstəqillik qazandıqdan sonra yeni cəmiyyət quruculuğunun sivilizasiyalı, demokratik modellərin axtarışı prosesində, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiya geniş miqyas almışdır. İqtisadi sferadan tutmuş sosiumun bütün sahələrində müşahidə olunan inkişaf tendensiyası dövlətimizin gələcəyi ilə bağlı nikbin tərzli fikirlərin yaranmasına səbəb olur. Qısa bir müddət ərzində müstəqil ölkəmizin yüksək nailiyyətlər əldə etməsi, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, gündən-günə əhalinin maddi rihafının yüksəlməsi və qarşıya qoyulan digər zəruri məsələlər Azərbaycan Respublikasının tərəqqi indikatorları qismində çıxış edir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, ölkə Prezidenti tərəfindən imzalanan sərəncam və fərmanlar müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Təbii ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan biz mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunacağıq.
Əvvəlcə bir zəruri məsələni dərindən dərk etməliyik ki, müasir təhsil nə deməkdir və cəmiyyətdə inkişaf stimulu yaradan bu sistem nəyə xidmət edir? Bu zəruri sahənin incəliklərini və sonrakı perspektiv imkanlarını araşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında Qanunun ilk müddəasına nəzər yetirmək kifayətdir: “Bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olun- muş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır”.
Bu, təkzibolunmaz həqiqətdir ki, hazırda ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür. Bütün bunları nəzərə alaraq yəqinliklə deyə bilərik ki, təhsil:
- Cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir; intellektual potensialı formalaşdırır;
- xalqın ümidli gələcək sferasını yaradır;
- yoxsulluğu aradan qaldırır və xalqın rihaf halını yaxşılaşdırır;
- hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır;
- vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir;
- fərdin və ya kollektivin ümumi inkişafını təmin edir;
- milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir;
- insan kapitalını formalaşdırır və sair.
Göründüyü kimi, təhsil sektoru həm sosiumun, həm də dövlətin əsas, aparıcı sahələrindəndir və onun inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran vacib prioritetlərdən biridir.
Əlbəttə, müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün bundan öncə infrastruktur işləri tamamilə tənzimlənməli və yekunlaşdırmalı, müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, nəhayət, güclü elmi-pedaqoji kadrlar formalaşdırılmalıdır. Prezident İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimindəki çıxışında demişdir: “...Təhsil prosesi lazımi səviyyədə təşkil edilməmişdirsə, tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik qazanmağa nə qədər can atsalar da, nəticə əldə etmək çətin olacaqdır. MDU-nun Azərbaycandakı filialı çərçivəsində biz tədrisin səviyyəsinin yüksək olduğunu, habelə gənclərin biliklərə can atdığını görürük”.
Yalnız bu zəruri keçid mərhələlərindən sonra artıq təhsildə keyfiyyət dəyişikliklərinin baş verəcəyini gözləmək mümkündür. Çünki təhsil elə bir mürəkkəb struktura malik olan bir sahədir ki, bura yatırılan investisiya bir neçə mərhələdən sonra öz müsbət nəticəsini verməyə başlayır. Bu səbəbdən, müasir təhsilin dünyəvi elmi-pedaqoji çərçivədə inkişaf etdirilməsinin müəyyən qədər zamana ehtiyacı var. Müstəqilliyimizin ilk dövrünü yaşayan Azərbaycanın təhsil sisteminə yetərincə ciddi zərbələr dəymiş və demək olar ki, bu sahədə özfəaliyyətə geniş yer verildiyinə görə arzuolunmaz böhranlı məqamlar hökm sürmüşdür. Xüsusilə ali məktəblər əvvəlki simasını itirmiş, respublikada hökm sürən hərc-mərclik ali təhsil sisteminə daha ağır zərbə vurmuşdur. Elm və təhsil müəssisələrində təlim-tərbiyənin rəhni olan nizam-intizam pozulmuş, ali məktəblərin maddi-texniki bazası insafsızcasına dağıdılmış, təhsil alan tələbə-gənclər ayrı-ayrı başıpozuq qüvvələr tərəfindən siyasi məqsədlər üçün bir vasitəyə çevrilmişdir. Mövcud ali təhsil ocaqlarının yetərincə maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə hesablanmış təhsil strategiyasının bitkin şəkildə reallaşdırılmaması bu zəruri sferanın vəziyyətini bir qədər də ağırlaşdırmışdı. Respublika daxilində gedən çəkişmələr, bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməyən adamların yüksək dövlət vəzifələrinə soxulması və onların özbaşınalığı, ümumi fəlakət vahiməsinin yaradılması və formalaşmayan emasional cəmiyyətdə sabaha inamsızlıq toxumunun səpilməsi, şagird və tələbə- lərin bir çoxunun təhsildən yayınıb daha çox alverə qurşanması bu sahənin tənəzzülünə zəmin yaratmışdı. Lakin ölkənin bütün sahələrində olduğu kimi, təhsil sferasında da inkişaf prosesi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunmağa başladı. Ümummilli liderin: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” məntiqi fikri bu sferanın əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynadı. Təhsilin strateji sahə kimi tərəqqisi üçün hər il büdcədən artımlı maliyyə ayırmaların verilməsi və müvafiq addımların atılması təhsilin keyfiyyətini günü-gündən yüksəldirdi. 1993-cü ildən 2003-cü ilə qədər bu sahədə ciddi irəliləyişlər baş versə də, lakin həlli zəruri olan müəyyən problemlər hələ də mövcud idi.
2003-cü ildən başlayaraq, ümumiyyətlə Azərbaycanda başlanmış modernləşmə siyasəti təhsil sektorunun da inkişafına əlavə təkan verdi. Təhsil sferasına dövlət büdcəsindən ayrılmalar 2 milyard manata qədər artırıldı, bu sahəyə qoyulan investisiyaların həcmi 300 milyon manata çatdırıldı. Həmçinin, təhsil sisteminin inkişaf etdirilməsi üçün respublika Prezidenti tərəfindən müxtəlif dövlət proqramları və sərəncamlar imzalandı. Belə ki, ölkədə bütün təbəqələr üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilatı-hüquqi və tədris metodiki şəraitin yaradılması və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması məqsədilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi” (2007-2010-cu illər) Dövlət Proqramı imzalandı. Eyni zamanda, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunması”na dair (2003-2007), “Məktəb tikintisi” (2008-2013), “Məktəblərin əsaslı təmiri” (2008-2013) və “Ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunması”na dair (2008-2013) inkişaf proqramlarının imzalanması bu sahədə infrastruktur işlərinin başa satdırılması üçün güclü maddi-hüquqi baza formalaşdırdı. Bununla yanaşı, onu da vurğulamalıyıq ki, regionların və Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı imzalanmış proqramların da təhsilin sonrakı inkişafında müəyyən payı vardır.
Prezident İlham Əliyevin müasir təhsil sahəsinin inkişafı üçün verdiyi qərarlar və imzaladığı sərəncamlar, fərmanlar, dövlət proqramları kə- miyyət baxımından yetərincədir. Məqsəd isə birdir: ölkədə keyfiyyətli təhsil sisteminin qurulması və onun müsbət nəticələrinin reallaşdırılması. Elə bunun nəticəsidir ki, artıq 2006-cı ildən başlayaraq indiyə qədər Azərbaycanın müxtəlif məktəbləri PİSA, TİMSS və PİRLS beynəlxalq qiymətləndirmə proqramlarında da fəal iştirak edirlər.
Azərbaycanın gələcəyi baxımından daha çox əhəmiyyət kəsb edən faktorlardan birini də məhz ölkə gənclərinin dünyanın müxtəlif mütərəqqi demokratik dövlətlərindəki nüfuzlu təhsil ocaqlarında təhsil almalarını təmin edən, daha çox ictimaiyyətin diqqətini cəlb edən mövcud Dövlət Proqramı təşkil edir. Bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı gənc müxtəlif tanınmış dünya universitetlərində təhsil almağa göndərilmişdir.
Təhsil sisteminin inkişafının İlham Əliyev dövrünü daha geniş xarakterizə etsək, deyə bilərik ki, müasir Azərbaycanın təhsil sisteminin inkişafı üçün birinci mərhələ – infrastruktur quruculuğu dövrü artiq başa çatmaq üzrədir. Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasının reallaşdırılması nəticəsində qurulan bilik iqtisadiyyatı sayəsində bundan sonra keyfiyyət göstəriciləri daha da yük- səlməyə doğru gedəcək və bu sahəyə qoyulmuş investisiya öz müsbət bəhrəsini verəcəkdir. Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumdakı çıxışında təhsilin zəruriliyini xüsusi vurğulayaraq demişdir: “...Cəmiyyətlərdə, xüsusilə inkişaf etməmiş ölkələrdə təhsilin səviyyəsi mühüm rol oynayır. Biz Azərbaycanda bu sahəyə böyük diqqət göstəririk. Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir”.
Prezidentin köklü məntiqə əsaslanan bu müddəaları təhsilin cəmiyyətdəki zəruriliyini və durmadan inkişafını bir daha təsdiq edir.
Bütün bunlarla yanaşı, müasir təhsil sistemində təkzibolunmaz inkişafla bərabər həlli mümkün olan problemlər də mövcuddur. Lakin müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür və bundan sonra da olacağı şübhə doğurmur. Çünki dünya çərçivəsində elmi-texniki tərəqqi inkişaf etdikcə, müasir təhsil sisteminin də bu sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən, sivilizasiya arzusunda olan cəmiyyət dövlətlə birgə təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün birgə işləməli, qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidr. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanın təhsil sektorunda inkişaf tendensiyası ilə yanaşı, müəyyən problemlər də vardır.
Əlbəttə ki, bu problemləri təsnifləşdirsək, onların bu sektorun inkişafının ikinci mərhələsinə aid olduğunu görə bilərik. Lakin onların ardıcıllıqla sadalanması və bir daha diqqətə çatdırılması həmin problemlərin təsir gücünün zəiflədilməsinə xidmət edə bilər. Təhsil işçilərinin maaşlarının, hüquqi statusunun yetərincə olmaması, təhsil müəssisələrində müəllim-tələbə (şagird) münasibətlərinin formal xarakter daşıması, kütləvi şəkildə, bir çox hallarda qanunsuz fəaliyyətdə olan repe- titorların şagirdləri məktəb mühitindən uzaqlaşdırması, əsassız olaraq açılmış xüsusi hazırlıq kurslarının valideynləri xərcə salması və sair məsələlər, təəssüflər olsun ki, hələ də qalmaqdadır. Ən xoşagəlməz hal da ondan ibarətdir ki, söylənilən problemlər üzrə vəziyyət daha da kəskinləşməyə doğru gedir ki, bu da ortaya fərqli nüansların çıxmasını şərtləndirir.
Qeyd edək ki, artıq Azərbaycanda ali və ümumtəhsil məktəbləri əhatəli düşüncə qabiliyyətinə, bacarıq imkanlarına malik olan, əsaslandırılmış məntiqi baxışlarını ortaya qoya bilən güclü təfəkkür daşıyıcıları yetişdirməlidirlər. Gələcə- yimiz olan şagirdlərin (tələbələrin) əsaslı şəkildə təhsil almaları üçün vətənpərvər və peşəsini həqiqətən sevən, xalqına müzayiqəsiz xidmət göstərəcək elmi-pedaqoji kadrlar hazırlanmalıdır. Şagirdlərə dərsliklərin pulsuz verilməsi məsələsi isə tamamilə şəffaflaşdırılmalıdır ki, insanlar arasında fərq qoyulmasın və vətəndaşlarda narazılıq hissləri formalaşdırmasın. Həmçinin, o da vurğulanmalıdır ki, cəmiyyətdə 12 illik ümumtəhsil sisteminə keçidlə bağlı müəyyən rəylər formalaşmaqdadır. Artıq bu gündən başlayaraq, təhsil sahəsinə məsul olan bütün qurumlar təbliğat işlərinə başlamalı və yeni sistemin üstün cəhətlərini, fərqlərini aydınlaşdırmalıdırlar. Ən azından cəmiyyət bilməlidir ki, lüzumsuz repetitorluğu aradan qaldıracaq, şagirdləri hazırlıq kurslarından məktəbə qaytaracaq bu sistem bütünlükdə elektron təhsilalmanı aktuallaşdıracaq. İstifadə olunacaq bütün fənlər üzrə dərsliklər və dərs vəsaitləri elektron qaydada olmalıdır ki, imkansız ailələrin də övladları ümumi tədris prosesindən kənarda qalmasınlar. Hər bir Azərbaycan vətəndaşına aydındır ki, Avropaya inteqrasiya siyasətini reallaşdıran Azərbaycan cəmiyyətin bütün sahələrindəki göstəriciləri mütərəqqi dövlətlər səviyyəsinə çatdırmalıdır. Milli səviyyədə təhsilin inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyənləşdirilməlidir ki, tərəqqi prosesi kortəbii olmasın. Yəni, yaxın perspektivdə Azərbaycan təhsili qarşısında bir sıra vəzifələr durur ki, onların həyata keçirilməsi keyfiyyət dəyişikliklərinə real təkan verə bilər:
Birincisi, Azərbaycanda da tədqiqatlara və innovasiyalara ÜDM-dən ayrılmalar 3 faizə çatdırılmalıdır. Hazırda Azərbaycanda bu rəqəm 2 faiz təşkil etdiyi halda, dünyanın bir sıra ölkələrində – məsələn, Belçikada, Avstriyada, Finlandiyada, Almaniyada, Danimarkada və digər mütərəqqi Avropa ölkələrində göstərici 3 faizdən yüksəkdir.
İkincisi, ümumtəhsil məktəblərini bitirmiş məzunların 40 faizinin ali məktəblərə qəbul olunması göstəricisi yetərincə yüksəldilməlidir. Hazırda bu rəqəm Azərbaycanda 30 faiz təşkil etdiyindən çox ciddi narahatlıq doğurur və bu gün ən zəruri problem kimi aktuallıq kəsb edir.
Üçüncüsü, xaricdə təhsil alan gənclərimizin sayını dəfələrlə artırmalıyıq. Bununla, onların elmi-pedaqoji potensialından ölkəmizin təhsil sahəsindəki problemlərinin həllində istifadə etmək mümkündür. Bununla biz ölkəmizdə təhsilin köklü inkişafına nail ola bilərik.
Dördüncüsü, müəllimlərin peşəkarlığının artırılması üçün daha yeni elmi-metodiki proqramlar hazırlanmalı, həm də tezliklə reallaşdırılmalıdır. Müasir təhsil sisteminə yeni baxışlı, fəal/interaktiv təlimi tətbiq edə biləcək elmi-pedaqoji kadrların hazırlığına xüsusi diqqət yetirilməlidir. Xüsusilə, dəqiq elmlər (riyaziy- yat, kimya, biologiya və sair) üzrə təcrübəli mütəxəssislərin (professor, dosent) yetərli sayda olmaması (getdikcə sayca tükənməsi) sonrakı təhsil illəri üçün ciddi problemlər yarada bilər.
Beşincisi, təhsil islahatının strateji əhəmiyyətli problemlərindən biri də magistratura və doktorantura pilləsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, onların sonrakı taleyinin aydınlaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, ali təhsilin ikinci pilləsini təşkil edən magistratura, onun məzmunu, forması, elmə xidmət edib - etməməsi hələ də açıq qalır. Bu sahəyə daha çox magistr diplomu həvəskarları meyl edirlər ki, bu da sonrakı təhsil pilləsində doktorant dərəcəli elmi-pedaqoji kadrların hazırlanmasına imkan yaratmır.
Ali məktəblər həm də elmi mərkəz statusuna malik olduğuna görə kafedraların tədqiqat mənbəyi kimi əhəmiyyəti böyükdür. Bu gün müasir təhsil metodları, fəal/interaktiv təlim üsulları onun funksiyasını bir qədər də artırır. Həm- çinin, elmi-tədqiqat laboratoriyalarının və ayrı-ayrı bölmələrin aqibəti hələ də müəy- yən edilməmişdir. Bizə elə gəlir ki, bu sahədə ayrıca bir qanunvericilik aktına ehtiyac duyulur. Bu məsələnin necə həll edilməsindən asılı olmayaraq, hər bir ali məktəb təhsillə sintezdə olan elmi mərkəz funksiyasını da qoruyub saxlamalı, elmi-tədqiqat institutları arasında qırılmaz əlaqə yaradılmalıdir.
Aydındır ki, təhsil sahəsindəki irili-xırdalı problemlər mövcuddur. Lakin mövcud olan problemlər vaxtında həll edilməlidir ki, ali təhsil sferasında keyfiyyət göstəricilərinin sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun. Bununla da, ölkədə insan kapitalının formalaşdırılması prosesi davamlı xarakter alsın.
Respublika Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: “Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi biz o saat müsbət dinamika görürük...Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir...”
Nizami XUDİYEV,
filologiya elmləri doktoru,
professor, əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.